İnsan qəribə varlıqdır. Özü haqqında çox şeyi bilmədiyi halda, başqa həyatlarla maraqlanır. Bəzən söyləyirlər ki, insan psixologiyası inanılmaz dərin bir dəhlizdir. Dərinə endikcə fərqli və bir-birindən maraqlı məlumatlar almaq olur. Psixoloqlar insan psixologiyası ilə  bağlı müəyyən məsələlərə aydınlıq gətirməyə çalışırlar.

       

Bəzən həyatımızın çətin, sıxıntılı, ya da nə edəcəyimizi bilmədiyimiz zamanları olur. Və bu dönəmlərdə psixoloq məsləhətinə daha  çox ehtiyac duyuruq.  Xoşagəlməz bir hadisə yaşadıqda, yaxud bir yaxınımızı itirdikdə sanki dərin bir boşluğa düşürük. Bu zamanlar özümüzlə tək qalmaq və ya təcrübəli insanlardan, xüsusilə psixoloqlardan məsləhətlər almaq daha düzgündür.  

         

Bu yazıda yaşadığımız stresslərdən, psixoloji travmalardan, həyatımızda baş verən xoşagəlməz hadisələrin təsirindən çıxmaq üçün psixoloqların məsləhətlərini diqqətə çatdırmaq istərdik:

 

1. Düşüncələrinizi yazın

İnsanın özünü ən yaxşı ifadə etməsi yolu öz içindəkiləri ağ kağız üzərinə tökməsidir. İçinizdən keçənləri yazmaq, özünüzü yazılı olaraq ifadə etməyiniz sizin mənən sakitləşməyinizə,əsəblərinizin keçməsinə və daha sağlıqlı düşünməyinizə səbəb olacaq. 

 

2. Çox stressli olduğunuz  zamanlarda belə pozitiv tərəf tapmağa çalışın 

Stressli olduğunuz zaman belə,  yaxşı bir şey düşünün. Məsələn, həmin vaxt elədiyiniz işi bitirməyin sizin üçün nə qədər faydalı olacağını düşünüb özünüzü motivasiya edin. 

 

3. Gəzintiyə çıxın

Bəzi vaxtlar sizi sıxan, darıxdıran , yoran  nələrinsə və yaxud hansısa  baş verən xoşagəlməz hadisənin təsirindən bir az  uzaqlaşmağa çalışın. Hava almaq sizə yaxşı təsir göstərə bilər. Düzənli olaraq gəzintiyə çıxmağınız, təmiz havada gəzməyiniz beyninizi sakitləşdirə və stresslə mübarizə aparmağınıza kömək edər. 

 

4. Neqativ düşüncələri yox saymayın

Bizlərin az və ya çox dərəcədə sahib olduğu neqativ düşüncələr həyatımızı mənfiyə  dəyişdirən faktorlardan biridir. Bu düşüncələr sizi bitirməsin deyə onları yox saymayın. Mənfi düşüncələri qəbul edin, amma  bir şərtlə ki, onların sizin həyatınıza təsir etməsinə icazə verməyin. 

 

5. Yaxınlarınızın siyahısını tutun

Yəqin  razılaşarsınız ki, hər birimizin həyatında yaxşı anladığımız, içimizi ona açdığımız, çətin anlarımızda “məni daha yaxşı o anlar!”- söylədiyimiz insanlar var. Bu insanların siyahısını tutun. Və beləcə həyatda yalnız olmadığınızı hiss edərsiniz. Yanınızda önəmli birilərinin olmasını  və sizin də biriləri üçün önəmli olduğunuzu hiss etmək sizə hər zaman yaxşı gələcək. 

 

6.Mənfi bir düşüncəyə ilişib qalanda həyatınızdakı 2 şeyi xatırlayın  

İnsan mənfi düşüncələrlə tək qalanda həyatındakı şükür edilməli olan şeyləri çətin xatırlayır. Hər kəsin həyatında uğursuzluqlar, yaxşı və xoş olmayan hadisələr var. Ümidsizliyə qapılanda, yenə də vaxtınızdan  5 dəqiqə ayırıb həyatınızda  olan iki önəmli şeyi kağıza yazın. Əmin olun ki bundan sonra yaxşı olacaq və şükür etməli olduqlarımızı  xatırlamağımıza səbəb olacaq. 

        

Psixoloq  Kasi Hovard gərginlik keçirdiyiniz zamanlarda sahib olduğunuz gözəl şeylərin siyahısını tutmağın stressi azaltdığını və insanı neqativ düşüncələrdən uzaqlaşdırdığını bildirir.

 

7. Özünüzü gərgin hiss edəndə, "ən pisi nə ola bilər ki?"- sualını verin

Bəzən  narahatlıqlarımıza ilişib qalır, özümüzü stressə salırıq. Bu zaman özünüzə "ən pisi nə ola bilər ki ?"-sualını verin. Bu sualdan sonra artıq ən pis ehtimal belə sizi qorxutmayacaq. 

 

8.Yuxu rejiminizi pozmayın

 Yaxşı və düzənli yuxu ruh sağlığımız üçün ən önəmli faktordur. Buna görə də heç vaxt yuxu rejiminizi pozmayın. 

 

9.Ağlamaq istəyəndə ağlayın

Gülüşün ömrü uzatdığı və sağlamlığa xeyirli olduğu dəfələrlə qeyd edilib. Həmçinin ağlamaq da insana xeyir edir. Bəlkə də sizə qəribə görünə bilər. Amma gərgin olduğumuz  zaman bir az ağlamaq, göz yaşı axıtmaq, həqiqətən də  insana sakitləşməyə kömək edir. Ağlamaq sanki  bir təbii sakitləşdirici dərman kimidir. Ona görə də insanlar ağladıqdan sonra yatmaq istəyirlər. Çünki bədən artıq  sakitləşir. Bu, psixoloji məsləhətlər arasında ən vacibidir.

    

Samirə KƏRİMOVA