Gəncə Dövlət Universitetinin tələbələri IDEA-nın
təşəbbüslərinə qoşulurlar
Gəncə
Dövlət Universitetinin mətbuat xidmətindən verilən
məlumata görə, yaxın 3 ildə könüllülərin iştirakı ilə
1000 hektar ərazidə yaşıllaşdırma işləri aparılacaq.
Bu barədə IDEA İctimai Birliyi Gəncə regional ofisinin
təşəbbüsü ilə fevralın 17-də Gəncə Dövlət
Universitetində tələbələrlə keçirilən görüşdə məlumat
verilib.
Görüşdə İctimai Birliyin Gəncə üzrə koordinatoru Könül
Zeynalova çıxış edərək IDEA-nın ətraf mühitin
qorunmasında gördüyü işlərdən danışıb. Bildirilib ki,
yaxın 3 ildə könüllülərin təşəbbüsü ilə 1000 hektar
ərazidə aparılacaq yaşıllaşdırma işlərindən əlavə,
gələcəkdə ali və orta ixtisas təhsili müəssisələrinin
qarşısında velosiped dayanacaqlarının yaradılması, fəal
könüllülərə qonorarın ayrılması, marketlərə kağız
torbaların paylanması kimi məsələlər də diqqət
mərkəzində olacaq.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Laçınlı məktəblilər Quba Soyqırımı Memorial Kompleksində
olublar
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
təşkilatçılığı ilə Bakının Buzovna qəsəbəsindəki Laçın
rayonunun Quşçu kənd orta məktəbinin şagird və
müəllimləri, xarici tələbələr, könüllülər və fondun
əməkdaşlarından ibarət qrup Qubada səfərdə olublar.
Məktəblilər və tələbələr əvvəlcə Qubadakı Heydər Əliyev
Mərkəzinə gələrək burada ulu öndərin həyat və
fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış
olublar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən klub
üzvləri ekspozisiya zalında XX əsrin əvvəllərində Quba
şəhərinin görüntülərini, o zaman burada aparılan
tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks
etdirən fotolarla tanış olub, 31 mart azərbaycanlıların
soyqırımı haqqında sənədli filmə baxıblar. Kompleksin
əməkdaşı Səidə Abbasova Azərbaycan tarixinin bu dəhşətli
səhifələri haqqında ətraflı məlumat verib. Xarici
tələbələr kompleksin ərazisindəki kütləvi məzarlıqda
gördükləri mənzərədən təsirləndiklərini deyiblər.
Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il
aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar
edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı
müvafiq sərəncama əsasən, erməni vəhşiliyinin
yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial
Kompleksi yaradılıb.
Səfər iştirakçıları dağ yəhudilərinin Azərbaycanda
kompakt yaşadığı Qırmızı Qəsəbədə də olublar.
Şuşa məktəblərinin IX-XI siniflərində sınaq-test
imtahanları keçirilib
Şuşa
Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar
müəllim Əyyub Əbdüləzimovdan aldığımız məlumatda qeyd
olunur ki, təhsil şöbəsi tərəfindən rayonun Bakı
şəhərində və onun ətrafında fəaliyyət göstərən
ümumtəhsil məktəblərinin IX-XI siniflərində Azərbaycan
dili və riyaziyyat fənlərindən sınaq-test imtahanları
keçirilib. Məqsəd şagirdlərin əldə etdikləri biliklərin
reallığını üzə çıxarmaq, eyni zamanda onlara sual
kitabçaları, kodlaşdırma vərdişləri və cavab kartları
ilə işləmək prinsipinin öyrədilməsi olub. Sual
kitabçalarında hər fənnə aid 30 sual verilib, onların
cavablandırılmasına 1,5 saat vaxt ayrılıb.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4, Şuşa şəhər 3
nömrəli və Quşçular kənd tam orta məktəblərinin tədris
binalarında keçirilən imtahanlara şəffaflığı və
obyektivliyi təmin etmək məqsədilə qeyri-ixtisas
müəllimlərindən ibarət nəzarətçilər təyin olunub. Müsbət
haldır ki, sınaq imtahanlarında nəzərdə tutulmuş
məktəblərin şagirdlərinin hamısı iştirak edib. Nəticələr
fənn müəllimləri tərəfindən yoxlanılaraq
qiymətləndirilib. Sınaq-test imtahanlarının keçirildiyi
hər üç məktəbdə rayon təhsil şöbəsinin əməkdaşları da
iştirak ediblər.
Qeyd edək ki, 2015-ci ilin yanvarında və fevral ayının
birinci ongünlüyündə RTŞ-nin əməkdaşları tərəfindən
rayonun Bakı şəhərində fəaliyyət göstərən məktəblərinin
V-IX siniflərində də Azərbaycan dili və riyaziyyat
fənlərindən yazı işləri aparılıb, şagirdlərin bilik və
bacarıqları, onların yazı vərdişlərinə necə
yiyələndikləri öyrənilib.
Hər iki məsələnin yekunları ilə əlaqədar növbəti şura
iclasında müzakirələrin keçiriləcəyi nəzərdə tutulub.
İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu orta
məktəbdən başlayır
İsmayıllı
Rayon Təhsil Şöbəsindən verilən məlumatda bildirilir ki,
məktəblərin əksəriyyəti sürətli internetlə
tam təmin olunub, kompüter və noutbuklar şagirdlərin
istifadəsinə verilib. Əksər məktəblərdə elektron
lövhələr yerləşdirilib, "Promethean" interaktiv
lövhələrinin tədrisə tətbiqi ilə bağlı əməli işlər
görülüb. Məktəblərdə müəllimlərin İKT avadanlıqlarından
geniş istifadəsinin nəticəsidir ki, 2014-2015-ci tədris
ilində 3 müəllim "Elektron təhsil", 6 müəllim "Ən yaxşı
müəllim" müsabiqələrinin qalibi olub, 1 məktəb isə "Ən
yaxşı ümumtəhsil müəssisəsi" adına layiq görülüb. Şəhər
1 nömrəli tam orta məktəbin "Elektron məktəb" olması
üçün səmərəli və geniş işlər görülməkdədir.
Əvvəllər məktəblərin yalnız kompüterlə və internetlə
təchiz olunması nəzərdə tutulurdusa, bu gün artıq söhbət
noutbukların, interaktiv lövhələrin alınmasından, simsiz
rabitə sistemlərinin qurulmasından gedir.
Heydər Əliyev Mərkəzində "açıq dərs"lər davam edir
Məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin
ictimai-siyasi fəaliyyətinə həsr olunmuş bölmələrlə
tanış olub, Azərbaycanın inkişafı naminə gördüyü işləri
əks etdirən fotoşəkillərə baxıblar.
Samux Rayon Təhsil Şöbəsindən daxil olan məlumatda
bildirilir ki, "açıq dərs"də şöbənin əməkdaşı, tarix
müəllimi Nərgiz Bədəlova müstəqil Azərbaycanın memarı
və qurucusu Heydər Əliyevin Vətən, xalq qarşısında
gördüyü işləri faktlarla məktəblilərin diqqətinə
çatdırıb.
Qeyd edilib ki, Azərbaycan xalqı bugünkü firavan həyata
görə ümummilli lider Heydər Əliyevə borcludur.
Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən
videofilm göstərilib.
100 bal toplayan tələbələr mükafatlandırılıblar
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)
prorektoru Nizami Seyidəliyev tərəfindən redaksiyamıza
göndərilən məlumatda bildirilir ki, 2014-2015-ci tədris
ilinin qış imtahan sessiyasında 100 bal toplayan
tələbələr mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində çıxış edən ADAU-nun rektoru,
professor İbrahim Cəfərov cari imtahan sessiyasında
universitet üzrə 126 tələbənin 100 bal topladığını
vurğulayıb.
Tədbirdə baytarlıq təbabəti və zoomühəndislik
fakültəsinin Türkiyənin Səlcuq və İstanbul
universitetlərində 5 aylıq təcrübə keçmiş tələbələrinin
hesabatları dinlənilib.
Sonda yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim
olunub.
Tamaşa şagirdlər tərəfindən maraqla qarşılanıb
Sumqayıt şəhər 3 nömrəli peşə liseyindən aldığımız
məlumatda bildirilir ki, liseydə "Narkomaniya əsrin
bəlasıdır" adlı videomaterialın nümayişi olub. Şagirdlər
"Sağlam həyat tərzi nədir?" mövzusunda keçirilən
tədbirlər sırasında H.Ərəblinski adına Sumqayıt Dövlət
Dram Teatrının quruluşunda Kamran Nəzərlinin "Narkoman"
tamaşasına baxıblar. Tamaşanın mövzusu narkomanlığa
düçar olmuş bir gəncin acı taleyindən bəhs edir.
Tamaşa şagirdlər tərəfindən maraqla qarşılanıb.
Lənkəranda "dəyirmi masa" keçirilib
Lənkəran Şəhər Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, Heydər Əliyev Mərkəzində "Yeniyetmə və
valideyn münasibətlərinin tənzimlənməsində məktəb və
cəmiyyətin rolu" mövzusunda "dəyirmi masa" keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti və təhsil şöbəsinin
birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümumtəhsil
məktəblərinin direktorları, valideyn komitələrinin
sədrləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin
əməkdaşları iştirak ediblər.
Çıxış edənlər valideyn-məktəb münasibətlərindən söhbət
açaraq qarşılıqlı hörmət və anlaşma şəraitində qurulan
ailə münasibətlərində valideynlərin üzərinə böyük
məsuliyyətin düşdüyünü diqqətə çatdırıblar. Qeyd edilib
ki, valideynlər övladlarına nümunə olmalı, onların
gələcəkdə şəxsiyyət kimi formalaşmasına töhfə
verməlidirlər.
Tədbirdə yeniyetmələrin həyatında mühüm rol oynayan
valideyn-müəllim münasibətlərinə də toxunulub. Diqqətə
çatdırılıb ki, gənclərin təhsilə marağının artırılması
üçün yaradılan şəraitdən maksimum istifadə edilməli,
onlarda zərərli vərdişlərə meyilin yaranmaması üçün
vaxtında tədbirlər görülməlidir.
"Erkən nikah və narkomaniyaya yox deyək" mövzusunda
tədbir
Ağcabədi Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
qeyd edilir ki, rayonda "Erkən nikah və narkomaniyaya
yox deyək" mövzusunda tədbir keçirilib.Tədbirdə şəhərin
1, 5 və 9 nömrəli tam orta məktəblərinin şagirdləri
iştirak ediblər.
Çıxış edənlər erkən nikahın yaratdığı problemlər,
narkomaniya və psixotrop maddələrin fəsadlarından
danışıblar. Bu sosial bəlaya qarşı və erkən nikah
hallarının aradan qaldırılması üçün aparılan mübarizədən
geniş bəhs edilib. Həmçinin erkən nikah və
narkomaniyanın qarşısının alınması üçün dövlət
orqanları, qeyri-hökumət təşkilatları, ictimaiyyətin
nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə
səy göstərmələrinin vacibliyi vurğulanıb.
"Narkomaniyaya yox deyək" adlı videoslayd nümayiş
etdirilib. Tədbir iştirakçılarına mövzu ilə bağlı
kitabçalar paylanılıb.
Süleyman Sani Axundovun 140 illik yubileyi qeyd olunub
Astara şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili
və ədəbiyyat müəllimi Zümrüd Hüseynovanın redaksiyamıza
ünvanladığı məktubda bildirilir ki, məktəbdə
Azərbaycanın görkəmli yazıçısı və dramaturqu
S.S.Axundovun anadan olmasının 140 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib. Tədbirdə yazıçının həyat və
yaradıcılığı haqqında məlumat verilib və əsərlərindən
ətraflı söz açılıb. Məktəblilərin ifasında ədəbi-bədii
kompozisiya göstərilib və "Qaraca qız" filmindən
kadrlar nümayiş etdirilib.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |