Bakı
şəhəri 129 nömrəli tam orta məktəbdə tanınmış
pedaqoq-alim, respublika Təhsil Şurasının sədri,
professor Əjdər Ağayevin kiçik yaşlı uşaqlar üçün
yazdığı "Pişik balasının səhvi" pyesinin təqdimatı oldu.
Əsəri məktəbin üçüncü sinif şagirdləri
səhnələşdirmişdilər.
Təqdimat mərasimində məktəbin müəllim və şagird
kollektivlərinin üzvləri ilə yanaşı əsərin müəllifi və
qonaqlar da iştirak edirdi.
Mərasimi 129 nömrəli tam orta məktəbin direktoru Samir
Mehdizadə açaraq qonaqları salamladı və tədbirin məqsədi
barədə məlumat verdi. Direktor bildirdi ki, Təhsil
Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə
mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər
barədə" 16 dekabr 2014-cü il tarixli əmrinin icrası ilə
əlaqədar son vaxtlar məktəbdə bir sıra tədbirlər həyata
keçirilib və bu iş davam edir. Şagirdlərin
dünyagörüşünün artırılmasında mütaliənin böyük
əhəmiyyəti nəzərə alınaraq müxtəlif iş formaları ilə
onlar bədii əsərlərin mütaliəsinə həvəsləndirilir,
təşviq edilir. Keçirilən təqdimatın da bu istiqamətdə
aparılan işlərdən biri olduğunu deyən S.Mehdizadə pyesi
üçüncü sinif şagirdlərinin öz müəllimləri Elmira
Hüseynova və Seçmə Canmirzəyevanın köməkliyi ilə
səhnələşdirdiklərini, tamaşanın hazırlanması üzərində
iki ay iş getdiyini diqqətə çatdırdı.
Sonra meydan üçüncü sinif şagirdlərinə verildi. Onlar
öncə bahara, Novruza aid ədəbi-bədii kompozisiya nümayiş
etdirdilər. Proqrama aparıcılıq edən iki şagird
professor Əjdər Ağayevin həyat və yaradıcılığı haqqında
məlumat verdi. Qeyd etdilər ki, əsasən pedaqoq-alim,
tədqiqatçı və müəllim kimi tanınan Ə.Ağayev balaca
uşaqlar üçün çoxlu hekayələrin, müxtəlif məzmunlu
şeirlərin də müəllifidir. İndiyədək onun 100-dən çox
şeirinə mahnı bəstələnib ki, bunların da çoxu uşaq
mahnılarıdır. Hazırlanmış ədəbi-bədii kompozisiya üçün
seçdikləri şeir və mahnıların mətninin də Ə.Ağayevə
məxsus olduğunu söyləyən şagirdlər daha sonra vətənə,
bahara, Novruza aid şeirlər söylədilər, səhnəciklər
göstərdilər, mahnılar ifa etdilər. Pedaqoq-alimin
ayrı-ayrı məqalələrindən sitatlar diqqətə çatdırıldı.
Kompozisiya başa çatdıqdan sonra "Pişik balasının səhvi"
pyesinin təqdimatı oldu. Şagirdlər hazırladıqları
tamaşanı məharətlə nümayiş etdirdilər. Əsas ideyası hər
işdə biliyin mühüm rol oynaması olan tamaşada pişiyin
öz balalarına ov tutmaq öyrətməsi, pişik balalarının isə
öz ovları olan siçanı və quş balasını eyni üsulla tutmaq
istəməsi, lakin bu işi bilməmələrindən uğursuzluğa düçar
olmaları təsvir olunur.
Uşaqların təqdimatı zala toplaşanlar tərəfindən
alqışlarla qarşılandı. Tədbirdə çıxış edən Təhsil Şurası
İdarə Heyətinin üzvü Həqiqə Məmmədova uşaqların tamaşanı
yüksək səviyyədə hazırladıqlarını və təqdim etdiklərini,
çox gözəl nitq qabiliyyətinə malik olduqlarını söyləyib,
şagirdləri və onların müəllimlərini bu münasibətlə
təbrik etdi. Çıxışında Ə.Ağayevin elmi-pedaqoji və bədii
yaradıcılığına da toxunan H.Məmmədova onun təhsilin
nəzəri və təcrübi problemləri haqqında sanballı
əsərləri ilə yanaşı davamlı bədii yaradıcılıq məhsulu
olan bir sıra kitablarının da çapdan çıxdığını, bu
əsərlərin məktəblilərin bədii-estetik inkişafında mühüm
rol oynadığını diqqətə çatdırdı.
Tədbirin sonunda söz alan Ə.Ağayev onunla görüş
keçirdiklərinə və əsərini tamaşaya qoyduqlarına görə
məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə
təşəkkürünü bildirdi. Uşaqların çıxışından çox razı
qaldığını ifadə edən professor onların əsərin ideyasını
məharətlə açıb tamaşaçılara çatdırdıqlarını vurğuladı,
məktəbin kollektivinə uğurlar arzuladı.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |