Azərbaycan xalqının tarixində əvəzsiz xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin adı gələndə gözlərimiz önündə fenomen bir şəxsiyyət canlanır. Nəfəsi ilə, canı ilə xalqına bağlı bir şəxsiyyət.

 

Elə bir insan  ki, varlığı ilə əsl azərbaycanlı olduğunu, haqqın tərəfində vicdanla dayandığını dəfələrlə sübut edib. Həmişə çalışıb ki, ədalət qalib gəlsin, doğruluq, düzgünlük, haqq öz yerini  tapsın.

 

1973-cü il idi. Düz əlli il bundan əvvəl mən orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdim. Qəbul imtahanlarına ciddi hazırlaşmışdım.

 

İmtahanlar başladı. Yazı imtahanını verdim. Şifahi imtahan günü qəflətən binanın qapılarını bağladılar. Həmin universitetin müəllimlərini içəri buraxmadılar. Xüsusi təyin olunmuş komissiya tərkibi otaqlara daxil oldu. İmtahanı həmin komissiya üzvləri götürdü. Beləliklə, sonrakı imtahanlar da komissiya üzvləri tərəfindən götürüldü.

 

Sonradan məlum oldu ki, bütün bunlar o dövrdə Azərbaycan  KP MK-nın  I katibi Heydər Əliyevin göstərişi ilə şəffaflıq olsun deyə, həyata keçirilib. Ona görə ki, savadlı Azərbaycan balaları kənarda qalmasın, daha çox layiq olanlar qəbul olsun.

 

Bəli, mən də o  gənclərdən biri idim ki, öz haqqımı aldım. Əlbəttə, bu haqqı almaqda  mənə dahi şəxsiyyət Heydər Əliyev kömək oldu.

 

Mən dahi şəxsiyyətlə şəxsən görüşməsəm də, həmişə onun qayğısını hiss etmişəm. Universiteti fərqlənmə diplomu ilə bitirdim. Müəllimlik fəaliyyətimə başladım. Həmişə çalışdım ki, vətənimə, xalqıma vicdanla xidmət edim, ədalətli olum.

 

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da  həmişə müəllimlərə qayğısını hiss etmişəm. Dövlətimizə, dövlətçiliyimizə, xalqımıza şərəf və ləyaqətlə xidmət etməyi Ulu Öndərdən öyrənmişik. İşlədiyim müddətdə Ulu Öndərin həyat yolu həmişə mənə nümunə olub. Bütün varlığı ilə hamıya nümunə olan dahi şəxsiyyətin hər bir əməli, işi unudulmazdır. Hərtərəfli biliyə malik olması, gözəl, səlis, rəvan nitqi, güclü yaddaşı, insanlarla ünsiyyəti əsl nümunədir. Sadə, zəhmətkeş xalqın nümayəndələri ilə səmimi görüşləri, hər kəsin qiymətini verməsi, hər sahədən xəbərdar olması onu insanların qəlbində həmişə yaşadır.

 

Mənim  kimi milyonlarla insanın həyatında müsbət rolu olan Heydər Əliyev həmişə qəlbimizdə yaşayır və yaşayacaq. Özündən sonra elə bir iz qoyub ki, onu Azərbaycan xalqı həmişə xoş xatirələrlə anır  və anacaq.

 

Uzaqgörən dahi şəxsiyyət böyük bir məktəbdir və bu məktəbin layiqli davamçısı möhtərəm İlham Əliyev də Ulu Öndərin yolu ilə gedərək, şərəf və ləyaqətlə xalqına xidmət edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi, düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi.

 

44 günlük müharibə göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin yanındadır,onu dəstəkləyir və Heydər Əliyev siyasi kursuna sadiqdir. Mənfur, qəddar,  insanlıqdan məhrum olan düşmən nə qədər çalışsa da, bizim olanı əlimizdən ala bilməyəcək.

 

İşğaldan azad olunmuş  torpaqlar abadlaşacaq, yenə də barlı, bərəkətli olacaq. Xalqımız o  torpaqlarda şad, firavan yaşayacaq.

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri Azərbaycanın bütün rayonlarında, şəhərlərində, bir sözlə, Azərbaycanın hər bir guşəsində qeyd olunur.

 

Mən çox xoşbəxtəm ki, müstəqil Azərbaycanın müəllimiyəm. İnanıram ki, yetirdiyim şagirdlər Azərbaycanın gələcək həyatında xüsusi rolu olan vətəndaşlar olacaq. Vətənini, xalqını, dilini, dövlətini sevən, onu qorumağı bacaran Ulu Öndər Heydər Əliyev ənənələrini davam etdirən vətəndaşlar olacaq.

 

Məlahət BABAKİŞİYEVA,

Əməkdar müəllim