Milli maarifçilik haqqında düşüncələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci ildə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı elmi-pedaqoji ictimaiyyəti ruhlandırmış, tanınmış ziyalılardan professorlar Fərrux Rüstəmov, Həsən Bayramov, İntiqam Cəbrayılov, Akif Abbasov, Hümeyir Əhmədov, Cəlal Allahverdiyev, Əsgər Zeynalov, İramin İsayev, Vahid Rzayev, Nazim Mustafa, İbrahim Bayramov, Zakir Məmmədəliyev, Sara Bayramova məqalələrlə çıxış etmiş, nəhayət, Fərrux Rüstəmov “İrəvan Müəllimlər Seminariyası və onun məzunları”, Cəlal Allahverdiyev “İrəvan Müəllimlər Seminariyası”, Həsən Bayramov “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” adlı monoqrafiyalarını nəşr etdirmişlər.

 

Pedaqoji elmlər doktoru Həsən Bayramovun qeyd edilən monoqrafiyası nəzəri-müqayisəli əhatə dairəsi baxımından diqqəti cəlb edir. Monoqrafiyanın elmi redaktoru akademik İsa Həbibbəyli “Böyük maarifçi ənənələr və yeni reallıqlar” adlı ön sözdə yazır: Ermənistan-Azərbaycan münasibətlərində məlum Dağlıq Qarabağ münaqişəsi bəhanə edilərək yaradılmış süni konfliktlərin 44 günlük Zəfərlə başa çatdırılması regionda yeni reallıqlar meydana çıxarmışdır. Bu mənada Qərbi Azərbaycan, İrəvan, Zəngəzur kimi ifadələrə ərazi iddiası mənasında deyil, tarixi-coğrafi reallıqlar aspektində yenidən baxmaq zərurəti yaranmışdır... bu ifadələr adi leksik mənasından çox, milli müstəqillik və dirçəliş uğrundan tarixi mücadilələrinin simvoluna çevrilmişdir. “Bu ifadələrin ehtiva etdiyi böyük məna tutumu... çox ciddi əhəmiyyət daşıyır”.

 

Monoqrafiyanın ən oxunaqlı fəsillərindən olan “Qori və İrəvan Müəllimlər Seminariyalarının kreativləri” adlı fəsli də pedaqoji fikir tarixində ilkin yanaşma kimi dəyərləndirilə bilər.

 

Öncə müəllif ilk dəfə bu seminariyaların milli təhsil tariximizdəki roluna toxunaraq İrəvan milli maarifçi-ictimai mühitinin çox az öyrənilməsinə aydınlıq gətirməklə Qori və İrəvan ictimai-maarifçi mühitini aşağıdakı kimi ümumiləşdirmişdir.

  • - Qori şəhərindən fərqli olaraq İrəvan xanlıq və quberniya mərkəzi, azərbaycanlıların əksəriyyəti təşkil etdiyi, müsəlman və rusdilli dövlət məktəblərinin şəbəkələşdiyi təhsil məkanı idi və Osmanlı-İrəvan-Rusiya üçgənində geosiyasi əhəmiyyəti ilə unikal əhəmiyyət daşıyır.
  • - İrəvanın müsəlman dini-klerikal maarifçiliyi yeni rusdilli təhsil məkanı ilə inteqrasiyaya sürətlə daxil olaraq üsuli-cədid islahatçı təhsil müəssisələri üçün də münbit məkan olaraq İrəvan-Təbriz-Naxçıvan ictimai-maarifçi arealını formalaşdırmışdır.
  • - İrəvanda “Lək-lək”, “Burhani-həqiqət” adlı Molla Nəsrəddinçi-demokratik yönümlü mətbuatın olması, onların yayım arealının Orta Asiya və Yaxın Şərqədək yayılması burada zəngin ədəbi-publisistik mühitin mövcudluğunu göstərmişdir.
  • - İrəvanın quberniya mərkəzi kimi həm də teatr, dramaturgiya, musiqi və ədəbi-bədii mühitin olması, 1882-ci ildə milli teatrın əsasının da İrəvanda qoyulması ictimai-maarifçi mühitin modernist ruhundan xəbər vermişdir.
  • - Dini və dünyəvi ziyalılar, o cümlədən bürokratik-inzibati idarələrdə işləyən məmur təbəqəsi və varlı bəyzadələr hamılıqla İrəvanın yeni maarifçi hərəkatının iştirakçıları və hamiləri idi.

 

Monoqrafiyada verilən digər ciddi məsələ Azərbaycan milli maarifçiliyinin genezisi ilə bağlıdır. Yuxarıdakı ciddi arqumentlərə istinadən İrəvan ictimai-maarifçi mühitini, ümumazərbaycan maarifçilik hərəkatının qaynaqlarından biri kimi dəyərləndirərək milli maarifçiliyimizin nəzəri-ideoloji təşəkkülündə onun əhəmiyyətini qeyd etməsidir. Müəllif monoqrafiyada elmi-pedaqoji dövriyyəyə üç mühüm ifadə daxil etmişdir:

 

  • - Mirzə Həsən Rüşdiyyənin, Məmmədtağı Sidqinin, Firudin bəy Köçərlinin, Mirzə Cəlilin, Mirzə Abbas və Mirzə Cabbar Məmmədzadələrin, Molla Mir İsmayıl Kazımovun, Mirzə Əsgər və Cabbar Əsgərzadələrin simasında İrəvan - Naxçıvan - Təbriz ictimai-maarifçi arealının formalaşdırılması;
  • - Qori və İrəvan Müəllimlər seminariyalarının maarifçi fəaliyyətlərinin müqayisəli şəkildə təhlili ilə milli maarifçiliyin genezisinin başlıca prioritetlərinin müəyyən edilməsi;
  • - Ərəb-farsdilli müsəlman maarifçiliyindən rusdilli dövlət təhsil müəssisələrinin şəbəkələşməsi sayəsində formalaşmış yeni tipli “milli maarifçiliyin genezisi”nin elmi-dövriyyəyə daxil edilərək əsaslandırılması təmin edilmişdir.

