Lənkəran
Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir
ki, Heydər Əliyev Mərkəzində "Tariximiz qürurumuzdur"
layihəsi çərçivəsində məktəblilər üçün "Azərbaycan
xalqının etnik tarixi" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər
Əliyev memorial muzeyi və Xocalı soyqırımına həsr
edilmiş sərgi ilə tanış olublar. Mərkəzin əməkdaşı
Aygün İbrahimova mövzu ilə bağlı ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın ərazisi bu diyarın
dünyanın ən qədim insan məskənlərindən biri olduğunu
sübut edən arxeoloji abidələrlə zəngindir. 300-400 min
il bundan əvvəl Aşel dövrünə aid qədim və nadir
tapıntılara görə Azərbaycanın ərazisi "Avropanın ən
qədim sakinləri" xəritəsinə daxil edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazisində ilk tayfa
birlikləri, dövlətlər hələ eradan əvvəl I minilliyin
əvvəllərində mövcud olub. Manna, İskit (Skit-Skif)
şahlığı, Albaniya, Atropatena kimi qüvvətli dövlətlər
Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində
vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar
cavablandırılıb, ölkəmizin çoxəsrlik tarixini əks
etdirən sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib. |