“Məktəb, təhsil bizim şansımızdır”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Varkey Fondunun direktoru Avqustin Porres olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 15 may 2023-cü il tarixində yayımlanan bölümündə “Təhsilin Nobeli”ni seçən fondun direktoru ilə “Müəllim nüfuzu” barəsində danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Xarakterin inkişaf etdirilməsi

 

Proqramın girişində gorüşün aparıcısı Cəfər Mənsimi qonağı salamlayaraq izləyicilərə yaxından təqdim edib. Bildirib ki, Avqustin Porres Varkey Fondunun direktorudur. Fond tərəfindən “Təhsilin Nobeli” olaraq tanınan “Qlobal Müəllim Mükafatı” təsis edilib. Bu məqsədlə hər il “İlin ən yaxşı müəllimi” seçilir və qalibə 1 milyon dollar mükafat verilir. Əsasən qızların təhsili, təhsildə texnologiya və müəllim hazırlığı istiqamətində müxtəlif layihələr həyata keçirən Varkey Fondu müəllimlərin nüfuzunu artırmaq üçün “Müəllim önəmlidir” və “Təhsil vasitəsi ilə həyatları dəyişdirmək” mottosu ilə fəaliyyətini davam etdirir. A.Porres Argentinanın Təhsil Nazirliyində və Sosial Təminat Agentliyində məsul vəzifədə çalışıb. O, Varkey Fondundan əvvəl FormarHub Fondunun icraçı direktoru olub.

 

C.Mənsiminin “Sizin özünü kəşf etmək səyahəti nə vaxt və necə başlayıb? Özünü kəşf prosesində təhsilin rolunu necə qiymətləndirirsiniz?” sualına cavabında qonaq bildirib ki, onun üçün özünü fərd olaraq gerçəkləşdirmək insanlara xidmət etməkdən ibarət olub. Faydalı olmaq hissi onu xoşbəxt edib və o bu istiqamətdə təhsili ən yaxşı üsul adlandırıb. Xüsusilə müəllimlərin rolunu qeyd edən Porres cəmiyyətə faydalı olmaqda, xidmət göstərməkdə onların bələdçi olduqlarını qeyd edib. Təhsildə texnologiyanın geniş müzakirə predmeti olduğunu dilə gətirərək digərlərinə xidmət və xarakterin inkişaf etdirilməsi xüsusiyyətlərini də önə çəkib.

 

Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən fond rəhbəri vurğulayıb ki, xarakterin inkişaf etdirilməsi ilə yanaşı uşaqlara fundamental biliyi aşılamaq da çox vacibdir. Porres uşaqların oxu, oxuduqlarını şüurlu şəkildə anlama, mütaliə və riyaziyyat bacarıqlarını önə çəkərək təməl biliklərin, ardınca isə xarakterin inkişaf etdirilməsinə fokuslanmağı əsas götürməyi tövsiyə edib.

Bir çox ölkələrdə uşaqların fundamental imkanlardan məhrum olduqlarını dilə gətirən qonaq bu səbəbdən onların xarakterinin inkişaf etdirilməsinə keçidin qeyri-mümkünlüyü fikrini səsləndirib.

 

Keyfiyyətli təhsilin açarı

 

Aparıcı Varkey Fondunun məqsədlərindən birinin hər kəsi keyfiyyətli təhsillə təmin etmək olduğunu qeyd edərək “Keyfiyyətli təhsil deyəndə nə nəzərdə tutursunuz?” sualını ünvanlayıb. Avqustin Porres keyfiyyətli təhsili “sərbəst olmağa, öz düşüncələrinizə sahib çıxmağa, fikrinizi formalaşdırmağa kömək edən bir vasitə” adlandırıb. Təməl biliklərin bir çox mənbələrə çıxışı olduğunu söyləyən Porres xarakterin şəxsi fikir yürütmə, müstəqil şəkildə qərar vermə, seçim etmə qabiliyyətlərinin formalaşmasında mühüm rol oynadığını deyib. Onun fikrincə, təhsil bütün uşaqların ehtiyaclarına cavab verməli, onlara məlhəm olmalıdır. Şüurlu və şüursuz ehtiyacların mövcudluğunu deyən fond rəhbəri uşaqların bu ehtiyacların bəzilərinin fərqində olduğunu, bəzilərinin isə fərqində olmadıqlarını, onların potensialında həmin ehtiyacların mövcudluğunu qeyd edib. Ehtiyacları qarşılayıb bacarıqların formalaşmasına kömək etməyi keyfiyyətli təhsilin açarı adlandırıb.

