“Müasir texnologiyalar auditoriyanı diaqnostika etmək imkanı verəcək”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Stenford Universitetinin Yüksək Təhsil Pillələri İnstitutunun dekanı, tanınmış  professor Den Şvarz olub. Belə ki, Elm və Təhsil Nazirliyinin  dəstəyi  və  “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 8 mart 2023-cü il tarixində yayımlanan bölümündə dünyanın təhsil nəhəngi ilə “Öyrənməyin əlifbası” haqqında danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Öyrənmək səyahətinin hərfləri

 

Proqramın Beynəlxalq Qadınlar Gününə təsadüf etməsi ilə əlaqədar bütün qadınları təbrik edən gorüşün aparıcısı Cəfər Mənsimi qonağı salamlayaraq izləyicilərə yaxından təqdim edib. Bildirib ki, cənab Şvarz Stenford Universitetinin Yüksək Təhsil Pillələri İnstitutunun dekanı, “Öyrənməyin əlifbası: elmi cəhətdən sübut edilmiş 26 yanaşma, onlar necə işləyir və nə zaman faydalıdır” kitabının həmmüəllifi, Stenfordun nəzdində İntensiv Təhsil üzrə Fənlərarası Mərkəzinin sədri, eyni zamanda Müstəsna Adaptiv, Qabaqcıl Öyrənmə və Davranış Laboratoriyasının rəhbəridir. Professor Den Şvarz bir sıra beynəlxalq nüfuzlu mükafatlara layiq görülüb.

 

C.Mənsiminin “Öyrənməyin əlifbası” kitabınızda” hər hərf öyrənmənin bir qaydasını təmsil edir” yazırsınız. Sizin öyrənmək səyahətiniz hansı hərflə əlaqəlidir?” sualına cavabında dekan Şvarz uşaqlıq illərində bir dostunun oyuncaqlarını necə söküb-yığmasını izləməyi çox sevdiyini yada salaraq həmin illəri “v” hərfi ilə - vizuallaşma ilə əlaqələndirib. Müxtəlif ideyaları, fikirləri kağızda vizual olaraq qeyd etməyi sevdiyini bildirib. Esseləri, hekayələri kağız üzərində sıralayıb bir araya gətirməyi, bunu diaqram, piramida, digər şəkil formasında qeyd etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu böyüklərdə və uşaqlarda ideyaları uzlaşdırmaqda kömək edir, professor bunu bir strategiya, düzən adlandırıb. Növbəti seçdiyi hərfin “l” (lucky-bəxtəvər) olduğunu qeyd edib. Müəllifi olduğu kitabda bu hərfin yer almadığına diqqət çəkən yazıçı təhsildə də həyatda olduğu kimi nəzarət olunmayan məsələlərin mövcudluğunu qeyd edib, həmin məsələlərin insanların istədiyi kimi olmasını şans, bəxtəvərlik adlandırıb. Qonaq uğurlu tələbə olsa da həyatda şansa, bəxtin gətirməsinə ehtiyac duyduğunu dilə gətirib, yaxşı məktəbdə oxumasını da bir şans adlandırıb.

 

Təhsil prosesində yanlışlar

 

Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən Den Şvarz bunu iki məsələ ilə ehtiva etdiyini bildirib, nəyi öyrənməklə yanaşı necə öyrənməyə fokuslanmağın vacibliyini qeyd edib. Çox zaman nəyi öyrənməyə daha çox önəm verməkdənsə necə öyrənməyə xüsusi diqqət ayırmağı tövsiyə edib, bu prosesi kənarda qoymamağa çağırıb.

 

D.Şvarz hamının eyni şəkildə öyrənməsini təhsil prosesində buraxılan əsas səhv adlandırıb. İnsan beyninin müxtəlif quruluşa, qavramaya sahib olduğunu söyləyən professor hər kəsin müxtəlif tərzdə öyrəndiyinə, müxtəlif sistemli yanaşmaların mövcudluğuna diqqət çəkib. İmmun sisteminin orqanizmin qarşılaşmadığı xəstəliyə belə adaptasiya olduğunu, xəstəliyi tanıdıqdan sonra ona reaksiya verdiyini misal gətirib. İnsan orqanizminin olduqca mürəkkəbliyini bildirən Şvarz təhsildə də vizual olaraq öyrənildiyini qeyd edib. Eyni yanaşmanın çox yanlış olduğunu, fərqli şəkildə öyrənmənin vacibliyini vurğulayıb.

