Naibə Yusubova: “Hekayəmin qəhrəmanı şagirdim şəhid Sərdar Sadıqovdur”


Yetirmələrinin uğurlarını  görəndə sevinir; aylarla, illərlə çəkdiyi əziyyətin ağırlığını tamamilə unudur; yenidən doğulur; nə qədər yaşlansa belə, böyük coşqu ilə həyata bağlanır.  Yarımçıq qalmış şəhid ömürləri isə onun qəlbində sağalmaz izlər buraxır. Hər dəfə sinfə girəndə özündən asılı olmadan gözləri şəhid partasına dikilir, amma hissə qapılmır, ixtiyarını əldən vermir, çünki qarşısında oturanlar gələcəyin alimləri, şairləri və bəlkə də, qismətinə şəhidlik yazılanlardır...

 

Söhbət şərəfli müəllim ömrü yaşayan Şirvan şəhər 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Naibə Yusubovadan gedir.

 

Naibə müəllim deyir ki, şagirdlərinə ana dilimizin, ədəbiyyatımızın gözəlliklərini, zənginliyini aşılamaqdan zövq alır, onların  yurdsevər, haqqa tapınan həqiqət carçıları kimi yetişməsində payı olduğu üçün rahatlıq tapır. Bəziləri onun xəyallarının yox, əsərlərinin qəhrəmanına çevrilir:

 

- Bu gün “Üşüyürəm, Ana” hekayəmin qəhrəmanı da şagirdim Sərdar Sadıqovdur. Birinci Qarabağ savaşında Vətən qarşısında imtahan vermək üçün könüllü olaraq ordu sıralarına qoşuldu. On səkkiz yaşını səngərdə, iyirmi yaşını isə Şəhid məzarında tamamladı...

 

Naibə Yusubova “şagirdlərimin arasında nə qədər bəxtiyar müəllim idimsə, onlardan ayrı Vətən yaralarını, Xocalı faciəsini köksündə daşıyan bir şair, yazıçı idim” – deyir: -Bax elə bu dərdlər “Zərbə”, “Gülün yarpıza dönsün”, “Gəzən şəhid” romanlarımda dil açdı, qəhrəmanlarımla böyüdü, onlarla ağladı, sevindi, bəzən də yaralara çevrilib qanadı, bütün ruhumu sardı. Amma yenə də bədbinləşmədim, şagirdlərimə yalnız elm yox, həm də yaradıcı ruh verməyə çalışdım.

 

Bu gün mənimlə bərabər ədəbiyyatımıza əvəzsiz töhfələr verən Aqşin Evrəndən, İsa Məmmədovdan, Fəraqi (Allahverdi) Ağayevdən söz düşəndə, sevincim hüdudsuz olur...

 

Dünyanın müxtəlif ölkələrində ali təhsil alan, elmi nailiyyətlər qazanan (Əli Yusifov, Sadiq Niftullayev və başqaları) onlarla həkim, müəllim, hüquqşünas, mühəndis özünü əməlləri ilə təsdiq edən yetirmələrimdir...

 

Təcrübəli müəllimin məktəblilərin fənn olimpiadalarında, inşa müsabiqələrində uğur qazanan şagirdləri də var. Deyir  ki, Elm və Təhsil Nazirliyinin Fəxri   fərmanı ilə təltif olunmağında şagirdlərinin uğurları danılmazdır.

 

Şakir CƏFƏROV