“ƏLAÇI” çempion

O, əlaçıdır, özü də, sadəcə dərslərini “əla” qiymətlərlə oxuduğu üçün yox, həm də “Əlaçı” intellektual televiziya verilişinin bu mövsümkü qalibi olduğu üçün belə qiymətləndirilir.

 

İlk mərhələdən finala qədər

 

Rəsul Məmmədov X sinif şagirdidir. Qazax rayonundakı Araz Əmilov adınaDaşsalahlı kənd 1 nömrəli tam orta məktəbində oxuyur. “Əlaçı” verilişinin uşaqlıqdan bəri izləyicisi olan Rəsul bir gün bu meydanda çempion olacağını ağlına da gətirməyib. Bu barədə o özü düşünməsə də oxuduğu məktəbdə düşünənlər tapılıb. Seçim turunun keçiriləcəyi barədə xəbəri eşidən kimi ilk ağla gələnlərdən biri məhz Rəsul olub: “Məktəb rəhbərliyi məni Şəmkirdə keçirilən seçim turuna göndərdi. İntellektual yarışlara həvəs göstərdiyimdən ilk mərhələdən finala qədər həvəslə yarışdım. Bu iştirakım uğurlu oldu və yüksək nəticə topladım. Bakıdakı çəkilişlərə dəvət alanda belə, çempion olacağım ağlıma gəlmirdi”.

 

Ağlına gəlməyən başına gəlib yeniyetmə məktəblinin. Bu mövsümün qalibi məhz o olub və həm “Əlaçı” diplomu alıb, həm də verilişin əsas tərəfdaşı olan Elm və Təhsil Nazirliyindən qiymətli hədiyyələr əldə edib.

 

“...daha diqqətli, daha cəld oldum, qalib gəldim”

 

“Əlaçı” verilişini həmişə  izləyirdim, ancaq iştirakla tamamilə fərqli təcrübə topladım”, -deyir. Ancaq fərqli meydanda fərqli təcrübəni ən çox sevdiyi məşğuliyyətləri ilə qazanıb. Məsələn, baxmayaraq ki, bütün fənləri eyni səviyyədə oxuyur, coğrafiyaya xüsusi marağı var. Bu fənni o qədər sevir ki, 2 ildir məktəbdən məhz bu fənn üzrə olimpiadalara qatılır, yarımfinala qədər də irəliləyir. Finala çata bilməsə də, coğrafiyaya olan marağı azalmır.

 

Coğrafiya ilə yanaşı, idmana da həvəs göstərir. Futbol oynamağı, basketbolu izləməyi sevir. Elə bilməyin ancaq topla maraqlanır. Qurşaq tutan igidləri, sərbəst güləş üzrə yarışları maraqla izləyir. Nəticə göz qabağındadır. Coğrafiya sevgisi, idman marağı “Əlaçı” verilişində seçdiyi mövzularda öz əksini tapıb və ona qələbə qazandırıb: “144 nəfərlə 12 nəfərdən ibarət 12 qrupda mübarizə apardıq. Test formatında olan I mərhələdə qalib elan olunan 6 nəfərdən biri oldum. Kodlaşdırmadan ibarət olan II mərhələ də uğurlu oldu. III mərhələ cəldlik tələb etdiyindən bu mərhələyə çatanda həyəcanlandım. Burada sürətim kifayət etməyəcək deyə qorxurdum. İlk seçən olmaq sevdiyin mövzularda kiminsə səni qabaqlamaması deməkdir. Coğrafiya və idmanı seçərək ən çox mütaliə etdiyim sahələr üzrə suallara cavab verdim. Coğrafiyadan 11, idmandan 12 doğru cavabla  I oldum və həm “Əlaçı” diplomu aldım, həm də super finala vəsiqə qazandım. Super final qaliblərin yarışı idi. Orda zəif rəqib yox idi. Rəqiblərim - yarışdığım məktəblilərin əksəriyyəti IX sinfi fərqlənmə ilə bitirənlər olduğundan mübarizənin ağır keçəcəyini düşünürdüm. Amma mən də ümumi orta təhsilimi fərqlənmə ilə bitirmişəm. Sualları sürətlə cavablandırmaq çətin gəlmədi mənə, daha diqqətli, daha cəld oldum, qalib gəldim”.

 

Təəccüblənməyib...

