Ulu Öndərin təhsil siyasəti tədqiqat obyekti kimi

Təhsil sistemi sosial institutlardan biri olduğundan onun inkişafı elmi-texniki və sosial tərəqqinin mahiyyətinə və nailiyyətlərinə görə cəmiyyətin dəyişən tələbatlarına əsasən əvvəlcədən müəyyən edilir. Müasir ictimai inkişafın dinamikası insan həyatının və fəaliyyətinin bütün sahələrində - elm və texnika, iqtisadiyyat və siyasət, təhsil və mədəniyyət, istehsalın təşkili və onun idarə edilməsi sahələrində sürətli və dərin dəyişikliklərlə səciyyələnir. Təhsil ən mühüm sosial institutlardan biri kimi həm də cəmiyyətin dəyişən məqsəd və tələblərinə uyğun olaraq, yüksək texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə daim inkişafa tabedir. Azərbaycan təhsili şagirdlərin nailiyyətlər əldə edə bilməsi üçün onlara lazım olan bilik, bacarıq və vərdişləri əldə etmələrinə, mənimsənilənlərin həyatda tətbiq edilməsinə yönəlmişdir. Respublikada uzun illərdir ki, həyata keçirilən təhsil islahatlarının nəticəsində dünya təhsil sisteminə inteqrasiya çərçivəsində gənclərin hərtərəfli biliyə malik olması, tədqiqatçılıq bacarıqlarının formalaşması, əldə olunan informasiyanı məqsədəuyğun tətbiq etmələri tələb olunur. Gənclərimizin respublikamızda və onun hüdudlarından kənarda nailiyyətlər qazanmasında, hər şeydən öndə olan mənəvi-əxlaqi dəyərlərimizə sahiblənməsində, öyrənməyə, araşdırmağa, tətbiq etməyə, bir sözlə, vətəninə, millətinə daim nailiyyətlər bəxş edən bir vətəndaş, şəxsiyyət kimi formalaşmasında təhsilin rolu əvəzsizdir. 1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin inkişafı müasir müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görür, istər Azərbaycan SSR-yə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dövründə bütün digər sahələrlə yanaşı, elmə, təhsilə yüksək qiymət verməklə bu istiqamətdə bütün gücünü səfərbər etmiş, özünün də qeyd etdiyi kimi, ona verilən minimum imkanlardan belə Azərbaycan üçün maksimum səviyyədə istifadə etmişdir.

 

Ulu Öndərin 1969-cu ildən- Azərbaycan SSR-yə rəhbərliyi dövründən başlayaraq bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşması heç də təsadüfi deyildi. Dahi şəxsiyyət yaxşı bilirdi ki, dünya sivilizasiyası tarixində elmə, təhsilə yüksək qiymət verən dövlət başçılarının rəhbərlik etdiyi ölkələrin həm iqtisadi, həm də mədəni  yüksəlişi təmin edilmişdir. Elə buna görə də dahi şəxsiyyət Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü.

 

Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə gələn gündən milli ruhu, milli mənəvi və mədəni inkişafı gücləndirmək, ölkənin gələcək müstəqilliyinin əsasını yaratmaq üçün fəal işə başladı. Azərbaycana rəhbərliyinin ilk dövründən başlayaraq onun iştirakı ilə keçirilən bütün tədbirlərdə xalqın tarixi və mənəvi-mədəni həyatı ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilirdi.

 

Ulu Öndər Heydər Əliyevə görə milli-mənəvi dəyərlərin qorunmasında və dünyada tanıdılmasında böyük ağırlıq mənəviyyatın və əxlaqın üzərinə köklənməlidir. O, qeyd edirdi ki, əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalı və onlar xalqın digər təbəqələrinə nümunə göstərilməlidir.

 

Məktəb və maarif tarix boyu hər bir xalqın tərəqqisində, onun milli özünüdərkində mühüm rol oynayıb. Çünki milli özünüdərk formalaşmadan milli-mədəni irs qoruna, inkişaf etdirilə bilməz. Milli-mədəni irsin qorunması birbaşa təhsil sistemi ilə sıx bağlıdır. Bu həqiqətləri dərindən dərk edən müdrik şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda mədəni-maarif, elm, səhiyyə, sosial xidmət obyektlərinin geniş şəbəkəsi yaradılırdı. Təhsilin inkişafı, milli kadrların hazırlanması işinin təşkili bu dövrdə tamamilə yeni səviyyəyə çatdırılmışdı. Ümumiyyətlə, Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi bütün tədbirlər sanki gələcək müstəqil Azərbaycanın formalaşdırılması üçün hesablanmışdı. Ulu Öndər Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməklə müstəqil Azərbaycanın möhkəm özüllər üzərində qurulmasını təmin etdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində xalqın həyatında yeni bir canlanma dövrü başladı.

