DİQQƏTLİ OL! MİNA VAR

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.

 

Bütün bu işlərin həyata keçirilməsi üçün də öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb.

 

Eyni zamanda yerlərdə mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin, o cümlədən təhsilverənlərin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitin yaradılması məsələləri ilə bağlı maarifləndirmə aparılmasına Elm və Təhsil Nazirliyi  də xüsusi önəm verir.

 

***

 

Saatlı rayonu M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbində tədbirlər planına uyğun olaraq mina təhlükəsi və partlamamış hərbi sursatlarla davranış qaydaları haqqında maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, həmçinin  Saatlı şəhər məktəblərinin direktorları, hərbi rəhbərlər, qazilər, Vətən müharibəsi iştirakçıları iştirak ediblər. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqların azadlığı uğrunda şəhadətə ucalmış Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov mina təhlükəsi və partlamamış hərbi sursatlar haqqında təqdimatla çıxış edərək azad olunmuş torpaqlarda mənfur düşmənlər tərəfindən qəsdən yaradılmış mövcud təhlükəli vəziyyətlər və onlardan qorunma yolları haqqında geniş maarifləndirici məlumatlar verib.

 

Saatlı Rayonu İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi  iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Fərhad Mürsəlovun çıxışında məhz mina partlaması nəticəsində bir ayağını itirməsindən, 44 günlük müharibə zamanı yaşadığı hadisələrdən və təşkil olunmuş tədbirin əhəmiyyətindən danışılıb.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov Qarabağın azadlığı uğrunda Ali Baş Komandan, onun ətrafında birləşən nizamlı ordumuz və Azərbaycan xalqının birliyinin gücündən, müharibə zamanı qazanılan nailiyyətlərdən, cənab Prezident İlham Əliyevin istər müharibə, istərsə də post müharibə dövründə apardığı uğurlu daxili və xarici siyasətindən, beynəlxalq arenada əldə etdiyi nüfuzdan, düşmənlə müqayisədə ölkə hərbçilərinin necə qəhrəman və qeyrətli olmasından danışaraq qeyd olunanlardan xüsusilə, şagirdlərin nümunə götürməsi üçün tövsiyə və məsləhətlər verib. Eyni zamanda rayonun bütün ümumtəhsil müəssisələrində bu qəbildən olan maarifləndirici silsilə tədbirlərin keçirilməsinin önəmindən danışıb.

 

***

Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Anar Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov, məktəb direktorları, rayon məktəblərinin çağırışaqədərki hərbi hazırlıq rəhbərləri, həmçinin 250-yə yaxın məktəblinin iştirakı ilə “Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə fəaliyyəti” mövzusunda maarifləndirici görüş keçirilib.

 

Tədbiri giriş sözü ilə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov açıb. FHN-nin nümayəndəsi Anar Bayramov öz təqdimatı ilə görüş iştirakçılarına minaaxtaranların fəaliyyəti, minalar, minalardan qorunma üsulları, mina, yaxud minaya bənzər əşyalar gördükdə nə etməli haqqında geniş məlumat verib. Daha sonra yuxarıda qeyd olunan hallar haqqında videoçarxlar izlənilib.

 

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi, şəhər 5 nömrəli tam orta məktəbin hərbi rəhbəri E.Cəfərov keçdiyi döyüş yolu haqqında məlumat verib.

 

Çıxışlarda tədbirin mahiyyətindən, maarifləndirici əhəmiyyətindən söz açılıb.

 

***

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan Şamaxı şəhər 2, İsmayıllı rayon Tircan kənd və Qobustan şəhər 3 nömrəli tam orta məktəblərdə mina təhlükəsizliyinə dair maarifləndirici görüşlər keçirilib.

 

Görüşdə iştirakçılara minaaxtaranların fəaliyyəti, mina təhlükəsi və onlardan qorunma üsulları və partlamamış hərbi sursatlar haqqında təqdimat və maarifləndirici videoçarx nümayiş etdirilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.

 

Görüşlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Kamil Abdulbağıyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov, rayon təhsil sektorlarının müdirləri, təhsil işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və şagirdlər iştirak ediblər. Təşkil edilmiş maarifləndirici təlimlərdə iştirakçılara və şagirdlərə təhlükəsiz davranış qaydaları ilə bağlı məlumatın əks olunduğu broşür, məlumat kitabçası və plakatlar paylanılıb.

 

***

 

Qusar şəhər T.İsmayılov adına 6 nömrəli tam orta məktəbdə təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi mövzusunda tədbir keçirilib.