 

Bu uğuru onun üçün nə qədər maraqlı olsa da, yeni mübarizə meydanında onu təəccübləndirən heç nə olmayıb. Dediyinə görə, nə özü ilə bağlı yeni bir şey kəşf edib, nə də rəqibləri ilə bağlı: “Məni təəccübləndirmək mümkün deyil. Öz bacarığıma şübhə etmir, rəqiblərimi məndən  güclü saymıram. Yarışlarda çox iştirak etmişəm. Həmişə də bu qənaətə gəlmişəm ki, heç kim məndən daha çox bilmir. Amma çəkilişlər, burada iştirak etmək mənim üçün maraqlı oldu”.

 

...amma həyəcanlanıb

 

Çox da ki, özünə güvənir, bu ki, yarış həyəcanının qarşısını almır: “Çəkilişlər yeni başlayanda bir az həyəcanlandım. Həyəcanı bizdən əvvəl keçirilən başqa  qrupun oyunlarından gözlədiyimiz zala sızan oyunun aparıcısının həyəcanverici səsi yaradırdı. Çəkilişlərə məni dayım Ərəş aparırdı. O həyəcanımı hiss etdi, məni sakitləşdirmək üçün dedikləri öz nəticəsini verdi. 144 nəfərdən biri ola bildimsə, sonrakı mərhələlərdə də uğur qazana biləcəyimə inandırdı məni. İlk oyunda qalib olduqdan sonra özümə inamım daha da artdı, həyəcanım  keçdi”.

 

İntellektual yarışlarda püxtələşən çempion

 

Öz intellektini nümayiş etdirmək imkanları çox olub Rəsulun. Deyir ki, ölkə əhəmiyyətli olmasa da, rayon səviyyəsində çox oyunlara qatılıb və qalib gəlib: “Qazaxda ən son uğurum bu təhsil ilində olub. Rayonumuzdakı ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında yarış keçirildi və orda da qaliblərdən oldum.  Kapitanı olduğum komanda Bakı Dövlət Universitetinin Qazax filialının 2 komandasından sonra üçüncü oldu”.

 

Növbəti hədəfi 700 bal yığmaqdır

 

Rəsul Məmmədov hər kəsin şansının eyni olduğuna inanıb: “Çəkilişlərə 144 nəfər dəvət almışdı, mən də onlardan biri idim. İştirakçıların hər biri seçilmiş əlaçılar idi. Oynamağa, əylənməyə, qalib olmağa getmişdim və hədəfimə çatdım”.

 

Növbəti hədəfi isə təkcə ali məktəbə daxil olmaq yox, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 700 bal toplamaqdır: “Sınaq imtahanlarına qatılıram və yüksək nəticələr əldə edirəm. Hədəfim odur ki, ali məktəblərə qəbul imtahanlarında mümkün olan ən yüksək balı toplayım”.

 

Coğrafiya fənni üzrə olimpiadalara da qatılan Rəsul müqayisə edib: “Olimpiadalarda final mərhələsinə çıxa bilmirəm. Düşünürəm ki, bunun da səbəbi özümlə bağlıdır. Olimpiada qalibi olmaq üçün daha çox çalışmalı, öz üzərimdə daha çox işləməliyəm. Amma bu, 700 bal toplamaq istiqamətində  olan hədəfimə çatmağıma təsir göstərməyəcək. Üstəlik, burada suallar, onların qoyuluşu ali təhsil müəssisələrinə qəbul imtahalarından fərqli olur. Məktəb proqramından əlavə materiallar üzərində də işləmək lazımdır. Ona görə də əlavə güc və enerji sərf etmək istəmir, bütün imkanlarımı ali təhsil müəssisələrinə qəbul imtahanları üzərində cəmləyirəm”.

 

Məktəbli başqa fənlər üzrə də öz bacarığını nümayiş etdirməyə hazırdır: “Coğrafiya fənnini sevirəm. Ancaq  imkan yaransa, riyaziyyat və tarix üzrə də yarışmaq, özümü sınamaq istəyərəm”.

 

Daha böyük hədəfə doğru

 

Gələcək planlarına, əsas hədəfinə gəlincə, maliyyəçi olacaq. “Özəl şirkətlərdən birində baş rolu oynamaq istəyirəm”, - deyir.

 

Hədəflərinə çatacağına özü inanır. Biz isə ona inanırıq. Hədəfə gedən yolun qısa olsun, məktəbli oğlan. Həyat sənə ancaq “ƏLA” qiymət versin!

 

Ruhiyyə DAŞSALAHLI

 



10.03.2023 | 14:27