Mütaliə nitq təfəkkürünün inkişafına
yönəlmiş mənəvi fəaliyyət formasıdır. Oxumaq, yazmaq
bacarığı olan hər bir insanın həyat, cəmiyyət haqqında
ətraflı biliklərə yiyələnməsində mütaliənin çox böyük
əhəmiyyəti vardır. Görkəmli fransız filosofu və yazıçısı
Deni Didro deyirdi: "Hər kim kitab oxumursa, o düzgün
fikirləşə bilməz". Doğrudan da, ən dərin bilik, elmi
dünyagörüşü məhz mütaliə yolu ilə yaranır.
Kitabın tərbiyəedici təsirinin böyüklüyü təkcə məktəb
tapşırıqlarının yerinə yetirilməsi ilə ölçülmür. Buna
görə də şagirdlər dərsdən sonra, xüsusən də asudə
vaxtlarında müəllimlərin tövsiyə etdikləri və onları
maraqlandıran kitabları oxumalı, müstəqil bilik əldə
etməlidirlər. Mütaliə edərkən şagirdlər eyni zamanda öz
idrak maraqlarını təmin edir, mənəvi və estetik
zövqlərini zənginləşdirirlər. Bu işdə məktəb kitabxanası
məktəblə eyni məqsədə xidmət edərək ailənin və məktəbin
əsl köməkçisi kimi çıxış edir, həmçinin öz oxucularının
tərbiyə olunmasının, onların hərtərəfli inkişaf
etdirilməsinin ən mühüm vəzifələrini həyata keçirir.
Yaşadığımız tarixi dövrün siyasi, iqtisadi, hüquqi və
ekoloji problemləri böyüməkdə olan nəslin
təlim-tərbiyəsində özünü müxtəlif aspektlərdə büruzə
verir. Məqsədyönlü maarifləndirməyə, mənəvi dəyərlərə
yiyələnməyə, əxlaqi görüşləri formalaşdırmağa, ictimai
həyata adaptasiya, hüquqi biliklərə yiyələnmə sahəsində
himayəyə ehtiyacı olan uşaqlara, eyni zamanda, qarışıq
dünyamızın sürprizləri də mənfi təsir göstərir. Bu
baxımdan məktəb kitabxanaları Azərbaycan xalqının zəngin
milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini,
mədəniyyətini əks etdirən materialları dolğun şəkildə öz
ədəbiyyat fondlarında cəmləşdirməli, sabahın gəncliyinin
bu gündən sağlam ruhda tərbiyə edilməsi prosesinin fəal
iştirakçısı olmalıdır. Məktəb kitabxanaları
mənəvi-əxlaqi və hüquqi tərbiyə sahəsində uşaq
müəssisələri və müəllimlərlə təcrübə mübadiləsi
aparmalı, mənəvi-əxlaqi və hüquqi tərbiyəyə dair
ədəbiyyatın fəal təbliğatçısı olmalı, uşaqlara, onların
yaş xüsusiyyətlərini nəzərə almaqla, müasir dövrün
tələblərinə uyğun metodlarla informasiya xidməti
göstərilməlidir.
Məktəbli şəxsiyyətinin formalaşması, ilk növbədə,
ayrı-ayrı fənlərin təlimi prosesində həyata keçirilir.
Belə təlimin keyfiyyətinin yüksəldilməsi üçün və əlavə
ədəbiyyatın şagirdlər tərəfindən oxunmasının təşkili
sahəsindəki problemlər məktəb kitabxanasının işini
təkmilləşdirməyi tələb edir. Məktəb kitabxanaları
şagirdlərin mütaliə dairəsinin formalaşdırılması
prosesini təşkil və tənzim edən, bu məqsədlə müvafiq işi
həyata keçirən bir obyekt kimi çıxış edir. Bu isə öz
növbəsində sinifdənxaric mütaliə üzrə işin müəyyən
sisteminin yaradılması və həyata keçirilməsinin vacib
olduğunu göstərir. Bununla bağlı ötən ilin sonunda
təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəbləri
şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə
bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli əmr
imzalamışdır. Həmin əmrin məqsədi ümumtəhsil
məktəblərində şagirdlərin mütaliəyə
istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması üzrə zəruri tədbirlərin həyata
keçirilməsinin əvvəlki dövrlərlə müqayisədə
zəifləməsinin qarşısını almaq, eləcə də şagirdlərin
mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış
ənənələri bərpa etməkdir. Əmrə əsasən, hər il
yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan
Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin
təxmini siyahısı hazırlanmalı, məktəb kitabxanaları yeni
nəşrlərlə zənginləşdirilməli, ümumtəhsil məktəblərində
dərs ili ərzində bədii əsərlərin oxusu və müzakirəsi
təşkil edilməlidir.
