Özbəkistanlı alimin BDU-da ustad dərsi

Özbəkistanın Xarəzm Pedaqoqların Təlimi üzrə Milli Mərkəzinin kafedra müdiri filologiya elmləri doktoru Nəsibə Sabirovna Bakı Dövlət Universitetinin (BDU) informasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və Özbəkistan-Azərbaycan mədəni əlaqələri” mövzusunda ustad dərsi keçib.

 

Nəsibə Sabirovna “Heydər Əliyev İli”ndə Azərbaycanda olmaqdan və məhz Ümummilli Liderin məzunu olduğu universitetdə mühazirə oxumaqdan məmnunluğunu ifadə edib. O, eyni soya malik olan xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ sovet dövründə siyasi təqiblərə baxmayaraq, xalqlarımız arasında mədəni əlaqələrin davam etdirilməsinə səy göstərib: “Müstəqillik illərində siyasi, iqtisadi, eyni zamanda ədəbi-mədəni əlaqələrimiz Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun tarixi xidmətləri ilə daha da inkişaf etdirildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev münasibətlərimizi ən yüksək səviyyəyə çatdırıblar”.

 

Mühazirədə Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan ədəbiyyatı nümunələrinin nəşri və təbliğindən bəhs olunub. Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərin yubileylərinin mütəmadi olaraq hər iki ölkədə qeyd olunması ənənəsinin formalaşdığı, həmin ənənələrin bu gün də davam etdirildiyi vurğulanıb.

 

Məruzəçi hər iki ölkə arasında mədəni əlaqələr sahəsində kitabxana-informasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu qeyd edib. Qardaş ölkələrin milli kitabxanaları arasındakı qarşılıqlı əlaqələrin, kitab mübadiləsinin mütəmadi olaraq davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlayan BDU-nun informasiya və sənəd menecmenti fakültəsi ilə Özbəkistanın müvafiq ixtisas üzrə müətəxəssis hazırlayan ali məktəbləri arasında son dövrlər əlaqələr daha da inkişaf etdirilir, birgə beynəlxalq konfranslar, seminar və ustad dərsləri təşkil olunur.

 

Filologiya elmləri doktoru Nəsibə Sabirovnanın mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, alim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

 



30.05.2023 | 15:31