Gözlənilən nəticələr, qarşıdakı hədəflər


Cari ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı (NASCOXXV) Bakı Ali Neft Məktəbində baş tutmuşdur. Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdan ibarət olmuşdur. Konfrans Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi açılış mərasimi ilə başlamış, panel müzakirə və sessiya ilə davam etmiş, iki gün ərzində keçirilən bölmə iclaslarının nəticələrinin müzakirə olunduğu bağlanış mərasimi ilə sonlanmışdır. Açılış mərasimində nazir Emin Əmrullayev tərəfindən növbəti il elmin inkişafına töhfə vermək üçün, xüsusilə ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın artırılması istiqamətində tədbirlərin görüləcəyi bildirilmişdir. Digər spiker qonaqlar tərəfindən isə xarici təcrübə barədə məlumat verilmiş, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün görülən və planlaşdırılan işlər barədə müzakirələr aparılmışdır. Bu məqsədlə Təhsil İnstitutu tərəfindən göstəriləcək dəstək haqqında elan verilmişdir.

 

Açılış mərasimində təşkilat komitəsinin sədr müavini, ARTİ-nin direktoru Rüfət Əzizovun da öz nitqində qeyd etdiyi kimi, konfransa 453 nəfər tərəfindən ilkin müraciət daxil olmuşdur, onlardan 240 nəfərinə müxtəlif səbəblərə (155 texniki cəhətdən uyğunsuzluğa, 23 plagiata, 62 elmi komitəsinin məqbul hesab etməməsinə görə) görə imtina verilmişdir. Qəbul alan 213 tezisin 16%-i ingilis dilində, digərləri isə Azərbaycan dilində olmuşdur. Konfrans məruzəçiləri 54 müəssisəni (26 yerli ali təhsil müəssisəsi, 21 elmi-tədqiqat müəssisəsi, 5 xarici ali təhsil müəssisəsi, 2 digər müəssisə) təmsil etmişdir. Ən çox tezislərin qəbul aldığı müəssisələr sırasında isə Bakı Dövlət Universiteti (40 tezis), Azərbaycan Dillər Universiteti (27 tezis), Azərbaycan Respublikasının Təhsil İnstitutu (19 tezis), Azərbaycan Dövlət İqtisad Universiteti (8 tezis), Sumqayıt Dövlət Universiteti (8 tezis), İstanbul Universiteti (7 tezis), Qərbi Kaspi Universiteti (6 tezis), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (6 tezis) yer almışdır. Qəbul alan müraciətçilərin 71%-i qadınlardan, 29%-i kişilərdən ibarət olmuşdur.

 

Hər il keçirilən bu elmi konfrans ölkəmizdə elm cəmiyyətinin formalaşdırılmasına xitab edir və bu sahədə fəaliyyət göstərən şəxslərin bir-biri ilə əlaqələrini möhkəmləndirməyi hədəfləyir. Belə ki, müxtəlif elm sahələrindən olan şəxslərin öz sahələrindəki gənc tədqiqatçıların işləri ilə yanaşı, digər sahələrin bölmə iclaslarında dinləyici kimi iştirakı multidissiplinar yanaşma üçün şərait yaratmışdır. Bu, ölkəmizdə müxtəlif elm sahələrinin gücünü birləşdirərək yaranan elmi problemlərə daha innovativ və yaradıcı həll yolu tapmaq cəhətdən əhəmiyyət daşıyır. Bu il keçirilən konfransda isə 600-dən çox elmlə maraqlanan şəxs 8 fərqli bölmədə (Riyaziyyat və İKT; Tibb elmləri; Təbiət elmləri; Mühəndislik; Filologiya və mədəniyyətşünaslıq; Tarix, Fəlsəfə, Hüquq, Siyasi elmlər və sosiologiya; Pedaqogika və psixologiya; İqtisadiyyat və idarəetmə) yeniliklərlə tanış olmuşdur. Qeyd etmək lazımdır ki, ən çox müraciət alan bölmələr olaraq sosial və humanitar (Filologiya və mədəniyyətşünaslıq; Tarix, fəlsəfə, hüquq, siyasi elmlər və sosiologiya),  ən az müraciət alan bölmələr olaraq isə Mühəndislik, Riyaziyyat və İKT, Tibb elmləri bölmələrini misal göstərmək olar. Konfransda məruzə üçün qəbul alan şəxslərin 94%-i öz təqdimatları ilə çıxış etmiş, bölmə rəhbərlərinin qərarı ilə isə 37 nəfər xüsusilə fərqlənmişdir.

 

Konfrans zamanı bölmə iclaslarında bölmə rəhbərləri tərəfindən məruzəçilərə öz işlərini daha da təkmilləşdirmək üçün rəylər verilmişdir. Həm bölmə rəhbərlərinin hesabatı, həm də kənar müşahidələr əsasında konfransdakı işlərin keyfiyyətinin növbəti illərdə artırılması üçün bəzi təkliflər irəli sürülmüşdür. Belə ki, konfransa məruzə etmək üçün müraciət edən şəxslərin CV-lərində ciddi qüsurlar aşkar olunmuşdur. Qoyulan qaydalara əməl etmədən olunan müraciətlərin sayının çoxluğu müəyyən gecikmələrə gətirib çıxartmışdır. Tezislərin akademik dil qaydalarına riayət etməməsi və tələb kimi qoyulan APA stilinə uymaması digər müəyyən olunan çatışmazlıqlardandır. Konfransda iştirakçıların hazırladıqları təqdimatlar və etdikləri  məruzələr nəticəsində müvafiq bacarıqlarının zəif olduğu aşkarlanmışdır. Tezis mövzularının geniş olması, konkret tədqiqat suallarının olmaması, praktiki əhəmiyyət daşımayan işlərin çoxluğu və sair kimi məsələlər  üzərində işlənilməli olan məqamlardandır. Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq, növbəti il konfransın təşkilinədək kütləvi şəkildə doktorant və gənc tədqiqatçıların aşağıdakı mövzularda bacarıqlarının artırılması ilə bağlı tədbirlərin görülməsinə ehtiyac yaranmışdır:

 

- Tədqiqat metodları

- Akademik yazı qaydaları

- CV yazılması qaydaları

- Təqdimat hazırlama və çıxış etmə

- Beynəlxalq jurnallarda nəşr olunma

 

Yuxarıda qeyd olunan mövzularla bağlı təlimlərin keçirilməsi Təhsil İnstitutunun da diqqət mərkəzindədir. Doktorant və gənc tədqiqatçılardan peşəkar inkişafları üçün imkanlar ilə bağlı ARTİ-nin veb-səhifəsini (arti.edu.az) və sosial media səhifələrini izləmələri tövsiyə olunur.

 

Abutab ABBASOVA,

Təhsil İnstitutunun İnnovasiyalar şöbəsinin müdiri