“Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində ilk məlumatlandırma sessiyası

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”unun tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb.

 

Layihə çərçivəsində ilk məlumatlandırma sessiyası Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, media mənsubları və 100-ə yaxın tələbə iştirak edib.

 

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev sessiya iştirakçılarını salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. Qeyd edib ki, universitet hər il mütəmadi qaydada bu və ya digər istiqamətlərdə həyata keçirilən tədbirlərə ev sahibliyi edir. Birliyin dəstəyi ilə baş tutan “Ağıllı Qarabağı tanıyaq” layihəsi də bu qəbildən olan tədbirlər sırasındadır. Hazırkı dövrdə ağıllı texnologiyalar haqqında maarifləndirmə tədbirlərinin olduqca önəmli olduğunu qeyd edən prorektor layihənin işinə uğurlar arzulayıb.

 

“İrəli” İctimai Birliyinin mətbuat katibi, layihə rəhbəri Arif Rəhimli “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının Pedaqoji Universitetdə keçirilməsinə görə ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı, ADPU-nun tələbələri də aktiv iştirak edir. “Ağıllı Qarabağı tanıyaq” layihəsi müddətində gənclərin bu sahədə yeni biliklər əldə edəcəyini vurğulayan A.Rəhimli onları sual-cavab bölməsində aktiv iştirak etməyə səsləyib. Həmçinin bildirilib ki, layihə çərçivəsində daha bir neçə ali təhsil müəssisəsində məlumatlandırma sessiyaları keçiriləcək.

 

Məlumatlandırma bölməsində Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin əməkdaşı Elgün Vəliyev təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, dünyanın bir sıra ölkələrində tətbiq olunan “ağıllı” texnologiyalar, habelə Qarabağın dirçəlişi prosesində “Ağıllı şəhər”lərin rolu və “Qarabağda urbisid” layihəsi haqqında iştirakçılara geniş məlumat verilib.

 

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

 

 



28.03.2023 | 17:29