“Xalqımızın qan yaddaşı – 20 Yanvar”

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində “Xalqımızın qan yaddaşı – 20 Yanvar” adlı tədbir keçirilib.

 

Tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib: “ Heydər Əliyev deyirdi ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər”.

 

Rektor vurğulayıb ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. “20 Yanvar hadisələrinin təhlili onu göstərdi ki, məkrli qüvvələrin Azərbaycan xalqının əzmini qırmağa yönəlmiş soyqırım hərəkətləri xalqımızın mübarizliyini daha da möhkəmləndirdi”- deyə E.İsayev qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə də danışıb.

 

Diqqətə çatdırılıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası ilə ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə, ordu-xalq birliyi xalqımızın vətənsevərliyini, cəsurluğunu bir daha sübut etdi.

 

Sonra Azərbaycanın Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın bədii rəhbəri və rejissoru olduğu, Tələbə Teatr Studiyasının hazırladığı “Xatirəniz, ruhunuz həmişə anılacaq” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

        

Sonda 20 Yanvar faciəsinə həsr edilmiş kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

 



19.01.2023 | 17:18