 

Bu dövrdə ictimai-maarifçi düşüncələrə istinadən milli maarifçiliyin aşağıdakı təsnifatı da aparılmışdır:

 

Birincisi, “Molla Nəsrəddin”in simasında demokratik-maarifçi qanad sosial kinayəli baxışlarla cəmiyyətə, xüsusən də sadə insanlara özünü təqdim edirdi (Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmkusar və b.).

 

İkinci istiqamətin ideya əsasını “Füyuz”ın simasında liberal-maarifçi kəsim təmsil edirdi (Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b.).

 

Üçüncüləri Məhəmməd ağa Şahtaxtlının öndərliyində “Şərqi-Rus”çuların Avropa meyilli qlobal maarifçi axını ehtiva edirdi.

 

Dördüncüləri isə Avrasiya meyilli, daha konkret desək, Rusiyada güc halına gəlməkdə olan sosial-demokratik proseslərə qoşulan sosial maarifçilər təşkil edirdi (N.Nərimaov, D.Bünyadzadə, R.Axundov və b.).

 

Monoqrafiyanın bu tipli tədqiqatlardan bir əsaslı fərqi də müəllifin Seminariyanın tarixi inkişafına əsasən nəzəri ümumiləşmələrə, xüsusilə Çar Rusiyasının milli ucqarlarda, o cümlədən Azərbaycanda həyata keçirdiyi təhsil siyasəti kontekstində milli maarifçiliyin genezisinin mahiyyətinə, təsir dairəsinə, ərəb-farsdilli müsəlman maarifçilyindən rusdilli Avrasiya maarifçi arealına doğru tarixi transformasiyanın prioritetlərinə aydınlıq gətirməsidir.

 

Tədqiqatda bu maarifçi proseslə bağlı sovet Rusiyası dönəmindəki elmi-nəzəri yanaşmalara xüsusi diqqət yetirilməsi vahid kontekstdə milli maarifçiliyin ictimai-humanitar çağırışlara cavab verəcək səviyyəsi və hüduduları baxımından araşdırılmasıdır.

 

Xüsusilə, bu sahənin tanınmış tədqiqatçılarına və onların araşdırmalarına istinadən problemin ümumi mənzərəsi ümumazərbaycan davasının qaynaqları prizmasından müəyyən edilmiş, akademik İsa Həbibbəylinin, akad. Hüseyn Əhmədovun, professorlar Yaşar Qarayevin, Akif Hacıyevin, Ənvər Əhmədovun, Fərrux Rüstəmovun, Əmrulla Paşayevin, eləcə də  xarici alimlərdən Y.Bertelsin, V.Tebiyevin, A.Dneprovun, Nadir Dövlətin tədqiqatlarına istinadən elmi-nəzəri ümumiləşmələrlə tamamlanmış, İrəvan maarifçilərinin ədəbi-publisistik nümunələri simasında dövrün ictimai-maarifçi mənzərəsi yaradılmışdır.

 

Beləliklə, İrəvan ictimai-maarifçi mühiti vahid Azərbaycanın milli maarifçiliyi kontekstində araşdırılaraq İrəvan - Naxçıvan - Təbriz maarifçi arealı ifadəsini də ilk dəfə elmi dövriyyəyə daxil edən müəllif müasir Azərbaycan pedaqoji elmini zənginləşdirəcək müddəalarla tədqiqatın başlıca nəzəri və ictimai siqlətini müəyyən etmişdir. Bizə elə gəlir ki, həm müsəlman maarifçiliyindən dövlət maarifçiliyinə, həm Qori və İrəvan seminariyalarının azərbaycanlı müəllim və məzunlarının inzibati-maarifçi fəaliyyətlərinin “Azərbaycan davası” adlı milli mücadiləyə əsaslı təsirləri, həm də yeni rusdilli dövlət təhsil müəssisələrinə keçidlə Rusiya və Avropa mədəniyyətinə tarixi transformasiyanın, nəhayət, xüsusilə bu ərazilərdə sürətlə yayılan üsuli-cədid maarifçi axının İrəvan, Naxçıvan və Təbrizdə sürətlə şəbəkləşməsinə təkan verməsi kimi məsələlər ilk dəfə bu səpgidə araşdırılmışdır. Göstərilən bu başlıca səbəblər isə öz növbəsində ümumazərbaycan milli oyanışının əsasını təşkil etməkdə Azərbaycan Demokratik Cümhuriyyətinin formalaşmasını təmin etmişdir.

 

Bütün bunlar həm də tarixilik və müasirlik kontekstində problemin pedaqoji və siyasi maarifçiliyin aktual əhəmiyyətini də ehtiva etməklə İrəvan ictimai-maarifçi mühitinin tədqiqinə tamamilə yeni yön vermişdir.

 

Biz fikirlərimizi müəllifin belə bir fikri ilə yekunlaşdırırıq ki, “Çox böyük güclərlə “Azərbaycan davası” adlı milli mücadilə sözün böyük mənasında dünən də davam edirdi, bu gün də davam edir, sabah da davam edəcəkdir! Bu, Azərbaycan milli-siyasi maarifçiliyinin üzərinə götürdüyü tarixi missiyadır!”

 

İlham CAVADOV,

Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

 



10.02.2023 | 15:17