Tədrisdə ən başlıca olaraq müxtəlif öyrənmə tərzlərinə sahib olan tələbələri vahid bir sistem, çərçivə daxilində birlikdə işləməyə dəvət etmək və bu prosesi tənzimləməyə çağırıb: “Riyaziyyatın içində məkan düşüncəsi çox önəmlidir. Sizin təxəyyülünüz, məkan olaraq düşüncəniz kifayət qədər geniş olmalıdır. Həmçinin riyaziyyatın içində qrammatika da çox vacibdir, çünki anlaşılan dildə düzgün fikirlər yürüdülməlidir. Eyni zamanda fikirləri müxtəlif düşünən auditoriya üçün tənzimləməli olursunuz. Digər nümunə müxtəlif xarici dillər üzrə söz ehtiyatının öyrənilməsidir. Sözlərin daha yaxşı yadda qalması üçün tələbə və şagirdləri sözləri müxtəlif vəziyyətlərdə istifadə etməyə sövq etmək lazımdır, bu zaman bir növ qarşılıqlı rabitə alınır. İnsanın qavranışı, eyni zamanda öyrənmə prosesi mürəkkəb olduğu üçün bu, ona xidmət etmiş olur”.

 

Diqqət dağınıqlığı

 

Aparıcının “Zeta və Alfa nəslinin xüsusiyyətlərinə təhsil dünyasında necə yer verməliyik? Gələcəkdə hansı yeni xüsusiyyətlərə sahib nəsillə qarşılaşacağıq?” suallarını cavablandıran Den Şvarz bildirib ki, insanlar nəsildən-nəslə fərq olduğunu iddia etsələr də, təhsildən danışarkən öyrənmə, təhsil-tədris üsulları eynidir, yanaşmalar fərqlənmir. Professor müasir, yeni nəsil tələbələrdə tez-tez diqqəti dəyişməyi, bir mətləbdən digərinə keçilməsini müşahidə etdiyini qeyd edib. Tədris zamanı özünün də bəzən bu metodologiyadan istifadə etdiyini dilə gətirərək tələbələrin buna daha çox yol verdiyini  bildirib.  Hansı  məsələlərin tez-tez  dəyişilməsinin  arzu  olunmazlığına gəldikdə dekan söyləyib ki, ABŞ-da valideynləri ən çox narahat edən məsələ onların övladlarının mobil telefondan və kompüterdən çox istifadə etməsidir. O deyib: “Əsas məsələ bunun nə dərəcədə problem olmasından ibarətdir. Sual bundan ibarətdir ki, telefon və kompüterdən istifadə edərkən uşaq nələrdən vaz keçir, nədən özünü məhrum edir? Əsas diqqət buna yönəlməlidir. Bir məşğuliyyətdən digərinə diqqətin dəyişdirilməsi o qədər də fəlakətli məqam deyil”.

 

C.Mənsiminin “Diqqət dağınıqlığı olduğu məqamda öyrənmə prosesində hansı yeni yanaşmalara ehtiyac var? Biz dərsin  formasında nəyi dəyişdirməliyik?” sualına qonaq maşın idarə edərkən telefonla danışan insanlar haqqında tədqiqatı misal gətirərək nəticədə belə şəxslərin yalnız bir işə fokuslanan insanlardan fərqli olaraq daha zəif göstəricilərə malik olduğunu, lakin onların bunu qəbul etmədiyini, özlərini eyni anda hər iki işi çox yaxşı yerinə yetirdiyini iddia etdiklərini bildirib. Sürətli oxuma proqramlarından da danışan professor bunun əleyhinə olduğunu, keyfiyyətin kəmiyyətə qurban verildiyini, oxunan materialın əldən verildiyini, düşünmədən oxunulduğunu vurğulayıb.

