Onun elmi-pedaqoji PORTRETİ

Qəribədir. Elə insanlar var ki, dünyaya gəldiyi gündən özünün pak və təmizliyi ilə qədəm-qədəm inkişaf edir. Özünün işi, əməlləri ilə həyatını bəzəməklə həm də cəmiyyəti gözəlləşdirir. Təmənnası düşünmək, özünün bacarıq və qabiliyyəti daxilində cəmiyyətə xidmət göstərməkdən ibarət olur. Belə insanlar özünün səmimi münasibətlərinə bürünərək cəmiyyətin fövqündə dayanır, bir insanlıq mücəssiməsəsi kimi daha çox fərqlənir. Onlar çoxlarının böyük məhəbbətini qazanmaqla fəxarət güzgüsünə çevrilirlər. Bu il 95 yaşı tamam olan Camal Məhərrəm oğlu Əhmədov da belələrindən idi. O, zamanında adi kənd həyatından şəhərə qədər bir ömürlük yol qət edərək, əsl alim həyatının işığında qidsiyyəti olan təkrarsız bir tale yaşamışdır. Səbirlilik, təmkinlilik, həyatsevərlik, yaradıcılıq, səmimilik, mehribanlıq, ən başlıcası insanlıq onun bir şəxsiyyət kimi atributlarına çevrilmişdir.

 

Qayğılı günlər

 

Camal Əhmədov 1935-ci ildə doğulduğu Aşağı Əskipara kənd məktəbinin birinci sinfinə gedir. O, bir müddət burada oxusa da, həyatında olan hadisələr onu imtahana çəkir. Qayğılı günləri başlayır. Atası Məhərrəm Böyük Vətən müharibəsinə gedir. Ailələrində çətinliklər yaranır. Əmisi ailənin yükünü azaltmaq üçün onu himayəyə götürür. Və işi ilə bağlı Şamxora köçür. Balaca Camal da əmisinin ailəsi ilə birlikdə Şamxora köçərək təhsilini də Morul kənd məktəbində davam etdirir. Beləcə o, orta təhsilini 1945-ci ildə elə bu məktəbdə başa vurur.

 

Camal Əhmədov oxumaqdan, təhsil almaqdan həzz alırdı. Daha çox bədii əsərlər oxuyur, sevdiyi yazıçı və şairlərin əsərlərini diqqətlə mütaliyə edirdi. Həmçinin tənqid, ədəbiyyatşünaslıq məsələlərinə dair fikirlərə maraq göstərir, əsərləri öyrənməkdən yorulmurdu. Bu maraq nəticə etibarı ilə onu Azərbaycan Dövlət Universitetinə gətirib çıxardı. O, 1945-50-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldı. Universiteti fərqlənmə diplomu ilə bitirərək bir müddət Bakı şəhərinin məktəblərində müəllim işlədi.

 

Tədqiqatçılığa gedən yolda

 

Camal Əhmədov 1952-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun) aspiranturasına daxil olur. Klassik metodist alim, professor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə “Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrədilməsi üsulları” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. 1954-cü ildə onu uğurla müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alır. Beləliklə, o, ədəbiyyatın tədrisi metodikası sahəsində ilk elmi dərəcə alan alim kimi tədqiqatçılıq tarixinə düşür.

 

Əslində bu, bir elmi yaradıcılıq ömrünün başlanğıc mərhələsi idi. Orada böyük yaradıcılıq üfüqlərində aydın şəkildə parıldayan bir imza görünürdü. Bu hadisə həm də xüsusi metodikalardan biri kimi ədəbiyyatın tədrisi metodikasının Azərbaycan elmi mühitində təşəkkül taparaq inkişaf etməsindən xəbər verirdi. Eyni zamanda ölkəmizin təhsil prosesinin ümumi ehtiyaclarından biri kimi təzahür edirdi. İlk dissertasiyasını yazıb müdafiə edən Camal müəllim Azərbaycan ədəbiyyatının tədrisi tarixini də öyrənməklə ədəbiyyatın tədrisi metodikası sahəsində araşdırmalarını davam etdirir. O, 1970-ci ildə “Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” mövzusunda dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi alır.

 

Yeri gəlmişkən qeyd edək ki, bu əsər müəllifinin tarixi aspektdə ciddi araşdırmalarının nəticəsi kimi meydana çıxır. Orada Azərbaycan ədəbiyyatı tədrisinin zəngin bir tarixə malik olması, dəyərli ənənələri ilə diqqət çəkməsi göstərilir. Həmçinin ədəbyyatın tədrisi metodikasının tarixi aspektdə dövrləşməsi aparılır, proqram və dərsliklərin prinsipləri araşdırılır, eyni zamanda, XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli maarifpərvər şəxsiyyətlərin həyat və yaradıcılığı ilk dəfə olaraq tədqiqata cəlb olunur.