 

Möhtəşəm müəllim

 

Varkey Fondunun təqdimat yazılarında “Hər kəs möhtəşəm müəllimə layiqdir” fikrinin yer alması barəsində danışan qonaq möhtəşəm müəllimin hər kəsə əlçatan olması üçün başlıca olaraq müəllim peşəsinin nüfuzunu artırmağın, müəllimin mövqeyinin, statusunun mötəbər olmasının vacibliyini qeyd edib. Bu məqamın cəmiyyətin üzərində sosial məsuliyyət və təhsilin üzərində məsuliyyət olduğunu vurğulayıb. Fond rəhbəri məsuliyyət dedikdə müəllimin karyerasının təbliğ olunması, imtiyazlarla təmin olunması, yüksək universitet və ixtisasartırma təhsili ilə təmin etmə, uyğun səviyyədə məvaciblə təmin olunma məsələlərini nəzərdə tutduğunu qeyd edib. 

 

“Təhsilin Nobeli” olaraq tanınan “Qlobal Müəllim Mükafatı” (GlobalTeacher Prize) müsabiqəsində hər ilin ən yaxşı müəllimini seçməklə ilin ən yaxşı müəllimlərinin ortaq xüsusiyyətləri haqqında danışan fond rəhbəri qalib gələn müəllimlərin Böyük Britaniya, Fələstin, Keniya, Kanada və digər ölkələrdən asılı olaraq fərqli olduğunu bildirib. Lakin fərqli olduqları qədər də oxşar cəhətlərinin xeyirxah, şagirdlərini, gördüyü işi necə sevməklərindən ibarət olduğunu deyib. “Nə edirsənsə et, sevgi ilə et!” şüarını səsləndirən qonaq bu yanaşma üzərindən yola çıxdıqlarını diqqətə çatdırıb və həmin yanaşmanın müsabiqədə qalib olan müəllimlərdə dərhal sezildiyini söyləyib. Müəllimlərin digər oxşar cəhətlərini sadalayan fond rəhbəri onların məktəbdəki həyatla işlərinin bitmədiyini, şagirdləri dəyişməklə yanaşı yaşadıqları icmanı da dəyişdirdiklərini, məktəb divarlarından kənarda da fayda verdiklərini, dərslərdə və dərsdən sonrakı fəaliyyətlərini cəmiyyətə həsr etdiklərini bildirib.

 

Məktəb direktorlarının rolu

 

C.Mənsiminin “Müəllimlər vacibdir” çağırışınız ilə müəllimlərin işinin təqdir edilməsi, mükafatlandırılmasına inanırsınız. Bəs onların motivasiyasını hansı yollarla artırmaq olar? Onların özlərinin motivatoruna çevrilməsi üçün nə təklif edirsiniz?” sualını cavablandıran A.Porres motivasiyanın başlıca şərt olduğunu vurğulayaraq bunun komanda, kollektiv işi olduğuna diqqət çəkib. İnsanların həyatının eniş-yoxuşlardan ibarət olduğunu deyən qonaq hər an motivasiyalı qalmağın mümkünsüzlüyünü deyib və bunun təbii olduğunu bildirib. Bu zaman ətrafın insanın dadına çatdığını, təhsildə isə məmurların, icraçıların, xidmət təminatçılarının müəllimlərə kömək etməli olduğunu qeyd edib. Yəni motivasiyalı qalmaq üçün insanların biri-birinə kömək etməli olduğunu, məktəb direktorlarının da xüsusi olaraq daxili və xarici motivasiyanın formalaşmasında böyük rol oynadıqlarını diqqətə çatdırıb.

 

Avqustin Porres Varkey Fondunda məhz məktəb direktorları üçün “Liderlik və innovasiyalar” təlimi keçdiklərini qeyd edib. O, təlimin direktorların lider, innovasiyalara açıq olaraq məktəbi idarəetmələri ilə bağlı olduğunu deyib və məktəbin transformasiyasında direktorun rolunu gördüyünü bildirib: “Direktorların sağlam mühitin formalaşmasında rolu böyükdür. Onlar bir lider olaraq elə sağlam mühit yaratmalıdırlar ki, müəllimlərin bütün əməkdaşlarla, şagirdlərlə sağlam münasibəti olsun. Məktəb həyatı tək dərslə məhdudlaşmamalıdır. Müəllimlər arasında ünsiyyət, birlikdə vaxtın və əlavə tədbirlərin keçirilməsi də önəmlidir. Biz çox zaman innovasiyalar haqqında danışırıq.

İnnovasiyaların baş tutması üçün sağlam məktəb mühiti və mədəniyyəti lazımdır. Təşəbbüslü olmaq üçün sağlam mühitdə fəaliyyət göstərmək lazımdır. Motivasiyasız heç bir innovasiyanın faydası olmayacaq.

Bu baxımdan məktəb direktorlarının məktəb daxilində sağlam münasibətin yaradılmasında rolu olduqca önəmlidir. Məktəb direktoru məktəb mədəniyyətinin formalaşması üçün kollektivlə mümkün qədər çox vaxt keçirməlidir”.