 

Öyrənmək və tətbiq etməyin dostluğu

 

Öyrənmənin müxtəlif tərzlərindən danışarkən Den Şvarz insanın həyatı boyu durmadan öyrəndiyini, lakin günün sonunda gün ərzində öyrəndiklərini yadda saxlamanın, öyrəndiklərindən nəticə çıxarmanın vacibliyinə toxunub: “Üst səviyyədə öyrənmə odur ki, onun içində müəyyən abstrakt ideyalar, nizam, qaydalar, prosedurlar var. Digər əyləncəli öyrənmə də var ki, müəyyən tapşırıqlarla, layihələri gerçəkləşdirməklə həyata keçirilir. Misal olaraq, küçədə kiosk qurub şirniyyat, kofe, çay satmaq, bunları satmaq üçün müəyyən strategiya düşünmək - bu əyləncəli öyrənmədir. Başlıcası odur ki, mürəkkəb, kompleks öyrənmə ilə yaradıcılığın vəhdəti arzuolunan nəticəni verir. Mən tədris üsulunda ikili yanaşmadan istifadə edirəm və onların hər ikisi “e” hərfi ilə başlayır: “experiance” (təcrübə) və “explanation” (izah). Biz çox zaman ali təhsil ocaqlarında ikinci yanaşmadan istifadə edirik, yəni auditoriyaya izah edirik, lakin tələbələrə mövzunu təcrübədə hiss etmək imkanını vermirik. Mən problemin mahiyyətini açıqlamadan öncə tələbələrin özlərinin bu problemi hiss etməsi, həll yollarını tapması metodologiyasından istifadə etməyi çox sevirəm. Tələbələrin təcrübələrdə iştirakı çox vacib məsələdir. Biz çox zaman sual veririk və bu sualın izahını özümüz deyirik, nəticədə uşaqlarda bu sualla bağlı heç bir təsəvvür yaranmır. Bu səbəbdən də tələbələrin suallar üzərində özlərinin düşünməsi, yaşaması, tapmaqda çətinlik çəkdikdə izah edilməsi lazımdır ki, mövzu tamamilə başa düşülsün”.

 

Professor qeyd edib ki, aktiv öyrənmənin əsas açarlarından biri öyrənənin beynində mövzu ilə əlaqəli müəyyən suallar yaratmaqdır, onları suallarla narahat etməkdir. Fəal öyrənmənin müxtəlif şəkildə başa düşüldüyünü diqqətə çatdıran D.Şvarz bəzilərinin bunu dərsdə oturaraq dinləməmək kimi başa düşdüyünü deyib. Motivasiya məsələsinin önəmindən bəhs edən qonaq tələbələrin dərslərdə prosesi aparan tərəf olmasının vacibliyini vurğulayıb, öz təcrübəsində də tapşırığı, layihəni tələbələrə həvalə və kənardan müşahidə etdiyini, bunun səmərəlilik baxımından çox faydalı olduğunu diqqətə çatdırıb. Dərs prosesinin idarəçiliyinin tələbələrə həvalə edilməsini müəllimlər üçün çox çətin proses olduğunu qeyd edən professor bildirib ki, müəllimlər kənardan bələdçilik etməkdən çox izah etməyi, mövzunu hazır vəziyyətdə tələbələrə çatdırmağı daha üstün tuturlar. Lakin effektivliliyi nəzərə alaraq müəllimləri bundan çəkinməyə çağırıb. Aktiv öyrənməni iki yerə bölən Şvarz qeyd edib: “Birinci üsul odur ki, müxtəlif tapşırıqlar verərək tələbələr qarşısında müəyyən məsələlərin həlli qoyulur, müəyyən suallara cavab tapmaq tapşırılır və qoyulmuş problemlərin həll olunması tələb olunur. Sualların çətinlik səviyyəsi çox incə məsələdir və müəllimdən səriştə, təcrübə tələb edir. İkinci üsul isə tələbələri qruplara bölüb onları interaktiv şəkildə qrup halında müxtəlif tapşırıqları icra etməyə səfərbər etməkdir. Bu daha sosial üsuldur və tələbələrə birgə, komanda şəklində işləmək, məsələləri kollektiv şəkildə həll etmək bacarığı aşılayır, tələbələr tərəfindən də çox bəyənilir. Elə etmək olar ki, qrup daxilində bəziləri qeydlər aparsın, digərləri daha çox ideya irəli sürsün və suallar versin, qrupun aşkar etdiyi məsələləri məruzə etsin. Bu rolları qrup iştirakçıları arasında dəyişmək də olar. Auditoriyanın qrup şəklində bölünməsinin öz metodologiyası var. Auditoriya qruplara bölündükdə və hər tələbəyə bir öhdəlik verildikdə dərs prosesi olduqca maraqlı və səmərəli keçir”.