 

Tədbir məktəbin GÇQH rəhbəri Roman Muradovun çöl şəraitində keçirdiyi “açıq dərs”in nümayişi ilə başladı. Müəllim öncə minaların quruluşu, iş prinsipi, minaların zərərsizləşdirilməsi haqqında məlumat verdi. Daha sonra məktəblərin akt zalında geniş nümayəndə heyətinin iştirakı ilə müşavirə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Müşavirəni giriş sözü ilə açan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev təhsil müəssisələrinin müəllim-şagird heyətinin mina və partlayıcı sursatların təhlükəsinə qarşı maarifləndirilməsinin əhəmiyyətindən və vacibliyindən bəhs etdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov məsələ ilə bağlı müvafiq məlumatlar verib, müşavirə iştirakçılarının suallarını cavablandırdı.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev müşavirənin əhəmiyyətindən danışaraq genişmiqyaslı müharibə əməliyyatlarından sonra həmin ərazilərin ən böyük problemlərindən birinin məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi olduğunu bildirib, nazirliyin bu istiqamətdə apardığı maarifləndirmə işləri haqqında məlumat verdi.

 

Müşavirədən sonra Elm və Təhsil Nazirliyinin, Regional Təhsil İdarəsinin əməkdaşları Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirib və metodiki tövsiyələr əsasında işin təşkili ilə bağlı onlarla fikir mübadiləsi aparıldı. Eyni zamanda Vətən müharibəsi qaziləri və müharibə veteranları ilə səmimi söhbət apararaq, onların problemləri və qayğıları ilə maraqlanaraq lazımi tövsiyələr verildi.

 

***

 

Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” haqqında elm və təhsil nazirinin müvafiq əmrinin icrası ilə bağlı rayonun ümumtəhsil məktəblərinin direktorlarının və hərbi rəhbərlərin, həmçinin Qarabağ müharibəsinin qaziləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  şəhər şöbəsinin  əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov təlim minalarından istifadə edərək onların quruluşu, iş prinsipləri, minalar və digər partlamamış silahlarla davranış qaydaları haqqında geniş məlumat verib.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev tədbirdə çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış qaydaları və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri uşaq və gənclərə aşılamaqdır.

 

Sonra tədbirin iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanılıb.

 

***

 

Ə.Piriyev adına Neftçala şəhər 2 nömrəli tam orta məktəbdə partlamamış hərbi sursatlar və minalarla davranmaq qaydaları haqqında Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun müdiri Nicat Cəfərov, rayonun məktəb direktorları, hərbi rəhbərlər, qazilər, şagird və müəllimlərin iştirakı ilə tədbir keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Partlamamış hərbi sursatlar və minalarla davranış qaydaları haqqında müvafiq videoçarxlar nümayiş etdirilib. Vətən müharibəsi iştirakçıları və hərbi rəhbərlər döyüş yollarından danışıb, partlamamış silah-sursatlar haqqında məlumat veriblər.

 

Sonda Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adığözəlov çıxış edərək  məsələ ilə bağlı geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

***

 

Masallı Regional Mədəniyyət Mərkəzində  mina təhlükəsizliyi və partlamamış hərbi sursatlardan qorunmaq mövzusunda rayonun təhsil işçilərinin və şagirdlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, məktəb direktorları, çağrışaqədərki hazırlıq rəhbərləri, qazilər və ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri  iştirak ediblər.

 

Tədbirdə  çıxış edən Əhliyyət Adıgözəlov 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı parlaq Qələbə nəticəsində ərazilərimizin 30 ilə yaxın davam edən işğaldan azad olunduğunu xatırladıb. O, qeyd edib ki, Ermənistan torpaqlarımızı işğal etməklə yanaşı, həmin əraziləri mina və digər hərbi sursatlarla çirkləndirib.

 

Vətən müharibəsi zamanı partlayıcı hərbi sursat və mina partlayışı nəticəsində yaralanmış qazilər Cəmaləddin Məmmədov və Ceyhun Qurbanov tədbir iştirakçılarına mina riskindən qorunmaq üçün şübhəli ərazilərə daxil olmamaq və müharibənin partlayıcı qalıqlarına toxunmamağın vacibliyini vurğulayıb, partlayıcı qurğuların törətdiyi təhlükədən danışaraq bununla bağlı öz tövsiyələrini veriblər.

 

Tədbirdə mina təhlükəsi, partlamamış hərbi sursatlar haqqında maarifləndirici videoçarx nümayiş etdirilib.

 

***

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli, Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəblərində də maarifləndirmə tədbirləri təşkil olunub.Tədbirlərdə məktəblərin rəhbərlərinə təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici və xəbərediciposter və bukletlər təqdim olunub.

 

 



26.12.2022 | 13:30