Yanvarın
15-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda 20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunmuş "20 Yanvar - milli birlik və
qəhrəmanlıq" mövzusunda elmi-praktik konfrans
keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edildikdən sonra institutun rektoru, professor Asəf
Zamanov çıxış edərək bildirdi ki, 20 Yanvar ölkəmizə
qarşı düşünülmüş mənfur siyasətin növbəti təzahürü idi.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı
bölmələrinin və daxili qoşunların Azərbaycana
yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə
müşayiət olunurdu.
Azərbaycanda həyata keçirilən bu mənfur siyasət
kommunist diktaturasının 1956-cı ildə Macarıstanda,
1968-ci ildə Çexoslovakiyada, 1986-cı ildə Qazaxıstanda,
1989-cu ildə Gürcüstanda reallaşdırdığı hərbi
müdaxilənin, vəhşiliklərin davamı idi. Həmin vaxt
Azərbaycan ermənilərin də təcavüzünə məruz qalmışdı.
SSRİ rəhbərliyi nəinki bu təcavüzün qarşısını almaq üçün
qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən
ordu hissələrinin tərkibinə erməni əsgər və zabitlərini
də daxil etdi.
Diqqətə çatdırıldı ki, Azərbaycan xalqına qarşı
soyqırımının törədilməsi, sovet hakimiyyəti illərində
torpaqlarımızın tədricən ilhaq olunması, nəticədə
ərazimizin 86 min kv. km-dək azalması, sovet
rəhbərlərinin havadarlığı ilə başlayan Ermənistan -
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, soydaşlarımızın
Ermənistandan - öz ata-baba torpaqlarından qovulması bu
iyrənc siyasətin mərhələləridir. 31 dekabr 1989-cu ildə
Naxçıvan Muxtar Respublikası ərazisində SSRİ
sərhədlərinin ilk dəfə olaraq dağıdılmasına sovet
diktaturası dözə bilməyib xalqa qarşı qəddarlıq
göstərdi. Əlli mindən çox hərbçinin Bakı ətrafında
cəmləşdirilməsi, Bakı buxtasının Xəzər Hərbi Dəniz
Donanmasının gəmiləri və katerləri ilə tutulması
Azərbaycanda milli azadlıq hərəkatının qarşısının
amansızlıqla alınmasına istiqamətlənmişdi. Ən müasir
silahlarla silahlanmış hərbçilər dinc əhaliyə
amansızcasına divan tutdular. Faciədə 143 dinc sakin, o
cümlədən məktəbli, tələbə, professor vəhşicəsinə qətlə
yetirildi, yüzlərlə insan yaralandı və itkin düşdü,
respublikanın iqtisadiyyatına külli miqdarda zərər
dəydi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız
öz qanları ilə Azərbaycan tarixinə parlaq səhifə
yazdılar, milli azadlıq və müstəqilliyimiz üçün yol
açdılar, sovet imperiyasının dağılması üçün katalizator
rolu oynadılar.
Qeyd edildi ki, faciənin səhərisi günü ümummilli lider
Heydər Əliyev öz həyatını təhlükə altında qoyaraq
respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gəldi,
orada mətbuat konfransı keçirib informasiya blokadasına
alınmış Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı,
günahkarların adlarını açıqladı.
Öz müstəqilliyinin bərpası uğrunda milli azadlıq
mübarizəsi aparan Azərbaycan xalqının iradəsi qırılmadı
və Azərbaycan xalqı tezliklə öz müstəqilliyini qazandı.
Yalnız Heydər Əliyev Azərbaycanın Prezidenti seçildikdən
sonra faciəyə hüquqi-siyasi qiymət verildi.
Professor Asəf Zamanov "20 Yanvar - mübarizlik günü",
professor Elman Məmmədov "20 Yanvar - müstəqilliyə gedən
yol", Respublika 20 Yanvar Cəmiyyəti İdarə Heyətinin
üzvü Asif İbrahimov "20 Yanvar şəhidi ailələrinə və
əlillərinə dövlət qayğısı", institutun yenidənhazırlanma
fakültəsinin tələbəsi Leyla Bayramova "20 Yanvar və
gənclik" mövzularında məruzələr etdilər.
Elmi-praktik konfrans tələbələrin 20 Yanvar faciəsi ilə
bağlı hazırladığı ədəbi-bədii kompozisiya ilə başa
çatdı.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |