Erkən nikah sosial həyatın mühüm problemlərindən biri kimi

Bütün sivil dünyada olduğu kimi, ölkəmizdə də erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş son yaş həddidir. Azərbaycan qanunvericiliyinə görə nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. 

 

Lakin buna baxmayaraq, hər il, azından, dünyada hələ yetkinlik yaşına çatmayan milyonlarla qız evlənir və cəmiyyətin məlumatlı, analoji faktlarla bağlı narahatlığını ifadə edən bir qismi bununla bağlı etirazlarını bildirsə də, o cəmiyyətlərdə, məsələn, bizimlə qonşu olan Rusiya Dövlət Dumasında, eləcə də, Federasiyanın bəzi subyektlərində qanunverici orqanlarda təmsil olunan “seçilmişlər” belə hallarla mübarizəyə səsləmək əvəzinə, onun qanuniləşdirilməsi cəhdləri ilə diqqəti cəlb edirlər. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) buna son qoyulmasını tələb edir.

 

Fondun məlumatına görə, dünyada milyonlarla qız ailə qurarkən çətinlik və ümidsizlik yaşayır. UNICEF-in hesabatında deyilir ki, bir sıra ölkələrdə 18 yaşına çatmamış qızların təxminən yarısı artıq evlidir. Eyni zamanda, çox vaxt onları erkən hamiləlik, milli adətlər və yoxsulluq belə bir addıma sövq edir. Erkən nikah tez-tez müxtəlif ağırlaşmalarla və sağlamlığın kəskin şəkildə pisləşməsi ilə dolu erkən hamiləliyə səbəb olur. Hər il 15-19 yaşarası qadınlar 15 milyondan çox uşaq dünyaya gətirirlər. Təəssüf ki, bir çox gənc qızlar bilmirlər ki, çox erkən yaşda analıq hamiləlik və doğuş zamanı ağırlaşmalara səbəb olur və doğuş zamanı ölmək şansı orta hesabla daha da yüksəkdir. Gənc anaların uşaqları arasında xəstələnmə və ölüm nisbəti də yüksək olur. Daha erkən yaşlarda hamiləlik tez-tez vaxtından əvvəl doğuş, ağırlaşmalar, anemiya ilə müşayiət olunur. Bütün dünyada doğuş və ya hamiləlik zamanı ölüm 15-19 yaşarası qadınlar arasında ən çox rast gəlinən hallar sırasındadır. Həmçinin, erkən uşaq dünyaya gətirmə nəinki gənc ananın sağlamlığına mənfi təsir göstərir, həm də dünyanın bütün yerlərində qadınların təhsil, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasına maneə olmaqda davam edir. Ümumiyyətlə, erkən nikah və erkən analıq qadınların təhsil və məşğulluq imkanlarını ciddi şəkildə məhdudlaşdırır, onların həyat keyfiyyəti və uşaqlarının həyatı üçün uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər.

 

O da statistik rəqəmlərlə təsdiqini tapır ki, bir çox bu vəziyyətdə olan gənc ana maddi cəhətdən təmin olunmur, bunun nəticəsində çoxlu sayda problemlərlə üzləşir. Çox vaxt belə gənc qadınlar uşaqları ilə birlikdə sinir böhranı və xroniki stressin astanasında olur. Bunu gənclərin dərin sevgi ilə evləndiyi məqamlarda da görmək olur və üstəlik, ən çox belə gənc cütlüklər boşananlar cərgəsində dayanırlar. Səbəb bir-birindən yaşadıqları məyusluqdur.

 

Bu, sosioloqların gəldiyi qənaətdir, bu qənaətlərə həkimlərin fikirlərini də əlavə etsək, qaldırılan problemlərin mənbəyini tapmaq üçün elmi dəlillər gətirə bilərik. Onlar bunu fizioloji nöqteyi-nəzərdən belə izah edirlər ki, qanda güclü sevgi zamanı neyrotrofin zülalının tərkibi artır və bu da ayıq düşüncə hissini, reallığı görüb qiymətləndirmək üçün ciddi maneə yaradır. Nəticədə, təxminən 2 ildən sonra onun məzmunu azalır və biz dünyaya tamam başqa gözlə baxmağa, partnyorumuzu daha obyektiv qiymətləndirməyə başlayırıq. Gənclər, yaşlılardan fərqli olaraq, çox vaxt problemləri konstruktiv şəkildə həll etmək üçün kifayət qədər həyat təcrübəsinə və xarakterə malik deyillər. Buna görə də onlar evliliyə impulsiv şəkildə daxil olduqları kimi, onu pozmağa da üstünlük verirlər.

 

Erkən birləşmənin başqa bir səbəbi də odur ki, bir çox gənc “evli” statusunun onlara cəmiyyətdə ağırlıq verəcəyinə inanır. Gənc müstəqilliyə can atır. Evlilik onun üçün böyüməyə doğru bir addımdır, başqalarının hörmətini qazanmaq cəhdidir. Çünki indiyə qədər ona oğlan kimi baxırdılar və o, çoxdan kişi olduğunu sübut etmək istəyir. Ancaq onları belə bir fikir qətiyyən narahat etmir ki, nikahı qeydiyyata almaq kifayət deyil, ailənizi təmin etməlisiniz və təhsiliniz, şəxsi gəliriniz, mənziliniz yoxdursa, bu, çətindir. Gənc qızlara gəlincə, ən çox erkən yaşda qohumları və dostları ilə ünsiyyətdə müxtəlif problemlər və çətinliklər yaranır. Erkən yaşda evliliyin ümumi səbəbi aşağılıq kompleksidir: özünə şübhə, öz gözəlliyi, əks cins üçün nə qədər cəlbediciliyi onu qarşıdakı problemləri görməkdən yayındırır. Bu kompleks uşaqlıqda valideynlər, çox vaxt uşağa həddindən artıq təzyiq göstərən avtoritar insanlar tərəfindən qoyulur. Buna görə də, yuxarıda göstərilən bütün problemlərin və gənc həyat yoldaşlarının parlaq “sevgi və harmoniya içində həyat” yolunda qarşılaşdıqları bir çox digər maneələrin olması aşılmaz olur.

 

Əvvəlcə işin maddi tərəfindən danışaq. Başlanğıcda elə gəlir ki, sevgi naminə hər cür fədakarlıq edə bilərsən, amma həyatın sərt reallıqları səni göydən yerə enməyə vadar edir. Əgər həyat yoldaşları tələbədirsə, valideynləri imkanlı deyilsə, üstəlik, mənzilləri yoxdursa, onların, sözün birbaşa mənasında, tez-tez gündəlik problemlə qarşılaşacaqlarına ən optimist insan qarant vermək məcburiyyətindədir. Nəticədə onların hər ikisi illüziyaların dağılmasını yaşayır, çünki “böyük və parlaq” xəyal edirdilər, amma praktikada belə yox, tamamilə fərqli reallıqlar olur. Bu isə o deməkdir ki, ülgüc kimi kəskin “boşanma” sözünün səslənəcəyi an çox da uzaqda deyil.

 

Mövzu ilə bağlı bəzi həssas məqamları da əlavə etmək lazımdır ki, bəzi ailələrdə qız uşaqlarına “evdə qalacaqsan”, “yaşın keçir”, “ailə qur, evin olsun, uşağın olsun” kimi psixoloji təsir ifadələri günümüzün acı reallıqlarıdır. Belə ki, alternativ seçimləri olmayan qız uşaqları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da müxtəlif fikirlər psixoloji təsir kimi fərqli formada ifadə edilir. Psixoloji təzyiq öz mahiyyətini dəyişmir. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, həmyaşıdlarından uzaqlaşdırır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşa bilmirlər. Erkən evliliyə təhrik edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər.

 

UNICEF bütün dünya hökumətlərini valideynləri və gəncləri evlilik seçiminin nəticələri haqqında maarifləndirərək erkən nikahlara qarşı tədbirlər görməyə çağırır. Həmin çağırışlara qoşulan ölkələrin sayı da pozitiv nəticələr barədə fikirləşməyə əsaslar verə bilərdi, amma təəssüf ki, faktlar bu “pozitivliyi” təsdiq etmir. Məsələn, Azərbaycan Respublikasında erkən nikahların qarşısının alınması istiqamətində 13 dövlət qurumu öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda müəyyən edilmiş vəzifələrinə uyğun həyata keçirir. Qaydanın tələblərinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkə üzrə qeyd edilən istiqamətdə görülmüş işlərə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Ədalət naminə qeyd edək ki, həmin illik hesabatda görülmüş xeyli tədbirlərin uzun siyahısını da görmək mümkündür, amma nəticələr narahatlığımızın qarşısını almaq üçün kifayət deyil. Məsələn, Komitənin sonuncu hesabatında qeyd olunur ki, Azərbaycan Respublikası üzrə 1650 erkən nikah qeydə alınıb. Hesabatda həyəcan doğuran hal onunla bağlıdır ki, burada söhbət 15-17 yaşlı həddi-buluğa çatmayan qızların evliliyindən gedir...

 

Burada onu demək yerinə düşər ki, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil. Qeyd edim ki, ailənin təhsilsiz olması və dırnaqarası adət-ənənə adlanan stereotiplərin mövcudluğu valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin psixoloji müşahidəsidir. Günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi isə cəmiyyətin mənəvi problemidir. Yaranmış mənzərəyə psixoloji yanaşsaq, aydın görmək olur ki, bəzən erkən nikaha təhrik edilmiş qız uşaqlarının sosial xarakteri dərin depressiyaya və intihar kimi hallara gətirib çıxarır. Bir çox hallarda valideynlər bunu iqtisadi və ya sosial həyatları ilə əlaqələndirirlər.

 

Son olaraq bir daha xatırladaq ki, psixoloqların və evlilik münasibətlərini araşdıran bir çox alimlərin fikrincə, evlilik üçün ən yaxşı yaş qadınlar üçün 27-30, kişilər üçün 28-32 yaşdır. Bu yaşa qədər insan şəxsiyyət kimi formalaşır. Sabit gəlir, karyera, mənzil problemi və digər problemlər, bir qayda olaraq, bu yaşlarda həll olunur. Həmin yaşda evlilik haqqında qərarlar diqqətlə və məsuliyyətlə qəbul edilir, ona görə də bu yaşda qurulan evliliklər əsasən güclü və sabit olur.

 

İlhamə KƏRİMQIZI,

Qubadlı rayon Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbinin psixoloqu

 



25.12.2022 | 11:14