Dünya dövlətlərinin, beynəlxalq təşkilatların iqtisadi yatırımları üçün konflikt yaşanan bölgələr hər zaman təhdid ola bilir. Azərbaycan Qarabağ məsələsini biryolluq həll etməklə, xarici ölkələrin Cənubi Qafqaz coğrafiyasına yönəlik investisiyalarını, iqtisadi maraqlarını etibarlı bir çətir altına aldı. Bölgə artıq hamının rahat siyasi əməkdaşlıq, iqtisadi əlaqələr platformasına çevrilib. İndi reallığı düzgün qiymətləndirmək və əməkdaşlıq müstəvisində birgə siyasət yürütmək zamanıdır.

 

Prezident İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibələrində “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifinin Azərbaycan tərəfindən dəstəkləndiyini hər dəfə xüsusi vurğulayır.

 

Bu, nəyə görə lazımdır?  

 

Ona görə lazımdır ki, Qarabağ məsələsinin həlli ərazi bütövlüyünün bərpası, qaçqınların öz yurdlarına qayıtması, milli ləyaqətin qorunması ilə yanaşı, həm də Cənubi Qafqazı etibarlı əməkdaşlıq coğrafiyasına çevirməyi özündə ehtiva edir. Bu format Cənubi Qafqazın qonşuları ilə - Türkiyə, Rusiya, İranla fəal regional əməkdaşlığı, dayanıqlı inkişafı təmin edə bilər. Başqa sözlə, əgər regionun altı ölkəsi arasında ciddi, səmimi əməkdaşlıq yaranarsa, bu, yeni təhdidlərin qarşısının alınması deməkdir. Zəngəzur dəhlizi layihəsinin əhəmiyyəti də elə bu səbəblərə bağlıdır.  

 

Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe tutur. Halbuki bu gün buna ən çox ehtiyacı olan dövlət odur. Çünki işğalçı ölkə olaraq Türkiyə ilə sərhədləri bağlandı və bununla özünü böyük sıxıntılara məruz qoydu; Azərbaycanla əlaqələr tamam kəsildi və Ermənistanın iqtisadi inkişafında ciddi böhran başladı; Ermənistan xarici yardımlar hesabına yaşamaq zorunda qaldı; Bu gün o, ən kasıb ölkələrdən biridir və 44 günlük müharibədə aldığı zərbə ilə özünü  tam çökdürüb.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Litvada medianın suallarını cavablandırarkən “Azərbaycana məxsus torpaqları biz vaxtında geri qaytarmalıydıq” etirafı belə düşünməyə əsas verir ki, Ermənistan Zəngəzur dəhlizi məsələsində uzun zaman tərəddüddə qala bilməyəcək, əməkdaşlıqdan başqa yolun olmadığını dərk edəcək...

 

Üstəlik, son zamanlar İranın davranışları da yaranmış çoxtərəfli əməkdaşlıq imkanlarına zərər gətirir. İranın ritorikası heç bir halda müsbət qarşılana bilməz, İsraillə bağlı Azərbaycana yönəlik ittihamları yersizdir və onun da bu bölgənin təhlükəsizliyində məsuliyyət payı, görməli olduğu bir sıra işlər var ki, bunun üçün əvvəlcə ürəyindəki şübhələrini qoparıb atması lazımdır. 

 

Ortada bütün narazı tərəflərin bilməli olduğu sadə bir gerçək var: Qarabağ müharibəsinin həlli ilə bütün dövlət sərhədlərinə sülh gəlib; əməkdaşlıq gəlib! Hər kəs etiraf etməlidir ki, Azərbaycan siyasi əməkdaşlığa həmişə açıq, öz qonşuları ilə yaxşı dostluq, sabitlik, firəvanlıq içərisində yaşamağı hədəf seçmiş sülhpərvər ölkədir. Uzun illərdir, dünyada etibarlı iqtisadi tərəfdaş kimi də çıxış edir. Neft ixracı, neft kəmərləri üzərindən olan əməkdaşlığın inkişaf tempi uzun illərdir, dünyada hər kəsə bəllidir.

 

Amma ölkənin potensialı təkcə bu deyil, başqa potensial da mövcuddur və bu, iqtisadi layihələrin perspektivini müəyyənləşdirir. Söhbət təbii qazın Avropaya ixracından gedir ki, ötən ilin sonundan artıq bu proses başlayıb. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın imkanlarını düzgün qiymətləndirə bilməsi deməkdir və bizimlə əməkdaşlıq etməli olan digər tərəflər üçün yaxşı bir nümunə yaradır. 

 

Təbii sərvət olan qaz  necə bir potensialdır və Azərbaycanı dünya üçün necə cəlbedici  edir? 

 

Prezident İlham Əliyevin fikirlərinə diqqət edək:

 

“Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər... Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir”.

 

Bəli, bu gün dünyada enerji təhlükəsizliyi məsələsi öz prioritetliyini qoruyub saxlayır və Azərbaycan bu təhlükəsizliyə davamlı  töhfəsini verir.

 

Bütün bu imkanlar Ermənistanın potensialı ilə Azərbaycanın potensialı arasındakı çox böyük fərqi ortaya qoyur, regional əməkdaşlıqda Azərbaycanın rolunu və imkanlarını yenə də möhtəşəm əks etdirir. Şübhəsiz ki, müharibəni ləyaqətlə aparmaq, hərb qaydalarına uyğun Zəfər qazanmaqla nüfuzunu möhkəmləndirən Azərbaycan Cənubi Qafqazı hamının əməkdaşlıq regionuna çevirməkdə də öz rolunu mükəmməl şəkildə yerinə yetirə biləcək.

 

Vəfa ALLAHVERDİYEVA