İllik təhsil xərclərinin miqdarı ilə bağlı yeni qərar təhsilalanların daha keyfiyyətli təhsil almasına xidmət edəcək - TƏHLİL

Bildiyimiz kimi, qısa zaman öncə “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edildi.
 

Hələ 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sistemində yeni maliyyələşmə mexanizminin vacibliyi öz əksini tapmışdır. Belə ki, Sənəddə beşinci strateji istiqamət olaraq ölkədə iqtisadi dayanıqlılığa malik və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olan təhsil sisteminin maliyyələşdirilməsi modelinin yaradılması vurğulanır. Bu istiqamət təhsil maliyyələşdirmə mexanizminin müxtəlif mənbələrdən istifadə etməklə təkmilləşdirilməsini, adambaşına maliyyələşdirilməyə keçidi və ödənişli təhsil xidmətlərinin dəstəklənməsini nəzərdə tutur.
 

Təhsilsistemində rəqabət mühitinin dəstəklənməsi üçün yeni maliyyələşdirmə mexanizmi inkişaf etdirilməli və təhsil sistemində rəqabət mühitinin formalaşmasına dəstək verməlidir. Bunun üçün təhsilin bütün səviyyələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştə və nəticələrə əsaslanan əməkhaqqı sistemi qurulması, eləcə də maliyyələşdirmənin tədrisin keyfiyyət göstəricilərinə görə müəyyən edilməsi zəruridir.
 

Xarici təcrübəyə baxdığımız zaman ali təhsilin maliyyələşdirilməsi bir neçə fərqli yanaşma ilə həyata keçirilir:
 

1. Təklif üzrə maliyyələşmə inkişaf etməkdə olan ölkələrin əksəriyyətində maliyyələşmə, ali təhsil müəssisələrinin təqdim etdiyi təkliflər əsasında həyata keçirilir. Bu maliyyələşmə modeli universitetlərin fəaliyyət nəticələrinə bağlı olmadan, əsasən, əvvəlki illərin xərclərinə əsaslanaraq müəyyən edilir.
 

2. Nəticələrə əsaslanan maliyyələşmə sistemində büdcə vəsaitlərinin ayrılması ali təhsil müəssisələrinin əldə etdiyi nəticələrə, xüsusilə məzunların sayına, tədqiqata əsaslanır. Əgər gözlənilən nəticələr əldə olunmazsa və ayrılan vəsait tam istifadə edilməzsə, həmin vəsait ali təhsil müəssisəsinin büdcəsindən geri alınır və ya silinir. Bu model təhsil müəssisələrinin performansını artırmaq üçün maliyyə təşviqləri təmin edir.
 

3. Adambaşına maliyyələşmə modelində, bəzi ölkələr (Kanada, Böyük Britaniya, Fransa, Yaponiya, İsveç, Norveç və s.) ali təhsil müəssisələrini maliyyələşdirmək üçün tələbə başına düşən xərcləri hesablayırlar. Bu modeldə ixtisasların xüsusiyyətləri də nəzərə alınır və hər ixtisas üzrə tələb olunan təhsil xərci hökumət tərəfindən müəyyən edilir. Bu sistem tələbələrin ehtiyaclarına və ixtisaslara görə dəyişən maliyyə dəstəyi təmin edir.
 

Ölkəmizdə də 3-cü yanaşmanın tətbiqi (ali təhsilin bakalvriatura və magistratura səviyyəsində 2010-cu ildən, doktorantura səviyyəsində isə2020-ci ildən) ali təhsildə keyfiyyətin təmin olunmasına, ali təhsil müəssisələri arasında rəqabətin yaradılmasına, ayrılan vəsaitin tam səmərəli və məqsədli istifadəsinə, vəsaitlərin ayrılması prosesində subyektivliyə yol verilməməsinə, tələbələr üçün stimul yaratmağa birbaşa xidmət edir.

 

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi ilə illik təhsil xərclərinin orta məbləği təxminən 25 faiz artıb. Belə ki bakalavriat səviyyəsində bir təhsilalana düşən illik təhsil xərci 25%, magistratura səviyyəsində 26%, doktorantura səviyyəsində 60% artırılıb.

 

Bu qərar ali təhsil sistemində müxtəlif aspektlərdən dəyərləndirilməlidir:

 

Nazirlər Kabineti tərəfindən ayrı-ayrı ixtisaslar üzrə dövlət tərəfindən ayrılan ali təhsil xərclərinin artırılması ali təhsilin maliyyələşdirilməsi məsələsində dövlətin daha ciddi dəstəyini göstərir. Xərclərin artırılması ilə bağlı qərar təhsil müəssisələrinin fəaliyyətini və təhsilalanlara təqdim olunan xidmətlərin keyfiyyətini artırmaq məqsədilə verilib. Maliyyələşmənin artırılması təhsil müəssisələrinə daha çox resurs ayırmağa və təhsil infrastrukturu ilə yanaşı, akademik heyətin iş şəraitinin yaxşılaşdırılmasına imkan verir.

