Müəllim, valideyn, psixoloq yanaşması


Məktəb mühiti uşaqların həyatında yeni bir mərhələdir. Əksər uşaqlar səbr və həyəcanla məktəbə gedəcəyi, məktəbli statusu alacağı günü gözləyirlərsə, bəziləri də bunu qorxu və həyəcanla qarşılayırlar. Elə şagirdlər də var ki, ilk dərs gününü həyəcanla gözləsələr də, həmin gün çatdıqda dərs zamanı müəllimlərindən çəkinir, hər zaman onların yanında olan valideynlərindən ayrıla bilmirlər. Belə hallarda bəzi valideynlər dərs bitənə qədər sinif otağında əyləşmək məcburiyyətində  qalırlar.

 

Mövzu ilə bağlı müəllim, valideyn və psixoloqların yanaşması necədir?

 

287 nömrəli Zəkalar liseyinin ibtidai sinif müəllimi Adilə Əliyevanın fikirlərini dinləyək: “Təcrübəli bir müəllim kimi qeyd edərdim ki, belə hadisə ilə 5-10 il öncə daha çox qarşılaşırdıq. Valideynlərindən göz yaşları ilə ayrılan şagirdlərin məktəbə adaptasiyası çox çətin idi. Son dövrlərdə uşaqlar məktəbəhazırlıq qruplarına cəlb edildiyi üçün indi belə hallarla çox az rastlaşırıq. Hazırda birinci sinifdə dərs deyirəm və bu il demək olar ki, sinfimdə  adaptasiyası çətin olan şagirdlərim yoxdur. Hətta bu il sinifdə maraqlı bir hadisənin şahidi olduq. Şagirdimin ağlayaraq valideynlərə əsəbi baxışlarla baxdığını görüb səbəbi ilə maraqlandım. O valideynlərin şəkil çəkdirməsinə etiraz edərək çıxıb getmələrini, dərsə tez başlamağı istəyirdi.  40 illik təcrübəmdə ilk rastlaşdığım vəziyyət idi. Deməli, bu uşaqda məktəbə, dərsə öncədən necə maraq yaranıbsa, tez bir zamanda təlim fəaliyyətinə başlamaq həvəsindədir”.

 

Adilə müəllim qeyd edir ki,  məktəbə getmək istəməyən, adaptasiyada çətinlik yaşayan uşaqlara valideynlərin sərt yanaşması onlarda məktəblə bağlı xoş olmayan düşüncələr yarada bilər, bu da məktəbə uyğunlaşma prosesinə mənfi təsir göstərir. Bu prosesdə müəllimlərlə yanaşı, valideynlər də dəstək olmalıdır. Məktəbəqədər yaş dövründə valideynlər uşaqları ilə zaman-zaman məktəb, sinif, müəllimlər, dəftər-kitab haqqında evdə söhbətlər aparmalıdırlar. Bildiyimiz kimi, məktəb mühiti uşaqları müəyyən nizam-intizam qaydalarına dəvət edir. Bəzi uşaqlar isə bu qaydalara riayət etməkdə çətinlik çəkirlər. Valideynlər çalışmalıdır ki, uşaqlar məktəbdə bəlli saatda dərsə getmək, tapşırıqlarını həll etmək, öyrənmək üçün zamanlarını düzgün tənzimləsin. Həmçinin müəllimlə şagird arasında elə münasibət olmalıdır ki, uşaq müəllimi sevdiyi üçün məktəbə böyük bir həvəslə getmək istəsin.

 

 

Məktəbəqədər hazırlıq şagirdin məktəbə daha tez uyğunlaşması üçün əhəmiyyətlidir

 

Valideyn Arzu Səmədova övladını birinci sinfə rahatlıqla yola saldığı üçün çox sevinir:

 

- Düşünürdüm ki, aradan yay tətili keçib, ilk gün ağlaya bilər. Səhər birlikdə məktəbə getməyə hazırlaşanda hiss etdim ki, narahat olmağa heç bir əsas yoxdur. Oğlum Hüseyn rahat şəkildə gedib şagirdlərlə bir  sırada durdu, daha sonra da sinfə daxil oldular. Keçən il məktəbəqədər hazırlığa başlayanda, oğluma məktəbdə yeni dostlarının olacağını, orada yeni şeylər öyrənəcəyini deyirdim. Bağçaya getməyi o qədər sevməsə də, məktəbəqədər hazırlığa getməyə çox həvəsli idi, özü də  hər gün dərs saatını gözləyirdi. Məncə, məktəbəqədər hazırlıq şagirdin məktəbə daha tez uyğunlaşması üçün əhəmiyyətlidir. Tədris ili başlayalı bir neçə gündür, oğlum məktəbə problemsiz, böyük bir həvəslə gedir. Ötən il hərfləri öyrəndikləri üçün ev tapşırıqlarını da həll etmək onun üçün rahatdır.

