Otüstü Hokkey Federasiyası respublikamızda otüstü hokkey
idman növünün daha da inkişaf etdirilməsi və
kütləviliyinin artırılması məqsədilə ötən ildən etibarən
Bakı və Sumqayıt şəhərləri üzrə idman və təhsil
idarələri ilə birgə yeni layihə həyata keçirir. Layihəyə
əsasən Bakı və Sumqayıt şəhərlərinin bir sıra orta
məktəblərində otüstü hokkey üzrə dərsdənkənar məşğələlər
təşkil olunub. Əsas məqsəd şagirdlər arasında otüstü
hokkeyin geniş yayılması və dərsdənkənar məşğələlərdə
fərqlənən oğlan və qızların peşəkar məşqçilərin
rəhbərliyi altında bölmələrdəki təlimlərə cəlb
olunmasıdır.
Bu layihənin həyata keçirilməsi üçün bir il əvvəl
federasiya tərəfindən Bakının 19 məktəbində fəaliyyət
göstərən bölmə üzvləri hokkey ağacları və toplarla tam
təchiz ediliblər. İyunun 1-də isə seminar məşğələlərində
fəallıq göstərdiklərinə görə Bakı və Sumqayıt
şəhərlərində 23 məktəb müəlliminə "C" kateqoriyalı
məşqçi sertifikatı verilib.
Ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi
müəllimlərinin dərsdənkənar vaxtlarda otüstü hokkeyin
öyrədilməsi işinə qiymət vermək üçün ötən il noyabrın
1-dən 9-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Bakı
Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Otüstü Hokkey
Federasiyası ilə birgə 2000-2002-ci illər təvəllüdlü
oğlan və qızlardan ibarət komandalar arasında
məktəblilərin festivalını keçirib. Azərbaycanda otüstü
hokkeyin yaradılmasının 45 illiyi münasibətilə təşkil
edilən yarışda qızlar və oğlanlardan ibarət komandalar 2
qrupda dairəvi sistemlə mübarizə aparıb.
Qaliblərə mükafatlar və diplomlar təqdim olunub. |