 

Elmi məktəb yaratmış alim

 

Professor Camal Əhmədov həyat və yaradıcılığının, demək olar ki, böyük bir dövrünü Azərbaycan Dövlət Universiteti ilə bağlamış, həm pedaqoji, həm də elmi yaradıcılıq sahələrində əldə etdiyi uğurları məhz bu təhsil məbədində qazanmışdır. Həm də onun 480-dən çox əsərinin, demək olar ki, böyük bir hissəsi məhz bu illərdə çap üzü görmüşdür. Onun mövzu baxımdan müxtəlif olan yaradıcılığında pedaqoji düşüncənin, demək olar ki, əksər məsələləri öz əksini tapmışdır. Böyük bir məktəbi xatırladan bu yaradıcılıq haqqında danışan tədqiqatçı alimlər Camal Əhmədovun elmi şəxsiyyətini xüsusi olaraq dəyərləndirirlər.  Akademik İsa Həbibəyli bu məsələdən danışarkən qeyd edir ki, “...professor Camal Əhmədov ölkəmizdə ədəbiyyatın tədrisi metodikası məktəbini yaratmış pedaqoq alim nüfuzu qazanmışdır”. Professor Əjdər Ağayev isə qeyd edirdi ki, “ədəbiyyatın tədrisi metodikası üzrə elm məktəbini yaradan pedaqoji elmlər doktoru, professor C.Əhmədov tədqiqat obyektinə kompleks və sistemli yanaşma nümunəsi göstərmiş, onun tamlığına nail olmuşdur”. O həm də “İlkinlik qazanmış alim” adlı məqaləsində Camal Əhmədovu çox şanslı, qədəmləri yüngül olan bir alim kimi təqdim edərək elm aləminə gəlişini uğurlu hesab edirdi. Və ondan sonra ədəbiyyatın tədrisi metodikası sahəsində 50-yə qədər alimin yetişdiyini xüsusi olaraq vurğulayırdı.

 

Ədəbiyyatın tədrisi metodikası sahəsində tədqiqatlar

 

Professor Camal Əhmədovun elmi yaradıcılıq diapazonu geniş və çoxşaxəlidir. Böyük bir yaradıcılıq nəhrinə bənzəyən bu kəhkəşanda bənzəri olmayan bir zənginlik var. 1981-ci ildə “Sülh və əmək nəğmələri” məqaləsi ilə başlayan bu yaradıcılıq axınında filoloji, pedaqoji, psixoloji, fəlsəfi və s. olmaqla hər hansı problemlə bağlı yazıya rast gəlmək mümkündür. Ən başlıcası odur ki, müəllif bu zənginliyi yaratmaqla, eyni zamanda, özünün istək və maraqlarını meydana qoymağa çalışmış, həmçinin yaşadığı dövrün bütün zamanlarında özünün həssaslığını və çevikliyini nümayiş etdirə bilmişdir.

 

Camal müəllim, hər şeydən öncə, ədəbiyyatın tədrisi metodikası üzrə mütəxəssis olduğundan bu məsələyə daha çox diqqət yetirmiş, bilavasitə ədəbiyyatın tədrisi problemlərini ardıcıl və sistemli olaraq tədqiqat obyektinə çevirmişdir. Məlum olduğu kimi, namizədlik və doktorluq dissertasiyalarından başlayaraq ta ömrünün sonuna qədər bu tədqiqat sahəsinə sadiq olmuş, onun aktual və gündəmdə dayanan ən vacib məsələlərini araşdırmaqdan yorulmamışdır. Nəticədə “Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsi üsulları” (1954), “V-VIII siniflərdə ədəbiyyat tədrisi” ( I və II hissələr) (1966), “Azərbaycan ədəbiyyatının tədrisi tarixi” (1971), “Ədəbiyyatın tədrisi metodikası” (1992) kitabları, eləcə də X sinifdə C,Cabbarlının “1905-ci ildə” pyesinin bədii təhlili haqqında (1954),“Səkkizinci-onuncu siniflərdə inşa yazıların aparılması haqqında” (1955), “Müəllimin dərs planı” (1957), “Yeni ədəbiyyat proqramları və dərslikləri haqqında” (1958), “Ailədə uşaqların mütaliəsini necə təşkil etməli” (1961), “M.Ə.Sabir şeirinin sənətkarlıq xüsusiyyətlərinin tədrisi haqqında” ( 1962), “Ədəbiyyat tədrisində şagirdlərin fəallığı” (1965), “Uşaq ədəbiyyatında mükəmməl xarakterlər yaratmalı” (1966), “Xarici ölkələrdə ədəbiyyat tədrisinin məsələləri” (1976), “Müasir ədəbiyyat dərsliklərinin tərtibi prinsipləri haqqında” (1976), “Məktəblər dərsliklər mərhələsində” (1980), “Dərslikləri müasir tələblər səviyyəsinə” (1984), “Ailədə bədii zövq” (1984), “Pedaqoji təcrübə məhək daşıdır” (1987), “Ədəbiyyat tədrisinin bəzi müasir məsələləri” (1988), “Ədəbiyyat dərslikləri necə olmalıdır” (1995) və sair məqalələri çap olunmuşdur. O, bu məqalələrində xüsusi olaraq ədəbiyyatın tədrisi prosesində çətinlik yaradan, məktəbin, müəllimlərin ehtiyacına uyğun olan ədəbiyyat təliminin məzmunu, təşkili, idarə olunması, eləcə də müəllim və şagirdlərin fəaliyyətinə dəstək verən o dövr üçün aktual hesab edilən yanaşmalardan bəhs etmişdir. Zaman-zaman proqram və dərslikləri araşdırmış, onların daha təkmil olması barədə təkliflər irəli sürmüşdür.

