Güclü, müstəqil dövlətçiliyə hesablanmış müdrik siyasət

XX əsrin 70-ci illəri Azərbaycan xalqının həyatında və taleyində əlamətdar hadisələrlə zəngin olmuşdur. Bu dövrdə keçmiş sovetlər birliyinin tərkibində olmanın çətinliklərinə baxmayaraq, Azərbaycan tərəqqi və inkişaf yoluna qədəm qoymuş, ölkəmiz elm, mədəniyyət, incəsənət, təhsil, səhiyyə və digər sahələrdə öz intibah dövrünü yaşamışdır. Bu dövr Azərbaycan tarixində haqlı olaraq Heydər Əliyev epoxasının başlanğıcı hesab olunur.

 

Məhz 1969-cu ilin iyulun 14-də respublikada ictimai həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçilən Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti, güclü siyasi iradəsi və qətiyyəti, yorulmaz, çoxşaxəli və titanik fəaliyyəti sayəsində iqtisadi gerilik aradan qaldırılmış və ölkəmiz ittifaq respublikaları arasında ön mövqelərə yüksələ bilmişdir. Eləcə də, tarixi inkişafın sonrakı gedişatı da sübut etmişdir ki, bugünkü müasir və müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zamanlarda qurmağa başlamışdı.

 

Sovet dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkənin sosial-iqtisadi tərəqqisində elm və təhsilin önəmi yüksək qiymətləndirilmiş, təhsilin inkişafına böyük diqqət və qayğı göstərilmişdir.

 

XX əsrin 70-80-ci illərinin əlamətdar hadisələrindən biri kimi respublikada ali hərbi təhsil sisteminin yaradılması da məhz Ümummilli Liderin adı ilə bağlıdır. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edən Ulu Öndər gənclərin fiziki, mənəvi və hərbi hazırlığının yüksəldilməsinə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.

 

Qeyd edək ki, o dövrdə Azərbaycanlı gənclərin orta və ali hərbi məktəblərdə təhsili məsələsi çox ciddi problem olaraq qarşıda dururdu. Azərbaycanlı gənclərin əsas qoşun növlərinə deyil, tikinti və təsərrüfat bölmələrində hərbi xidmətə cəlb olunmaları Heydər Əliyevi ciddi narahat edirdi. Respublikada azərbaycanlı ali təhsilli hərbçi kadrların hazırlanması işinə böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü, gərgin əməyi və səyi nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması Azərbaycanın həyatında çox mühüm hadisə oldu. İlk dəfə ölkədə hərbi kadrlar yetişdirilməyə başlandı. Bundan əlavə, azərbaycanlı gənclərin  SSRİ-nin adlı-sanlı hərbi məktəblərinə göndərilməsinin də təşəbbüskarı məhz Ulu Öndər oldu. Bu addımların vacibliyi və misilsiz əhəmiyyəti müstəqillik əldə etdikdən sonra, xalqımızın erməni təcavüzünə qarşı apardığı mübarizədə daha aydın şəkildə dərk edildi. Bir daha Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi hər bir fəaliyyətin müstəqillik dövrünə hesablandığının şahidi olduq. Dahi şəxsiyyət haqlı olaraq bildirirdi: “Hər bir dövlət üçün olduğu kimi, Azərbaycan dövləti üçün də ən vacib şərt dövləti qüdrətli etmək, yaşatmaq üçün onun ordusunun və ordusunu təşkil edən peşəkar zabit korpusunun olmasıdır”. Hazırda Azərbaycanın dünyanın ən güclü ordularından birinə sahib olmasının təməlində məhz Ulu Öndərin uğurla başlatdığı ordu quruculuğu siyasəti dayanır.

 

Genişmiqyaslı və çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna və duyğusuna vətənpərvərlik toxumları səpən Ümummilli Lider Heydər Əliyev sovet dövründə milli və mənəvi dəyərlər sisteminin qorunmasında və inkişafında müstəsna tarixi xidmətlər göstərərək milli oyanış və milli özünüdərkin güclənməsinə mühüm töhfə vermişdir. Heydər Əliyevin milli şüur - vətənpərvərlik şüuru konsepsiyası bu gün daha da inkişaf etdirilərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır.

 

Məhz Ulu Öndərin vətənpərvərlik siyasətinin təntənəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı zamanı güclü potensiala malik Azərbaycan Ordusu 44 gün ərzində erməni faşizmini məhv etdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri qanları və canları bahasına sürətlə irəliləyərək, ermənilərin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər və torpaqlarımızı işğaldan azad etdilər.

 

Beləliklə, Heydər Əliyevin sovet dövründən başlatdığı və müstəqillik illərində davam etdirdiyi müstəqil və güclü dövlətçilik naminə mübarizə irsi müasir dövrə qədər layiqli və uğurlu şəkildə daşınaraq və daha da zənginləşdirilərək Azərbaycanın parlaq gələcəyinin əsas təminatçısına çevrilmişdir.

 

Fəridə HƏSƏNLİ,

Mingəçevir Dövlət Universitetinin müəllimi

 



19.03.2023 | 10:29