Tarix müəlliminin sonuncu dərsi...
Vətən, torpaq, müqəddəs amallar uğrunda öz həyatını fəda etmiş ölməz şəhidimiz Famil Əhmədzadənin şərəfli həyat yolu hər birimiz üçün nümunə olan bir məktəbdir.   
 
Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı olaraq bitirib. Famil orta məktəbi bitirdiyi il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub.
 
 
Akademiyanın sayılıb-seçilən tələbələrindən olan Famil 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb. Famil Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub və İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedoqoji fəaliyyətini davam etdirib. Müəllim işlədiyi illərdə uğurlu təlim metodları və yüksək intelektinə görə müxtəlif mükafatlara layiq görülüb.
 
 
Famil Əhmədzadə haqqında onun dostu, həmkarı, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin müəllimi Çingiz Muradlı ilə həmsöhbət olduq. 
 
Famil Əhmədzadə anadan müəllim doğulmuşdu
  
"20 ildən artıq Famil müəllimlə bir yerdə, çiyin-çiyinə çalışmışıq. Aramızda çox səmimi, bəlkə, qardaş qədər yaxın münasibət olub. İçimdə elə bir boşluq var, bu boşluğu heç nə doldura bilmir. O çox yaxşı yoldaş, sadiq dost, əsil pedaqoq idi. Famil tariximizi, mədəniyyətimizi çox sevirdi və tariximizə qarşı olduqca mühafizəkar idi. İxtisasca politoloq olsa da, sanki anadan müəllim doğulmuşdu. 2006-cı ildə Famil müəllim məktəbimizdə Basqaldan, Lahıcdan, Sulutdan, bütün kəndlərdən saxsı, dəmir qablar, qədim pullar, əşyalar toplayıb tarix-diyarşünaslıq muzeyi yaratdı. Hazırda muzeydə onun böyük şəkli qoyulub, orada əşyaları da var. Məktəbin tarix-diyarşünaslıq muzeyi hazırda şəhid Famil Əhmədzadənin adını daşıyır.
 
 
Famil müəllim çox peşəkar müəllim idi. Onun müəllim olaraq uğurlu yetirmələri olduqca çox idi. Tarix müəllimi olaraq dərs dediyi şagirdlərə hər zaman Vətən sevgisini, vətənpərvərlik ruhunu, Azərbaycançılıq ideologiyasını aşılayırdı. Pedoqoji təlim metodları hər zaman başqaları üçün də son dərəcə maraqlı idi. Amma düşünürəm ki,  Famil müəllim həyatının ən mükəmməl dərsini cəbhədə - Zəfər tariximizin yazıldığı meydanda verdi". 
 
Şagirdləri onun yolunu davam etdirirlər...
 
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru Vasif Abdullayev şəhid leytinantın müəllim işlədiyi illərdə əldə etdiyi uğurlardan, İsmayıllı və ölkə təhsilində göstərdiyi xidmətlərdən söz açaraq bildirir ki, Famil Əhmədzadənin tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olub, onun yolunu davam etdirirlər. 
 
"Famil müəllim İsmayıllı rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, bir sıra ictimai tədbirlərin təşkilatçısı olaraq böyük ictimai nüfuza malik idi. Rayonumuzun və ölkəmizin təhsili üçün böyük tövhələr verib". 
 
 
Könüllülük onun üçün çox önəmli idi...
 
Cəsur döyüşçü, ehtiyatda olan zabit, şəhid leytinantın həyat yoldaşı Vüsalə Əhmədzadənin də fikirlərini aldıq. 
 
"O hər bir işi sevərək görürdü. Könüllü olmaq onun həyat tərzi idi. Elə Vətən müharibəsində də könüllü olaraq cəbhəyə yollandı. O, ehtiyatda olan zabit idi. Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azad olunmasıda fəal iştirak etdi. Təssüf ki, oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci ildə  "Vətən uğrunda" medalı, 18 dekabr 2020-ci ildə "Döyüşdə fərqlənməyə görə" medalı, 24 iyun 2021-ci "Suqovuşanın azad olunmasına görə” medalı və 05 noyabr 2021-ci il 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir. 
 
 
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 31 avqust 2021-ci il tarixli, 112 nomrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Əhmədzadə Famil Ağaəhməd oğlunun adının əbədiləşdirilməsi məqsədilə yaşadığı "Niyal" küçəsinin adı dəyişdirilərək Famil Əhmədzadə küçəsi adlandırılmışdır".
 
 
Famil müəllimin yarımçıq qalan arzuları var idi...
 
"Həyat yoldaşı olaraq mən və oğlumuz Familin nakam arzularını, yarımçıq qalan xəyallarını yaşatmağa çalışırıq. Famil Əhmədzadə pedaqoji fəaliyyəti ilə yanaşı yazıçılıq, yaradıcılıqla da məşğul olurdu. Onun yazdığı, “Bir hərbiçinin manifesti” adlı kitabını tamamlamağa həyat vəfa etmədi. Onun arzularından birini də biz ailəsi olaraq 2023-cü ildə reallaşdırdıq. Yarımçıq qalmış kitabına “Bir insanın taleyi” bölməsini də əlavə etdik. 2022-ci ildə “Bir hərbiçinin manifesti və...” adlı kitab işıq üzü gördü. Kitabın ikinci hissəsində - “Bir insanın taleyi” bölməsində Famil Əhmədzadənin həyat yolu barədə onun ailə üzvlərinin, doğmalarının, dostlarının və onu tanıyan insanların Famil Əhmədzadə haqqındakı xatirələri öz əksini tapıb. Familin yaşadığı evdə onun adını daşıyan muzey təsis etmişik. O evin hər addımında Həyat yoldaşımın anıları yer alır. İnanıram ki, onun ruhu şaddır. O, sıralarımızda olmasa da ölməz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaqdır.
 
Elnarə QASIMOVA, 
Dağlıq Şirvan regionu üzrə təmsilçi


27.09.2024 | 17:38