 

Sabiq təhsil nazirlərindən tövsiyə

 

Avqustin Porres “Təhsildə yarımçıq iş” kitabında 31 sabiq təhsil naziri ilə apardığı müsahibələrdən çıxarılacaq dərslər barədə sualı cavablandırarkən qeyd edib ki, çıxardığı əsas ibrət öyrənməyə fokuslanmaq fikrindən ibarətdir. Bir çox yerli və yersiz məsələlərin təhsildə müzakirə predmeti olduğunu diqqətə çatdıran qonaq təhsildə məhz öyrənməyə fokuslanmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “doğru qərarların verilməsində yubandıqca gələcək nəsillərin taleyindən günləri oğurlamış oluruq”. Söhbət etdiyi sabiq nazirlərdən çox şey öyrəndiyini deyən Porres müəllimliyin olduqca çətin peşə olduğunu bildirib. “Siz həyatınızın çox hissəsini müəllimliyə, yeni nəslin yetişdirilməsinə həsr edirsiniz. Lakin səmimi deyək ki, çox az sayda insan bunu lazımınca dəyərləndirir. Sizi hətta tənqid edirlər, müəllimi bir düşmən kimi də görürlər. Biz ilk növbədə müəllimi dəyərləndirməyə başlamalıyıq. Valideyn və müəllimlərin eyni məqsədi var - sağlam nəslin, təhsilli uşaqların yetişdirilməsi. Ona görə müəllimlərə verilən dəyər çox önəmlidir”, -Avqustin Porres qeyd edib.

 

Qonaq nazirlərlə söhbət əsnasında digər çıxardığı nəticələrdən təhsil sistemində dəyişiklik edilməsi, yeni sistemə keçid, insanların qiymətləndirilmə sisteminin dəyişdirilməsi, texnologiyaların geniş tətbiqi, müəllimlərə səlahiyyətin verilməsi, təhsil sahəsində çalışan məmurların səlahiyyət bölgüsünün aparılması məsələlərini sadalayıb.

 

Təhsildə hələ də yarımçıq qalan iş və bu işin tamamlanması üçün Porres müsahiblərinin təhsilin prioritetləşdirilməsi, mənimsənilməsini tövsiyə etdiklərini bildirib. Fond rəhbəri deyib: “Təhsili önəmsəmədən biz hansısa köklü nailiyyətlərə nail ola bilməyəcəyik. Mən keçmiş nazirlərlə müsahibəmdə də bunu eşitdim. Bəyanatlarda, çıxışlarda, rəsmi səviyyədə edilən qeydlərdə vurğulanır ki, təhsil dövlətimizin prioriteti olmalıdır, gündəmdə bir nömrəli məsələ olmalıdır. Ancaq söz olaraq, bəyanat olaraq qalır. Reallıqda vəziyyət belə deyil, çünki əks təqdirdə biz cəmiyyət olaraq daha yaxşı vəziyyətdə olardıq. Sabiq nazirlər deyirdilər ki, biz Həmkarlar İttifaqı, Ədliyyə Nazirliyi, digər nazirliklərlə mübarizə aparırdıq. Bu, olduqca çətin məsələ idi. Təhsili hökümət, dövlət səviyyəsində önəmsəmək gərəkdir. Bu siyasətdə, siyasətin icra olunmasında bir nömrəli məsələ olmalıdır”.

 

Müəllim nüfuzunun artırılması

 

Cəfər Mənsiminin “Apardığınız tədqiqatda belə bir nəticə çıxarılıb ki, Çində müəllim nüfuzu çox yüksəkdir, lakin müəllimin maaşı aşağıdır. Müəllimin maaşı yüksək olan Avropa ölkələrində isə müəllim nüfuzu daha geridədir. Biz buradan hansı nəticəni çıxarmalıyıq? Müəllim nüfuzu yüksək olan ölkələrin hansı təcrübəsindən yararlanmalıyıq? Müəllimin nüfuzunun artırılması üçün müəllimlərlə etimad körpüsünün qurulmasına necə baxırsınız?” suallarına cavab olaraq Porres bildirib ki, bir sıra ölkələrdə müəllimlərin statusu daha mütərəqqidir. O, müəllimlər arasında müəyyən şəbəkələşmə, ünsiyyət qurulmalı, ölkədə və beynəlxalq miqyasda əməkdaşlıq şəbəkəsi formalaşdırılmalı olduğunu diqqətə çatdırıb.

