Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri keçirilir


Suda boğulma təsadüfi ölüm hallarının əsas səbəblərindən biridir. Statistikaya əsasən, hər il dünyada 150000-dən çox bu növ ölüm hallarına rast gəlinir.

 

Kişilər arasında boğulma riski qadınlarla müqayisədə 6 dəfə çoxdur. Dəniz sahili, göllər, çaylar, kanallar, suvarma qurğuları suda boğulma hadisələrinin baş verdiyi əsas yerlərdir.

 

Bu halların qarşısının alınması ilə bağlı insanlar arasında mütəmadi maarifləndirmə işləri aparılmalıdır.

 

Ekspertlər hesab edirlər ki, boğulma hallarının əsas səbəblərindən biri insanların ehtiyatsızlığıdır. Belə ki, onların hava şəraitini düzgün seçməməsi, qanunsuz çimərliklərə üz tutmaları boğulma faktlarını artırır.

 

Yay mövsümündə, xüsusilə, rayonlarda bəzən insanlar təhlükəsizlik qaydalarına riayət etmədən su kanallarında çimirlər. Onların əksəriyyəti isə uşaqlar və azyaşlılardır. Təəssüf ki, təhlükəsizlik tədbirlərinə əhəmiyyət verilməməsi boğulma halları ilə nəticələnir.

 

Əlbəttə ki, bu məsələdə valideynlərin məsuliyyəti böyükdür. Valideynlər  uşaqları nəzarətsiz buraxmamalıdırlar. Onların kənarda olması bədbəxt hadisələri qaçılmaz edir.

 

Nəzərə almalıyıq ki, Azərbaycan Xəzər dənizi sahilində yerləşir, eyni zamanda, ölkəmizdə göllər, çaylar var. Bu səbəbdən də məktəblərdə şagirdlər arasında üzgüçülüyə marağın artırılması ilə bağlı maarifləndirici söhbətlərın aparılması daha məqsədəuyğundur.

 

Məsələn, bəzi Avropa ölkələrində üzgüçülük məcburi dərs kimi tədris olunur. Uşaqlar arasında bu idman növünü vərdiş halına gətirmək, onlarda üzgüçülük bacarıqlarını erkən yaşlardan formalaşdırmaq onların həm fiziki sağlamlıqları, həm də təhlükəsizlikləri üçün vacibdir. Ən azından suda necə davranmaq lazım olduğunu biləcəklər.

 

Çox zaman valideyn nəzarətindən kənar qalan uşaqlar ehtiyatsızlıqdan su kanallarına düşərək boğulurlar. Ölümlə nəticələnən bu halların baş verməməsi üçün su kanallarının ətrafına sədd çəkilməsi və nəzarətin gücləndirilməsi vacibdir.

 

Bizdə əksəriyyət su kanalları layihələri əsasən açıq tipli, beton kanallardır. Suvarma kanallarının kənarlarına beton piltələr döşənir, kənarları ot örtüyü olduğundan sürüşkən olur. Ona görə də, kanallarda çimən insanlar boğulma təhlükəsi ilə üzləşirlər və bəzən ölüm qaçılmaz olur. Həmin su kanallarında üzmək çox təhlükəlidir.

 

Regionlarda yaşayan sakinlər bu cür su hövzələrində dincələrkən, üzərkən düzgün yer seçməli, təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Çünki ani bir diqqətsizlik ölümlə nəticələnə bilər.

 

Su kanallarında, o cümlədən, çaylarda, göllərdə batan şəxslərlə bağlı hər il çoxlu xəbər oxuyuruq.  Belə boğulma halları adətən eyni ərazilərdə təkrarlanır. Onların qarşısını almaq üçün maarifləndirmə ilə bərabər, təhlükəsizlik tədbirlərinin artırılması da vacibdir. Boğulmaların təkrarlandığı hissələrdə nəzarətçilərin qoyulması, kanalın məhz o hissəsinə sədd çəkilməsi, “Üzmək qadağandır!” işarələrinin artırılması və s. addımlar atmaq olar. Ümumi konsepsiyanın olması vacibdir ki, bu cür su hövzələrində təhlükələri minimuma endirmək mümkün olsun.

 

Azyaşlıların su kanallarında batması halları isə daha ciddi məsələdir. Çünki bu məqamda birbaşa valideyn diqqətsizliyi böyük rol oynayır. Böyüklərin nəzarətindən kənar qalan uşaqlar daha tez-tez suda boğulma təhlükəsi ilə qarşılaşırlar. Valideynlər yay mövsümündə övladlarına su kanallarında üzməyin təhlükəsini davamlı izah etməli, onları bu fikirdən çəkindirməlidirlər.

 

Çox təəssüf ki, uşaqlarla bərabər elə böyüklər özləri də qaydaları, qadağaları bildikləri halda buna riayət etmirlər. Su kanallarında, göllərdə çimirlər, hətta spirtli içki qəbul edərək günün qaranlıq saatlarında suya girirlər. Belə hallarda bədbəxt hadisələrin olması qaçılmazdır. Ona görə də, insanlarımızı qaydalara riayət etməyə, həyatlarına  qarşı məsuliyyətli olmağa səsləyirik.