30 ildən artıqdır ki, ümumtəhsil, ilk peşə-ixtisas və
orta ixtisas təhsili müəssisələri kitabxanalarına elmi
metodik rəhbərliyi həyata keçirən və yarandığı vaxtdan
etibarən ölkədə elmi-pedaqoji ədəbiyyat fonduna malik
əsas kitabsaxlayıcı olaraq onların mütaliəyə olan maraq
və tələbatlarını ən yüksək səviyyədə ödəməyə çalışan
Respublika Elmi Pedaqoji Kitabxanası təhsil nazirinin
əmrinə müvafiq olaraq ümumtəhsil məktəblərinin
kitabxanalarına köməklik göstərmək məqsədilə
"Şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması.
Sinifdənxaric oxu" adlı metodik vəsait hazırlamışdır.
Vəsaitdə məktəblilərin yaş xüsusiyyətlərinə görə mütaliə
mədəniyyətinin formalaşdırılmasının 3 mərhələsindən bəhs
olunur. Metodik vəsaitdə "Giriş"; "Sinifdənxaric mütaliə
vərdişlərinin formalaşdırılmasında ifadəli qiraətin rolu";
"Kiçikyaşlı məktəblilərin mütaliəsinə rəhbərlik"; "Orta
yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik"; "Böyük yaşlı
məktəblilərin mütaliəsinə rəhbərlik" adlı bölmələr
verilib. Hər bir bölmədə həmin yaş qrupunun mütaliə ilə
bağlı xüsusiyyətlərindən bəhs olunub, mütaliə qaydaları
haqqında müəyyən tövsiyələr verilib. Həmçinin Azərbaycan
dili və ədəbiyyat fənlərinin proqramları ilə paralel
sinifdənxaric oxu materialları daxil edilib. Müasir
zamanda uşaq ədəbiyyatı nümunələrinin çap variantları
oxucuların hiss edəcəyi dərəcədə azalmaqda, digər
tərəfdən elektron formatda uşaq mütaliəsi üçün mətnlərə
tələbat artmaqdadır. "Ekran mütaliəsi" daha geniş
əhatədə həm azyaşlıları, həm də yeniyetmələri cəlb
etməkdədir. Elə ona görə də valideyn, uşaq və məktəb
kitabxanaları birlikdə işləyərək uşaqların mütaliəsini
düzgün istiqamətə yönəltməlidirlər. Uşaq mütaliəsinin
sosial mexanizmi getdikcə bir çox amilləri - doğma dili,
öyrəndiyi dillər, rəmzlər, görüntülər, texnologiyalar,
proqramlar və s. özündə əks etdirir. Məzmun və
texnologiya baxımından Azərbaycan uşaq ədəbiyyatından
maraqlı seçmələr etmək, onları müasir zamanın azyaşlı
oxucularına sevdirmək də lazımdır. Belə ki, azyaşlı
uşaqlar üçün əyləncəli, rəngarəng, maarifləndirmə,
intellekti inkişaf etdirmə resurslarını təbliğ edən
kitabxana mühiti yox dərəcəsindədir. Metodik vəsaitdə
məhz bu problemlər nəzərə alınmış və məktəb
kitabxanalarının fondlarının uşaq ədəbiyyatı ilə
zənginləşdirilməsini həyata keçirmək məqsədilə yeni uşaq
ədəbiyyatının məktəblilər üçün tövsiyə siyahısı
hazırlanıb. Həmçinin, buraya şagirdlərin müxtəlif elm
sahələrinə aid sorğularına cavab verəcək soraq-məlumat
nəşrləri və məktəbdənkənar mütaliə materiallarının
tövsiyə biblioqrafiyası daxil edilib. Metodik vəsaitdə
əsasən son dövrlərdə nəşr olunmuş 500-dən artıq
Azərbaycan və dünya ədəbiyyatı nümunələri yer alıb.
Vəsait sinifdənxaric və məktəbdənkənar mütaliə işinin
səmərəli təşkili məqsədilə ümumtəhsil məktəblərinin
müəllimləri, məktəb kitabxanaçıları, şagirdlər və
valideynlərin istifadəsi üçün mühüm əhəmiyyətə malikdir.
Məktəbli mütaliəsinin səmərəli təşkili üçün nəzərdə
tutulmuş vəsait bu sahədə ilk iş hesab oluna bilər. Ümid
edirik ki, yaxın zamanlarda digər elm sahələrinə aid
əsərləri əhatə edən bu tip nəşrlər mütəxəssislər
tərəfindən hazırlanaraq məktəblilərin istifadəsinə
veriləcəkdir.
Səyyarə MƏMMƏDOVA,
Respublika Elmi Pedaqoji Kitabxanasının metodisti
|