 

Şablon qiymətləndirmə

 

Müəllimlərin hər bir şagirdin öyrənmək potensialı olduğuna necə inandırılması məsələsinə toxunan professor insanların fərqli şəkildə öyrəndiyini nəzərə alaraq zəif qavrayanlara da diqqət göstərib, onların öyrənməsini təmin etməyi, onlardan vaz keçməməyi məsləhət görüb, auditoriyada dərs prosesinin ehtiyaclara görə tənzimlənməli olduğunu vurğulayıb. Təhsil tədqiqatçısı məsələnin ikinci tərəfinin biliyin qiymətləndirilməsində olduğuna diqqət çəkib, çox zaman biliyin şablon şəkildə qiymətləndirildiyini, test zamanı bir qrup tələbənin yaxşı, digər qrupun zəif nəticə göstərdiyini qeyd edib. Onun sözlərinə görə, zəif nəticə göstərmək öyrənməmək demək deyil, sadəcə tələbənin fərqli şəkildə öyrədilməli olduğunun göstəricisidir. Şvarz deyib: “Bəlkə qiymətləndirmə bir balaca dəyişilsə, fərqli olsa belə tələbələr daha yaxşı nəticə göstərmiş olacaqlar. Bir çox hallarda zəif nəticə göstərmiş tələbə haqqında deyirlər ki, imtahanı verə bilmədi. Lakin o demək deyil ki,  o öyrənməyib, heçnə bilmir. Sadəcə imtahan zamanı şablon qiymətləndirmə ona bu imkanı verməyib və biz bunu nəzərə almalıyıq”. 

 

Aparıcının “Qiymətləndirmə prosesinin daha effektiv olması üçün müəllimlərə hansı tövsiyəniz var?” sualını cavablandıran professor şagird və tələbələrə özünü qiymətləndirmə imkanlarının verilməsinin vacibliyindən danışıb: “Tələbələrin esseləri müəllimlər tərəfindən yoxlanılır, səhvlər aşkarlandıqda yenidən yazılması tapşırılır, tələbələr də bunu işgəncə kimi qəbul edir. Biz onlara çatdırmalıyıq ki, tapşırığın yenidən işlənməsi işgəncə deyil, əksinə onların xeyrinədir, faydalıdır. Həmçinin tələbələrə özünü qiymətləndirmək imkanı qazandırmaq lazımdır”. Müəllimlər üçün qiymətləndirməni incələyən universitet dekanı başlıca olaraq qiymətləndirmənin növlərinə diqqət yönəldib. Qonağın fikrincə, qiymətləndirmə zamanı hansı məqsədlərin nəzərdə tutulduğunu, kimin üçün (məktəb, müəllim, şagird və tələbə üçün) aparıldığını aydın şəkildə bilmək lazımdır. O, bu kimi qiymətləndirmələrin summativ adlandığını və burada müxtəlif məsələlərin qiymətləndirilməsinin həyata keçirildiyini bildirib. Professor deyib ki, eyni zamanda fərdi testlər vardır ki, tələbəyə boşluqları müəyyən etməyə kömək edir. Summativ və fərdi qiymətləndirmələri qarışdırmamağı tövsiyə edən Şvarz  hansı qiymətləndirmənin keçirilməsindən asılı olmayaraq əsas məqsədin şəxsin harada geri qalmasını müəyyən etməkdən ibarət olduğunu vurğulayıb.

