Lənkəran Dövlət Universitetində (LDU) Xocalı faciəsinin  32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”  mövzusunda konfrans keçirilib.

 

LDU-nun  rektoru professor  Natiq İbrahimov  Azərbaycan tarixinin ən ağrılı  və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını bildirib. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirən professor N.İbrahimov qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb.

 

“Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir”-deyə rektor qeyd edib.

 

LDU-nun tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”  mövzusunda məruzə edib. Məruzədə Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, ibrət dərsləri, Ulu öndər Heydər Əliyevin Xocalı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti və s. barədə ətraflı  söz açılıb.  Bildirilib ki, Ulu öndər Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlayıb.

 

Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Afaq Qasımova, tarix və onun tədrisi metodikası kafedrasının dosenti Müşfiq Bayramov çıxışlarında bildiriblər ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib və bu bağışlanmaz bəşəri cinayətdir. Bildirilib ki,  Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

 

Tədbirin sonunda  Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxış olub.