“Müəllimlər qəhrəman olduqda özlərini inkişaf etdirməyə həvəs göstərirlər” fikrinin müəllifi A.Porres bildirib ki, cəmiyyət olaraq sosial və ənənəvi media müəllimin yüksək statuslu peşəkar kimi təqdim edilməsində böyük rola malikdir. Porres deyib: “Müəllimlik peşəsini bayram kimi qeyd etmək lazımdır, bu, atributlardan biri olmalıdır. Latın Amerikasında biz müəllimlik peşəsinin qeyd olunmasında məşhur şəxslərlə, ulduzlarla videolar hazırlayırıq. Onlar həyatları boyunca təsirləndiyi müəllimlər haqqında fikirlərini, xatirələrini paylaşırlar. Bunun da böyük önəmi var. Uşaqlar məşhur şəxslərin təsirinə çox məruz qalırlar, onları izləyirlər və onların müəllimlər haqqında dilə gətirdiyi xatirələr, gözəl sözlər diqqətdən kənar qalmır. Müəllimin özünü qəhrəman kimi hiss etməsi üçün biz onu cəmiyyətdə nüfuz sahibinə çevirməliyik”.

 

“Sizin tədqiqatlarınızın nəticəsi göstərir ki, qlobal olaraq gənclər gələcək haqqında bədbindirlər. Belə ki, 20 ölkədən 16-da bir çox gənc dünyanın yaşamaq üçün daha yaxşı yerə çevrildiyinə inananlardan daha çox, dünyanın pis yerə çevrildiyinə inanır. Buna rəğmən gənclərin 80 faizi təhsilin ümid mənbəyi olduğunu deyir. Bəs necə edək ki, onların ümidləri özlərini doğrultsun?” sualına cavabında qonaq gənclərin dünyanın gələcəyi, yaşadıqları mühitlə bağlı nikbin olması üçün çıxış yolunun məhz təhsildən keçdiyini bildirib: “Bəzi insanlar belə bir pessimizmi təhsilin problemli qalması ilə əlaqələndirirlər. Mən isə deyərdim ki, əksinə, təhsil problem yox, imkandır. Sadəcə biz bu imkanı düzgün qiymətləndirməliyik. Məktəb, təhsil bizim şansımızdır”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Avqustin Porres aşağıdakıları sadalayıb: “1-ci guşə olaraq mən təhsilə fokuslanmağı qeyd edərdim. Təəssüf ki, təhsillə bağlı olmayan bir sıra məsələlər gündəmdədir. Biz fikri yayındıran məsələləri bir kənara qoymalıyıq və diqqətimizi əsasən öyrənməyə yönəltməliyik. 2-ci guşə kimi mən müəllimlərin gücləndirilməsini qeyd edirəm. Gücləndirilmə dedikdə söhbət onların səlahiyyətləndirilməsi, təlimləndirilməsi, mövqeyinin daha mötəbər edilməsindən gedir. 3-ci guşə olaraq data, məlumatlar, verilənləri əlavə edərdim. Yəni, məlumatların verilməsi zamanı datadan istifadə etmək, datanın müxtəlif həcmdə, formada təhsildə çatımlı, emal olunması olduqca önəmlidir. 4-cü guşə olaraq innovasiyanı qeyd edərdim və deyərdim ki, texnologiyadan daha çox innovasiya. Bəzən texnologiya ilə, bəzən də texnologiyasız innovasiya. İnnovasiyanı tək avadanlıqlarla deyil, həmçinin də şüurumuzla, dərrakəmizlə, yanaşmamızla, təşəbbüsümüzlə və digər vasitələrlə həyata keçirə bilərik. 5-ci guşə olaraq təməl bilikləri və savadı deyərdim. Yəni oxu, riyazi biliklər, oxuduğunu başa düşmək, sual vermək qabiliyyəti və s. 6-cı guşəyə məktəblərin muxtariyyətini, müstəqilliyini daxil edərdim. Burada mən məktəb direktorlarına səlahiyyətlərin verilməsinin tərəfdarıyam. 7-ci guşə - daha yaxşı məktəblərin qurulması və məktəblərin mədəniyyət, təhsil saraylarına çevrilməsidir. 8-ci guşə isə gördüyün işə məhəbbətdir, məhəbbətlə yanaşma məsələsidir və burada mən Cəfər Mənsimini xüsusilə qeyd etmək istəyirəm. Çünki o mənə verilişlə bağlı dəvət məktubunu göndərəndə hər məktubun sonunda “Təhsilə böyük və dərin məhəbbətlə” imzası atırdı. Mən bunu məxsusi bəyənirəm. Təhsilə verilən bu önəm olduqca vacibdir. Bu baxımdan təhsilə məhəbbət, sevgi ilə yanaşmaq çox önəmlidir”. 

 

Görüşün sonunda “T-Network”ün rəhbəri Cəfər Mənsimi Avqustin Porresin “Təhsil məktəbin divarlarından kənara çıxmalıdır” fikrinə əsaslanaraq “əsas çağırışlardan biri də məktəb həyatından həyat məktəbinə keçid etməkdir” cümləsi ilə proqramı yekunlaşdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



19.05.2023 | 13:49