İnsanlığın ən böyük dəyəri ünsiyyətdir. Cəmiyyətin unikallığı və gözəlliyi insanların xoş rəftarından yaranır. Belə münasibətlərin pozulması bəşəriyyətin tarixi boyu insanları narahat edib. Ona görə də insanların tərbiyə edilməsi ön planda olub. Bu gün də belədir. İnsan əməyini yüngülləşdirən texnologiyalar inkişaf edir. Cəmiyyət, bütövlükdə həyat gözlərimizin qarşısında dəyişir. Bütün bunların fonunda insanların maraq dünyasında da müxtəlifliklər əmələ gəlir. Və bütün hadisələr də bu maraq və münaqişələr üzərində baş verir. Övladlarımızın hərəkətlərindəki çatışmazlıqlar, əxlaqa uyğun olmayan xoşagəlməzliklər də məhz elə bu əsasdan qaynaqlanır.

 

Belə hadisələr niyə baş verir? Kimdir müqəssir? Ailəmi? Məktəbmi? Bütövlükdə cəmiyyətmi? Söz yox ki, burada hər kəsin payı var.

 

Bu əxlaqa zidd davranışlar nədən qaynaqlanır?

 

Heç şübhəsiz, ailə, onun yaratdığı mühit bu mənfiliklərin başlanğıcında dayanır . Biz bu reallığı qəbul etməli, fəaliyyətlərimizi ona doğru yönəltməliyik.

 

Fikrimcə, ailələrdə tərbiyənin bütöv bir sistemi vardır ki, uşaqların inkişaf etdirilməsində o həlledici rol oynayır. Qalan ətraf təsirlər ikinci dərəcəli rola malikdir. Əlbəttə, nümunəvi, normal hesab etdiyimiz  ailələrimiz çoxdur və onlar cəmiyyətimizin bəzəyini təşkil edir. Lakin elə ailələrimiz də vardır ki, onlara əxlaqi-mənəvi cəhətdən, uşaqların tərbiyəsinin inkişaf etdirilməsi baxımından yardım göstərmək, dəstək vermək lazımdır. Bunu kim etməlidir? Təbii ki, bu suala cavab vermək çətindir. Nə qədər ki, bu sualın cavabı tapılmayıb, beləcə, şahidi olduğumuz hadisələrin sayı azalmayacaq.

 

 

Ənvər ABBASOV,

BSU-nun prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim