Ölkəmizdə təhsil islahatlarının başlanmasından on beş
ildən çox bir vaxt keçir. Bu müddətdə həyatımızın
müxtəlif sahələrində olduğu kimi, təhsildə də
irəliləyişlər əldə etmişik. Bu irəliləyişlərin başlıca
leytmotivini cəmiyyətin ehtiyac və tələbatlarına uyğun
olan təhsil sistemini inkişaf etdirməkdən, onu
demokratik və humanist prinsiplər əsasında
formalaşdırmaqdan ibarət olmuşdur. Bu, müstəqillik
yolunda uğurlu addımlar atan Azərbaycan Respublikasının
təhsil quruculuğu sahəsində daha qabarıq görünə bilən
təhsil atributlarından biri hesab edilir.
Təhsildə belə bir yanaşmadan istifadə olunması onun
məzmun və texnologiyalar sistemində nəticəyönümlülüyün
nəzərə alınması, şəxsiyyətyönümlü bir mahiyyət kəsb
etməsi ilə müşayiət edilmişdir. Azərbaycanda müxtəlif
növlü təhsil standartları formalaşmış, interaktiv
pedaqoji texnologiyalar yaradılmışdır. Ən başlıcası
kreativ bacarıqlara malik müəllim hazırlığı sahəsində
təşəbbüslərə başlanılmış, təhsil alanların interaktivlik
müstəvisində fəallığı genişlənmişdir. Lakin bütün bunlar
özünün başlanğıc mərhələsində olduğundan onların daha
sistemli və ardıcıl proses kimi formalaşması, özünün
mükəmməl bir formasını tapmaqla cəmiyyətdə keyfiyyət
hadisəsinə çevrilməsi həlli vacib olan məsələlər kimi
meydana çıxmışdır. Bundan əlavə, təhsil
ictimaiyyətinin stimullaşdırıcı bir strukturunu yaratmaq,
onu yeni iqtisadi bağlar və infrastruktur elementləri
ilə zənginləşdirmək zərurəti yaranmışdır. Heç şübhəsiz,
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın qəbul olunması məhz belə bir
zərurətdən irəli gəlmişdir ki, bu gün hamımızın
qarşısında onun yerinə yetirilməsi üçün konkret
vəzifələr qoyulmuşdur. Yaxın günlərdə qəbul olunmuş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dovlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
"Fəaliyyət Planı"nda həmin vəzifələr konkretliyi ilə öz
əksini tapmışdır.
İlkin yanaşmada bizdən onu ciddi şəkildə öyrənməklə
mənimsəmək tələb olunur. Oradakı təhsilşünaslıq
məsələlərini araşdırmaq, müzakirələr aparmaq, istər yeni
məzmun, texnologiya, idarəetmə və maliyyə mexanizmləri,
eləcə də keyfiyyətli kadr məsələləri ilə bağlı
innovasiyaları özününküləşdirmək mühüm vəzifələr hesab
edilir. Müasir pedaqoji tələblərin yeni cəhətlərini,
müstəqil Azərbaycanda həyata keçirilən təhsil
siyasətinin mahiyyət və məzmununu aydın dərk etmək bu
yolda başlıca istiqamətlər ola bilər.
Dünyanın təhsil meridianında baş verən mühüm hadisələr
onun koqnitiv (idraki) xarakteri ilə müəyyən olunur.
Məktəb özünün sosial funksiyasını dəyişməklə vəzifəsini
ağılın, təfəkkürün inkişafına yönəldir. İstər-istəməz bu,
bizim hazırlayacağımız təhsil məzmununa yenidən baxmağı,
onun səriştə əsaslı olmasını tələb edir. Eyni zamanda
yeni təhsilin məzmununda standartlarla yanaşı,
kurikulumları da ehtiva etmək zərurətə çevrilir.
Dövlət Strategiyasında standart və kurikulumların
hazırlanması dedikdə, təbii olaraq standartların
kurikulumun tərkibində deyil, ayrıca hazırlanması
nəzərdə tutulur. Bu zaman onların yeni təhsil
məzmununun komponentləri kimi əlaqəli olması vacib
hesab edilir.
Humanist və humanitar prinsiplərə istinad etməklə
təhsilin yeni məzmununun yaradılması, ilk növbədə,
inteqrativliyin nəzərə alınmasından başlayır. Xüsusən
ümumi təhsilin məzmununun yeniləşməsində bu, çox vacib
olan bir məsələ kimi diqqət mərkəzində dayanır. Ona görə
də ümumi təhsilin 12 illik sistemi üçün yeni məzmun
yaradılarkən icbari təhsil mərhələsində bir sıra
fənlərin (Azərbaycan dili və ədəbiyyatın, Azərbaycan
tarixi və ümumi tarixin, eləcə də kimya, fizika və
biologiyanın) inteqrasiyası müzakirə obyektinə çevrilə
bilər.
Yeni məzmunun öyrənilməsi və tətbiqində ilkin olaraq ona
şərait yarada bilən resurs bazasının formalaşdırılması
daha önəmli məsələlərdən biridir. Burada iki başlıca
istiqamətin nəzərə alınması vacibdir. Onlardan
birincisi, təhsil bazasının əsasını təşkil edən tədris
və təlim resurslarının yaradılması, onun bolluğunun
təmin olunmasından ibarətdir. Belə bir şəraitin
yaradılması müəllim və şagirdlərin yaradıcı fəaliyyətini
təmin etməklə onları inkişafa istiqamətləndirə bilər.
İkincisi isə müəllim kadrlarının ilkin hazırlanması və
peşəkarlığının yüksəldilməsində fəaliyyətlərin yenidən
qurulmasından və bu prosesin müntəzəm olaraq sistemli
təşkil olunmasından ibarətdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ilkin müəllim
hazırlığı və müəllimlərin peşəkarlığının yüksəldilməsi
gecikdirilmədən ən azı ümumi təhsilin yeni məzmununun
yaradılması prosesi ilə ardıcıl aparılmalı, onların bir-
birinə töhfə verə bilməsi zəruri şərtlərdən biri kimi
nəzərə alınmalıdır.
Bütün bu proseslərdə təhsil müəssisələrinin
dövlət-ictimai xarakterdə müstəqilliyi gücləndirilməli,
onun bir təhsil qurumu kimi yaradıcılıq imkanlarının
genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Buna
məktəbin yeni infrastrukturunu yaratmaqla nail olmaq
mümkündür.
Fəaliyyət planında təhsilin bütün pillələri üzrə
infrastruktur dəyişikliklərinin aparılması nəzərdə
tutulur. Xüsusi olaraq 12 illik təhsildə yeni
infrastruktur dəyişikliklərinin aparılması
təxirəsalınmaz tədbirlərdən hesab edilir. Təbii olaraq
bu, ümumi təhsili idarə edən təhsil şöbələrinin, eləcə
də onların nəzdindəki metodik kabinetlərin fəaliyyətinə
yenidən baxılmasını tələb edir.
Ümumiyyətlə, Dövlət Strategiyasının həyata keçirilməsi
üçün nəzərdə tutulmuş fəaliyyət planı islahatçılıq
fəaliyyətimizdə işlərimizin, demək olar ki, bütün
parametrlərdə yeniləşməsini bir vəzifə kimi qarşıya
qoyur. Odur ki, biz bu istiqamətdə bütün qüvvələrimizi
səfərbər etməli, təhsil sahəsindəki islahatçılıq
fəaliyyətimizi uğurla davam etdirməliyik.
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim
|