 

Bakalavriat və magistratura səviyyəsində xərclərin müvafiq olaraq 22% və 26% artırılması, təhsil müəssisələrinin tədris proqramlarını yeniləməsi və tələbələrə daha yaxşı xidmətlər təqdim etməsi üçün müsbət imkan yaradır.

 

Təhsil müəssisələri əlavə maliyyə dəstəyi ilə ali təhsil müəssisələri:
 

  • - Tədris proqramlarını təkmilləşdirə bilər;
     
  • - Müasir texnologiyalardan və avadanlıqlardan istifadəni genişləndirə bilər;
     
  • - Elmi tədqiqatların və praktiki təcrübələrin inkişafı üçün daha çox resurs ayıra bilər;
     
  • - Təhsilalanlara təqdim olunan xidmətləri (məsələn, kitabxanalar, laboratoriyalar, mərkəzləri) genişləndirə bilər.

 

Bu artımların keyfiyyətə birbaşa təsiri isə təhsildə rəqabətin artırılması, təhsilanların daha yaxşı hazırlanmasına və beynəlxalq standartlara uyğun mütəxəssis-kadrların yetişdirilməsinə imkan verə bilər.

 

Digər tərəfdən, doktorantura səviyyəsində təhsil xərclərinin 60% artırılması elmi tədqiqat işlərinin maliyyələşdirilməsi baxımından əhəmiyyətli bir dəyişikliyə səbəb ola bilər. Bu artım doktorantların:
 

  • - Daha geniş tədqiqat imkanlarına malik olmalarına;
     
  • - Elmi nəşrlərə çıxışlarının artmasına;
     
  • - Laboratoriya və tədqiqat mərkəzlərinin inkişafına;
     
  • - Xarici mənbələrdən faydalanma imkanlarının genişlənməsinə şərait yarada bilər.
     

Bu qərar, xüsusilə elmi-tədqiqatlarda yeni innovasiyalar yaradan doktorantların və tədqiqatçıların inkişafını sürətləndirə bilər.

 

Həmçinin təhsil xərclərinin artırılması, ali təhsil müəssisələrinin kadr hazırlığını keyfiyyətcə təkmilləşdirə bilər. Belə ki, daha yüksək maliyyə dəstəyi:
 

  • - Universitetlərdə keyfiyyətli professor-müəllim heyəti cəlb etməyə imkan verə bilər;
     
  • - Əlverişli təhsil mühiti yaratmaqla tələbələrin akademik nəticələrini və ümumi hazırlığını gücləndirə bilər;
     
  • - Tədris proqramlarını müasir tələblərə uyğunlaşdırılması üçün imkan yaradar;
     
  • - Universitetlər üçün daha geniş akademik mübadilə proqramları təşkil etməyə şərait yaradar.

 

Son olaraq qeyd edim ki, bu qərar ali təhsil müəssisələrinin resurs bazasını gücləndirəcəyi, tələbələrin daha keyfiyyətli təhsil almasına xidmət edəcəyi, şübhəsizdir. Resurs bazasının genişlənməsi ali təhsil müəssisələrinin infrastrukturu, tədris metodları və təcrübə imkanlarının yaxşılaşdırılmasına, həmçinin beynəlxalq standartlara uyğun təhsilin təmin edilməsinə imkan yaradır. Bununla belə, ayrılan resursların səmərəli və məqsədyönlü şəkildə istifadə edilməsi vacibdir. Artımların effektiv istifadəsi üçün təhsil müəssisələri tərəfindən yalnız maliyyə deyil, həm də insan resurslarının düzgün idarə olunması, tədris prosesinin innovativ üsullarla təşkil edilməsi və strateji planlaşdırma aparılması tələb olunur. İdarəetmə prosesinin təkmilləşdirilməsi, həmçinin tələbələrin fərdi inkişafını dəstəkləyən proqramların hazırlanması və reallaşdırılması üçün təhsilin keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Yalnız bu halda, ayrılan resurslar hədəfə çatacaq və ölkəmizin ali təhsil sektorunun inkişafında real irəliləyişlər təmin ediləcək.
 

Rasim HƏSƏNZADƏ,
Hökümətlərarası Təqaüd Proqramının təqaüdçüsü, Türkiyənin Qazi Universitetinin doktorantı



20.09.2024 | 15:45