 

“Öyrənənləri yarışa yox, yaşamağa hazırlaşdırmaq üçün hansı redaktələrə ehtiyac var? Öyrənmək prosesindən zövq almaq, öyrənmək iştahını artırmaq üçün hansı məqamlara diqqət etmək olduqca vacibdir?” suallarına cavab olaraq Den Şvarz müxtəlif üsulların olduğuna diqqət çəkib.

Öyrənmənin əyləncəli olmasını maraqlı adlandıraraq mütləq olmadığını, başlıca məqsədin əyləncə deyil, zehni düşüncə baxımından uşaqlarda yetginlik hissi yaratmaq, zehni olaraq biliklərinin artması və onlarda məmnuniyyət, zehni olaraq məsələlərin məğzinə varmaq, özünə inam hisslərininin formalaşmasının vacibliyindən danışıb: “Zehni məmnuniyyət çox önəmlidir, çünki öyrənənlər bu zaman məqsədlərinə yaxınlaşmış olurlar. Əgər auditoriyaya “müəyyən bir hal baş versə nə olardı?” sualı ilə müraciət ediriksə və auditoriya bu sualı cavablandırırsa bu, o deməkdir ki, siz tələbələri maraqlandırmısınız və düşünməyə təhrik etmisiniz. Yarışdan yaşamağa keçid paylaşmaq mədəniyyətinin formalaşdırılmasıdır. Heç kim istəməz ki, cəmiyyətdən təcrid olunmuş, qavramayan mövqedə olsun. Təcridolunma müəyyən bir ikrah hissi, düşmənçilik yaradır, uğursuzluq heç kimin xoşuna gəlmir. Bəzən təhsildə tələbənin göstəriciləri yaxşı olmadıqda o, təhsildən yayınmaq istəyir, uğursuzluqdan, bacarmamaqdan qorxur və həmin fəndən qaçmağa can atır. İdmançıları, atletləri nümunə gətirsək, onlar digər idmançılardan çox özləri ilə yarışmağı xoşlayır və rekordlarını, nəticələrini yeniləməyə can atırlar. Onların yarışları özlərilədir”. 

 

Fərdi yanaşma

 

Sinif otaqlarında 20-40-dan çox şagirdin təhsil aldığını nəzərə alaraq fərdiləşdirilmiş təhsilin nə qədər real olması məsələsinə toxunan professor fərqləndirmə və fərdi yanaşmanın önəmli olmasını vurğulayaraq bu zaman ümumi prosesə xələl gətirməməyi tövsiyə edib. Bəzən tələbələrin sadə məqamlarda ilişib qaldıqlarına diqqət çəkərək burada vaxtında müdaxilə etməyin, tapşırığın məzmununu dəyişdirməyərək formasını fərqli etməyin, fərdiləşdirməyin mümkünlüyünü qeyd edib. Hər bir halda ümumi prosesdə heç bir tələbə və şagird kənarda qalmamalı, tədris proqramına xələl gəlmədən hər bir tələbəyə özünü ifadə etmək, fikrini bildirmək, öyrənmək imkanı qazandırılmalıdır.

 

