Dövlət suverenliyimizlə nəticələnən Zəfər dastanı
Addım-addım zəfərə doğru
 
2020-ci il 27 sentyabr səhəri top səsləri, bir-birinə qarışmış fərqli gurultularla  açıldı. Biz kənddə yaşayırıq. Bir səs-küy olan kimi kənd camaatı təşvişə düşür. Budəfəki təşviş fərqli idi. Hər kəs nə baş verdiyini səslərin istiqamətindən ayırd etməyə çalışırdı. Hamı gün boyu televiziyada gedən xəbərləri diqqətlə izləyirdi. 
 
Vaxt gəldi, vədə yerişdi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi:
 
“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri xalqı zəfərə ruhlandırdı. 
 
44 gün davam edən və 30 illik işğala son qoyan müharibənin gedişində ölkə başçısının "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" şüarı dillərdə əzbər oldu. Artıq səslər təşviş deyil, sevinc yaradardı. Bir neçə saat sonra şad xəbərlər gəlməyə başladı. Ordumuz qətiyyətlə irəliləyirdi. Dövlət başçısının xalqa hər müraciəti ruh yüksəkliyini daha da artırırdı. Bizim kimi doğma torpaqlarımız da öz sahiblərinə qovuşmağa tələsirdi. Gələn şad xəbərlərdən sonra artıq gün boyu bizi müşayiət edən gurultu səslərindən kimsə qorxuya düşməmişdi, vətəndaşlarımız silahların açdığı izlərin silinməsini səbirsizliklə gözləyirdi. Bu dəfə səs gəlməyəndə üzlərin ifadəsi dəyişirdi, “axı noldu?”, “səslər niyə dayandı?” düşüncələri bizə yoldaşlıq edirdi. 
 
Bütün evlərdə böyükdən kiçiyə hər kəs televiziyada gedən xəbərləri bir-birinə ötürürdü. Şad xəbərlər yenə də gəlməyə davam edirdi. Sevinci, qüruru, göz yaşlarını eyni anda yaşayırdıq. 44 gün səhəri gecə ilə, gecəni səhərlə bərabər açdıq. Çoxdan gözlədiyimiz xəbərə lap az qalmışdı. Lap az…
 
Nəhayət, o gün gəldi. Ali Baş Komandanımız Şuşa şəhərinin artıq ordumuzun nəzarəti altında olduğu xəbərini Azərbaycan xalqına müraciətində bildirdi. 8 Noyabr Zəfərimiz - Şuşa şəhərinin azad edilməsi ilə düşmən məğlubiyyətini qəbul etdi və kapitulyasiya aktına imza atdı. Əlbəttə, bu qalibiyyət itkisiz ötüşmədi. Şəhidlərimiz, qazilərimiz oldu. Vətən müharibəsi bir daha xalqımızın birliyinin dağı, daşı yerindən oynadacaq gücə sahib olduğunu göstərdi.
 
Bu şanlı tarixə şahidlik etmək, hələ bu haqda yazmaq bir ayrı fəxrdir. 
 
Suverenliyin bərpası
 
Azad olunmuş  Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, Şuşa şəhərlərini, eləcə də, qəsəbə və kəndləri əvvəlki gözəlliyindən əsər qalmamış halda gördük. Daşı daş üstə qalmamışdı. Sakinlər evlərini, həyətlərini kiçicik bir işarədən tanımağa çalışırdı. 
 
Qurub-yaratmağa, dirçəltməyə qayıtdıq. 
 
Amma, məkirli düşmən öz xislətindən yenə də əl çəkmirdi. Atəşkəsi kobud şəkildə pozurdu. 2022-ci ilin 12–14 sentyabr hadisələri, 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda 24 saatdan az davam edən lokal “Antiterror əməliyyatı” düşmənə layiqli cavab oldu. Lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Bu gün Azərbaycan Respublikasının hər qarış torpağında üçrəngli bayrağımız əzəmətlə dalğalanır. 
 
"Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".
 
Bu sözlər ölkə başçısının Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamında qeyd olunur. Müvafiq Sərəncama əsasən 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 
 
Azad edilən torpaqlarda yeni dövr
 
İşğaldan azad edilmiş ərazilərimizdə yeni dövr başladı. Dövlətimiz tərəfindən abadlıq-quruculuq işləri həyata keçirilir. Sakinlər öz doğma yurdlarına qayıdırlar. Təbii ki, az zaman kəsiyində 30 il ərzində dağıdılmış infrastrukturun bərpası çətindir. Qısa müddətdə azad edilən ərazilərimizdə yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təchiz edilməsi dövlətimizin təhsilə göstərdiyi diqqətin nəticəsidir. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması təhsilimizin inkişafında yeni bir səhifənin açılması deməkdir. 
 
Bu gün həmin ərazilərdən önəmli xəbərlər hazırlanır, medianın gündəmində olur.
 
Dövlət Suverenliyi Günümüz mübarək!
 
Rəmziyyə HƏSƏNOVA,
Qarabağ və Şərqi-Zəngəzur üzrə regional təmsilçi


20.09.2024 | 09:44