“Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində sərgi-satış yarmarkası

Bakı şəhər Xəzər Gənclər Evində Novruz bayramı münasibətilə peşə təmayüllü sinif şagirdlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.

 

“Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində keçirilən sərgidə Bakı şəhəri üzrə 117, 120, 234 və 293 nömrəli tam orta məktəblər olmaqla, ümumilikdə 4 məktəb üzrə peşə təmayüllü siniflərdə “Aşpaz”, “Aqranom”, “Mebel quraşdırma”, “İT help desk” ixtisasları üzrə təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.

 

Qeyd edək ki, layihə 2019-2020-ci tədris ilində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanıb, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

 

“Bahar çələngi” adlanan tədbirin keçirilməsində məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Eyni zamanda, şagirdlərin mənimsədikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissini, sağlam mühiti formalaşdırmaq, ətraf mühitə fəal inteqrasiyanı təmin etmək, təhsilalanlara ilkin sahibkarlıq bacarıqları aşılamaq, əmək bazarını peşəyə hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin etməkdir.

 

Giriş nitqi ilə çıxış edən Buzovna qəsəbəsi 234 nömrəli məktəbin qrup rəhbəri Rəşad Rəhimov tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb, sərgidən toplanan vəsaitin bir qisminin qardaş ölkə Türkiyədə zəlzələdən zərər çəkən şəxslər üçün köçürüləcəyini bildirib.

 

Daha sonra Xəzər rayonu üzrə peşə təmayüllü siniflərin fəaliyyətini əks etdirən videoçarx qonaqlara təqdim olunub.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) aparıcı məsləhətçisi Əfqan İsgəndərov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev, Azərbaycan Aşpazlar Gildiyasının sədri İlkin Əkbərzadə, Azərbaycan Millli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvi,  Kulinariya üzrə 2 qat dünya-islam olimpiadasının çempionu Firdovsi İsmayılov, müəllim-şagird kollektivi və digər qonaqlar iştirak ediblər.

 

Sərgidə çıxış edən BŞTİ-nin aparıcı məsləhətçisi Əfqan İsgəndərov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakı şəhər məktəblərində, o cümlədən region məktəblərində peşəyönümlü siniflər fəaliyyət göstərir. O, peşə təhsilinin cəmiyyətdə əhəmiyyət kəsb etdiyini, bazar iqtisadiyyatı ilə bağlı bütün sahələr üzrə səriştəli, bacarıqlı peşə sahiblərinə ehtiyacın hər zaman olduğunu bildirib.

 

Digər qonaqlar da çıxışlarında peşə təmayüllü siniflərin təkmilləşməsinin vacibliyini söyləyiblər.

 

Tədbir bədii hissə ilə davam edib.

 

Sonda qonaqlar sərgidə nümayiş etdirilən əl işləri ilə tanış olublar.

 

Tünzalə QULİYEVA                                                                                                                                   

 



17.03.2023 | 12:10