Sualın cavabının ikinci hissəsində D.Şvarz daha çox yeniyetmələrə -12,13, 14 yaşlı oğlan və qızlar olmaqla gün ərzində 150 tələbəyə (30 nəfərdən ibarət 5 dərs) tədris etdiyini diqqətə çatdırıb. Bu qədər sayda tələbənin hamısına fərdi qaydada yanaşmağın mümkünsüzlüyünü dilə gətirərək sadəcə göz təması vasitəsilə müşahidələrini apardığını deyib: “Ümid edirəm ki, müasir texnologiyalar auditoriyanı diaqnostika etmək imkanı verəcək. Bununla fərdi yanaşma baxımından bir çox yanaşmalar öz əksini tapacaq, çətinliklər aradan qalxacaq. Başlıca problem tələbələri bacarıqlarına görə fərqləndirmək, başqa qruplara bölmək lazımdırmı sualıdır. Cavab olaraq yox deyərdim, qarışıq qruplar yaratmaqla yaxşı tələbələrə digərləri ilə komanda şəklində işləməyə imkan verirsiniz, onlar həmyaşıdlarına kömək etmiş olurlar, özləri də bu prosesdə daha çox öyrənirlər. Geridə qalanlar isə biliklərini artırırlar. Lakin bu, hər fəndə eyni nəticə vermir, bunun üçün müəyyən bir taraz olmalıdır”.

 

Proqramın aparıcısının “Öyrənmənin əlifbası” kitabında “yuxu öyrənməni dəstəkləyir, sürətləndirir, yürüş etmək yaradıcılığa təkan verir” deyirsiniz. Yenilikçi olmaq üçün hansı təcrübələrinizi bizimlə bölüşərdiniz?” sualına cavab olaraq  yazıçı bildirib ki, yatmaq və gəzmək kənardan baxanda öyrənməyə bənzəməsə də, insanlar “yatır, gəzir” deyə düşünsələr də, bu məqamlar insanın öyrənməsini gücləndirir. Yaxşı yuxu hafizəni, açıq havada gəzinti kreativliyi, yaradıcılıq qabiliyyətini inkişaf etdirir.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında təhsil tədqiqatçısı qeyd edib: “Mən hətta 8 yox, 26 çağırış deyərdim. Söhbət əlifbadakı hərflərin sayından gedir. Mən kitabımda da belə qeyd etmişəm -  “təhsilin 26 çağırışı”.  Bildiyiniz kimi, mən Stenford Universitetində dekan olaraq  çalışıram və işimin bir hissəsi professorların təhsil sahəsində üzləşdiyi çətinliklərdir. Yeri gəlmişkən, onlar səkkizdir və mən proqrama hazırlaşarkən özümdə onları qeyd etmişdim və hazırda sizin üçün sadalayıram. Xatırladım ki, bunlar universitet səviyyəsində olan məqsədlərdir:1.Bütün həyat boyunca texnologiyanın öyrənmək prosesini necə dəstəkləməsi. Necə edək ki, öyrənmə prosesi tək universitetdə deyil, bütün həyat boyunca dəstəklənsin; 2.Adaptiv, uyğunlaşmış öyrənmə haqqında danışarkən elmi yanaşmalar nə dərəcədə bizi irəliyə apara bilər; 3.Uğura aparan yol haqqında danışırıqsa, yeni data, verilənlər və analitika bizə nə dərəcədə köməkçi ola bilər; 4.Hansı siyasət və təşkilati yanaşma öyrənənlər arasında bərabərsizliyi aradan qaldırmağa və digər tərəfdən bunun müqabilində öyrənənlər arasında nailiyyətlərin daha da irəli getməsinə xidmət edə bilər; 5.Necə edək ki, ən çox təhsilə ehtiyacı olub bunun müqabilində isə təhsilə ən az çıxışı olanlara kömək edək; 6.Necə edək ki, təhsil sahəsində işləyənlər elə təhsil sistemi qursunlar ki, həm tələbələr, həm valideynlər, həm icmalar üçün faydalı olsun; 7.Necə edək ki, öyrənənlər qeyri müəyyən və dinamik gələcəyə indidən hazır olsunlar; 8.İnnovasiyalar deyiriksə, burada tədqiqat nəzərdə tutulur. Tədqiqatı təşviq etmək olduqca şərtdir”.

 

Görüşün sonunda “T-Network”ün rəhbəri Cəfər Mənsimi dəyərli fikirləri, ətraflı cavabları üçün qonağa dərin minnətdarlığını bildirərək “əsas çağırışlardan birinin də xarakterimizin inkişafına çalışmaqdır” fikri ilə proqramı yekunlaşdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA



10.03.2023 | 13:31