 

Azərbaycan gənclərinin I Forumundakı çıxışında, Forumun birilliyi ilə əlaqədar olaraq forum nümayəndələrinin bir qrupu ilə 1 fevral 1997-ci il tarixli görüşündə Heydər Əliyev gəncləri elmə, mədəniyyətə, təhsilə, idmana, ictimai faydalı işlərə daha çox cəlb etməyi tövsiyə edirdi.

 

Ulu Öndərin ölkəmizin tarixində qoyduğu iz bu gün xüsusi tədqiqat obyekti kimi araşdırılır, onun irsi tədqiqat mövzusu kimi öyrənilməkdədir. 29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizdə Ümummilli Liderlə bağlı silsilə tədbirlərin təşkilini  reallaşdırdı.

 

Ulu Öndərin gənclərə diqqəti, onların elmə dərindən yiyələnməsinə qayğısı Azərbaycan Dövlət Pedaqoji Universitetində də yüksək qiymətləndirilir. Bu gün Ulu Öndərin 100 illiyi ilə bağlı həm ölkədə, həm də ölkə hüdudlarından kənarda müxtəlif mövzularda tədbirlər həyata keçirilir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti də bu silsilə tədbirlərə öz töhfəsini verir.

 

Gənclərin tədqiqata cəlb olunması, onların araşdırma bacarıqlarının inkişaf etdirilməsi üçün göstərilən səylər bilavasitə universitetimizin rəhbərliyi, müəllim və professor heyətinin üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Yüksək intellektli gənclər yetişdirən universitetimiz Heydər Əliyev irsini araşdırmaq üçün müxtəlif istiqamətlərdə işlər görməkdədir. Müsbət hallardan biridir ki, universitetimizin əksər fakültə və ixtisaslarında, istər bakalavriat, istərsə də magistratura səviyyəsində Ulu Öndərin həyat və fəaliyyəti öyrənilir, araşdırılır, eləcə də tədqiq edilir. Universitetimizin “Biologiya və onun tədrisi texnologiyası” ixtisası üzrə təhsil alan magistrantlarına ayrıca “Heydər Əliyev və Azərbaycan elmi” fənni tədris edilir ki, bu da Ümummilli Liderin elm və təhsil sahəsində gördüyü işlər, ölkədə bu sahədə əldə olunan nailiyyətlərlə bağlı gənc tədqiqatçıların maariflənməsi və bu istiqamətdə araşdırmalara cəlb olunması, yetişən gənclərin Heydər Əliyev siyasətinə sədaqət nümayiş etdirməklə elmin, təhsilin, mədəniyyətin inkişafında yaxından iştirak etmələri, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin daha da artması yolunda əllərindən gələni etmələri üçün təqdirəlayiq bir addımdır. 

 

Məhz fənnin tələbələrdə oyatdığı maraq onların daha geniş araşdırmalara cəlb olunmasına, Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfransın təşkilinə şərait yaratdı. Magistrantlarımızın yüksək tədqiqatçılıq fəaliyyətinin nəticəsi olaraq Ulu Öndərin sovet hakimiyyəti illərindən başlayaraq təhsil və elm sahəsində gördüyü işlər sistemli şəkildə araşdırılaraq tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Magistrantların Heydər Əliyevin rəhbərliyi dövründə ümumtəhsil,  texniki peşə, ali təhsil, təhsilin infrastrukturu sahəsində əldə olunan nailiyyətlər, gənclərin respublikadan kənarda təhsili, respublikada hərbi kadr hazırlığı, AMEA-nın fəaliyyətində əldə olunan uğurlar, elm xadimlərinin təltif olunması ilə bağlı araşdırmaları və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi mövzularında məruzələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Bu, onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti özünün müsbət nəticəsini verməkdədir.

 

Düşünürəm ki, müəllimlər yalnız dərs dedikləri auditoriyada fəaliyyət göstərmirlər. Bu gün hər bir təhsil işçisinin qarşısında duran əsas vəzifə gəncləri Heydər Əliyevin Azərbaycanın  tarixinin, Azərbaycan təhsilinin inkişafı sahəsində, Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində gördüyü işlər barədə tədqiqatlara cəlb etməkdir.

 

Könül MAHMUDOVA,

Azərbaycan Dövlət Pedaqoji Universiteti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 



10.05.2023 | 16:00