 

“Uşaqlara düzgün yanaşmaq zəruridir”

 

Uşaqların məktəbə adaptasiya olunması ilə bağlı “Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasovanın da fikirlərini öyrəndik:

 

- Məktəbə yeni başlayan uşaqlar müəyyən bir mərhələdən keçdiyi üçün müəllimlər, xüsusilə də valideynlər diqqətli olmalıdırlar. Uşaqlardan məktəb təəssüratlarını soruşarkən  onlardan məktəbdə özünü necə aparması, hər gün neçə qiymət alması, lövhəyə çıxması kimi suallar verilməməli, onlarla məktəbdə  özlərini necə hiss etməsi, narahatlıqları, onlara xoş gələn məsələlər ətrafında söhbətlər aparılmalıdır. Çalışılmalıdır ki, uşaqlar öz hisslərini paylaşsın, fikirlərini ifadə etsinlər. Valideynlər övladlarını dinləməyi bacarmalı və onların duyğularını bilməlidirlər. Söhbət zamanı valideynlər də  hər kəsin bu dövrdən keçdiyini, hətta öz məktəb illəri ilə bağlı təəssüratlarını danışması uşaqlara yaxşı təsir göstərə bilər. Həmçinin yoldaşları ilə münasibət də onlarda uyğunlaşmaya müəyyən təsir göstərmiş olur. Valideyn dostlarına qarşı dostluq münasibətlərinin yaranması üçün müəyyən fikirlər aşılamağa çalışmalıdır. Məsələn, məktəbdən geri dönüş zamanı sinif yoldaşları ilə dost ola bilməsi, yoldaşlarından kömək istəməsi və ya neçə yoldaşına kömək etməsi kimi suallar da müəyyən qədər onlara yaxşı təsir etmiş olur.

 

Uşaqlarda adaptasiya dövrü adətən 2 həftəyədək  çəkir. Bu müddət hətta 6 ayadək davam edə bilər. Lakin bu, daha artıq müddət davam edərsə və düzgün müdaxilə edilməzsə, bu zaman mütləq şəkildə psixoloq məsləhətinə ehtiyac duyulur.

 

Psixoloq  qeyd edir ki, birincilərdə valideynlərindən ayrı qalmaq qorxusu onların adaptasiya olunmasına çətinlik yaradır: “Onlar elə düşünürlər ki, valideynlər uşaqları məktəbə qoyur, ancaq geri qayıdıb götürməyəcəklər. Belə olduqda təklif edərdik ki, ana övladına öz şəxsi əşyasını saxlamaq üçün versin. Bu zaman onlarda ananın geri gələcəyinə, onu götürəcəyinə qəti inam hissi yaranmış olur”.

 

Məktəb təkcə dərs oxumaq, yazmaq  üçün deyil, həm də orada cəmiyyətin əxlaq qaydalarını öyrənmək, onlara əməl etmək üçün bir mühitdir. Bunun üçün də uşaqlara nizam-intizam qaydalarını əvvəlcədən aşılamaq lazımdır.

Məsələn, yoldaşından icazəsiz qələmini götürmək olmaz. Sinif otağında yerə əşyaları tullamağın düzgün olmadığını əvvəlcədən öyrətmək zəruridir ki, artıq bu ifadələri müəllimdən eşitdikləri zaman sıxılmasınlar. Çalışılmalıdır ki, uşaqlar tələbatlarını özləri həll etsinlər. Tapşırıqları həll etməyin vacibliyini dərk etsin, çantalarını özləri yığıb hazırlasınlar.

 

Hər bir valideyn övladının adaptasiya olunmasında onlara mane olan, çətinlik yaradan səbəbləri öyrənməli, müdaxilə etməyə çalışmalıdır. Unutmayaq, hər bir uşaq individualdır, məktəbə adaptasiya müddəti, səbəbləri, problem və həll yolları fərqli yanaşma tələb edir. Məktəb mühiti uşaqlar üçün həyatın əsas  və vacib sahəsi olduğu üçün bu yolda onlara düzgün yanaşmaq zəruridir.

 

Nəzrin SEYİDƏLİYEVA