 

Ədəbiyyatşünaslıq istiqamətində araşdırmalar

 

Professor Camal Əhmədov zamanın daha fərqli bir metodist alimi olmuşdur. O, hər zaman məşğul olduğu fənnin elmi əsasları ilə ardıcıl və davamlı olaraq məşğul olması, tədqiqatlar aparması ilə fərqlənirdi. O, sadəcə bir metodist deyil, həm də filoloq, ədəbiyyatşünas alimi kimi məsələlərə yanaşır, dövrü olaraq problemlərə öz münasibətini bildirirdi. Nəinki ədəbiyyatşünaslıq məsələləri ətrafında araşdırmalar aparırdı, eyni zamanda yeni nəşr olunan, çap üzü görən əsərlərə ardıcıl olaraq münasibət bildirir, onları dəyərləmndirməklə ədəbi tənqid prosesində fəal iştirak edirdi. “Elmi fantastik hekayələr” (1953), “Cəfər Cabbarlı haqqında monoqrafiya” (1954), “H.Əfəndiyevin təmsilləri” (1956), “Böyük dayaq” (1958),“Ölməz sənətkar” (1958), “Komediya ustası” (1960), “Səməd Vurğun əsərlərinin akademik nəşri” (1960), “Kiçik hekayələr ustası” (1961), “Yanar ürək” povesti haqqında” (1961), “Ölməz dramaturq haqqında roman” (1962), “Müasir povestlər” (1963), “Ölməz sənətkar” (1963), “Azərbaycan və rus ədəbi əlaqələrinə dair” (1964), “Bir mənsur şeir haqqında” (1965), “Ə.Haqverdiyevin bir məqaləsi haqqında” (1966), “Rəsul Rza” (1970), “Mir Cəlalın “Şəfəqdən qalxanlar” kitabı haqqında” (1972), “Elmi fantastik əsərlər” (1973), “Nəsrin şeiriyyəti”(1977), “Mirzə Ələkbər Sabir” (1978), “Hüseyn Arif şeirinin poetikasına dair” (1981), “Axundovşünaslığa yeni hədiyyə” (1983) və sair əsərlərində onun ədəbi və ədəbi tənqid prosesində çevik və fəal mövqeyini aydın görmək mümkün olur. Eyni zamanda həssas bir ədəbiyyatşünas baxışları ilə dövrün ədəbi-bədii hadisələrinə münasibət bildirməsi açıq-aşkar hiss edilir.

 

Professor C.Əhmədov görkəmli yazıçı və şairlər haqqında

 

Professor Camal Əhmədov bir tədqiqatçı kimi istər pedaqoji, istərsə də filoloji müstəvidə ardıcıl və sistemli araşdırmalar aparmağı xoşlayırdı. Həm də düşündüklərini fakt və hadisələrlə, nümunələrlə əsaslandırırdı. Bəlkə də, bu, onun bir pedaqoq, metodist kimi təcrübələrlə əlaqəli işləməsindən və fəaliyyətində bilavasitə ona istinad etməsindən irəli gəlirdi. Eyni zamanda o, düşündüklərini daha effektiv və təsirli ifadə edə bilirdi. Bu, onun Azərbaycanın görkəmli ədibləri haqqında söylədiklərində daha bariz özünü göstərirdi.

 

“Füzulinin lirik şeirləri həssas ürəklərin nəğmələridirsə, onun zəngin məzmunlu poemaları əsas mənbəyi həyat olan coşqun ilhamının təbii çeşmələridir. Şairin həm kiçik şeirləri, həm də bütün poemaları göz qamaşdırıcı və heyranedici bir əzəmətlə doludur. Onun ən kiçik şeirləri də poema qədər vüsətə malikdir. Odur ki, ehtiraslı nəğməkarın əsərləri bu qədər parlaq, bu qədər alovlu, bu qədər əzəmətlidir. Həmin əsərlərin məzmunu və ideyası isə yaz səhərlərinin fərşindəki boyalar qədər cazibədar və rəngarəngdir”.

 

“M.F.Axundov Azərbaycan dramaturgiyasının banisi, gözəl şair, nasir və filosof kimi şöhrət qazandı. Axundovun altı ölməz komediyası vardır. Bu komediyalarda köhnə dünyanın bütün eyibləri ifşa edilmişdir. Böyük yazıçı Axundovun əsərlərində elm və maarifə yiyələnmək, xalqın dostluğu, qadın azadlığı ideyaları mühüm yer tutur. O, Hacı Nuru, Şahbaz bəy, Sona kimi qabaqcıl, açıqfikirli obrazları yaratmışdır”.

 

“M.Ə.Sabir inqilabi mübarizələr meydana gəldiyi bir zamanda fəhlə hərəkatının qızğın bir dövründə yaşayıb yaratmışdır. Təbiidir ki, realist bir sənətkar olan Sabir bu hadisələrə laqeyd münasibət bəsləyə bilməzdi. O, Bakı həyatının, Bakı fəhlələrinin istək və arzularına yaxın bir sənətkar idi”.

 

“Xalq içərisində görkəmli ictimai xadim, yazıçı, həkim kimi xüsusi şöhrət qazanmış Nəriman Nərimanov həm də müəllim-metodist olmuşdur... Onu belə bir doğru metodik mülahizə məşğul edirdi ki, məktəbdə təlim materiallarının məzmun və mahiyyəti dəqiq müəyyənləşdirilməlidir... O deyirdi ki, hər yazıçını, ya da bədii parçanı öyrətmək olmaz. Şagirdin öyrəndiyi yazıçı və sənət əsəri ona yüksək ideya, nəcib əxlaq və bədii zövq aşılamalıdır, əqidə tərbiyə etməlidir!”

 

“Biz onun haqqında düşünərkən, yaradıcılığına nəzər salarkən C.Məmmədquluzadə, Ə.Haqverdiyev və A.P.Çexov kimi böyük söz ustalarının incə, sağlam yumorunu, hekayə və novellalarını xatırlayır, onların nəcib ənənələrini inkişaf etdirən bir sənətkarı görürük. Mir Cəlal hərtərəfli yaradıcılığa malik, məhsuldar bir sənətkardır. Onu biz həm yazıçı, həm də bir alim kimi tanıyırıq”.

 

Göründüyü kimi, professor C.Əhmədov həmişə xalqımızın elmi-pedaqoji, təhsil və ümumiyyətlə, düşüncə tarixi ilə mənən yaşamış, onun zəngin bir xəzinə kimi öyrənilməsinə xüsusi qayğı göstərmiş, ümumiləşdirilməsi istiqamətində yorulmadan iş aparmışdır. Hər zaman bu fikirlərin ümumiləşdirilərək dəyərləndirilməsinə, onun cəmiyyətə, xüsusilə də pedaqoji ictimaiyyətə çatdırılmasına xüsusi fəaliyyət istiqaməti kimi baxmışdır. Yaradıcı insanlara cəmiyyətin üzük qaşı kimi yanaşmış, onları bir dəyər olaraq ümumiləşdirməkdən zövq almışdır.

 

Son söz əvəzi

 

Professor Camal Əhmədov 95 illik bir alim ömrünü yaşayaraq təkcə özünün deyil, həm də Azərbaycan elminin ayrıca bir istiqamətində, ədəbiyyatın tədrisi metodikası sahəsində təkrarsız bir salnamə yaratmışdır. Milliliklə bəşərililiyi birləşdirən bu salnamə özünün elmi dəyəri, siqləti ilə həmişə təhsilimizin, məktəbimizin tarixində özünün əvəzsiz xidmətini göstərmişdir. Əminik ki, professor Camal Əhmədov şəxsiyyətini təmsil edən bu yaradıcılıq salnaməsi  gələcəkdə də hələ neçə nəsillərin inkişafında əhəmiyyətli rol oynayacaqdır.

 

Ənvər ABBASOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 



28.01.2023 | 10:25