Hüquqşünaslıq ixtisası tələbələrinin “Məhkəmə simulyasiyası”

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi  və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə məhkəmə simulyasiyası keçirilib.

 

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, təcrübi bilik və bacarıqlarını təkmilləşdirmək üçün keçirilən simulyasiyanın önəmini vurğulayıb. Məhkəmə proseslərinin tələbələr tərəfindən hazırlanaraq canlandırılmasının onların gələcək peşə fəaliyyətlərində əhəmiyyətini vurğulayan N.Yaqubov ali təhsil müəssisəsində belə tədbirlərin davamlı keçirilməsini təqdirəlayiq hesab edib.

 

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə  elmləri doktoru, dosent Yusif Hüseynov yüksək ixtisaslı, savadlı kadrların hazırlanması və tələbələrin ixtisaslarını daha dərindən mənimsəmələri üçün keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr məhkəmə prosesində olan hakim, prokuror, vəkil, şahid, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq, simulyasiyanın hazırlanmasında yaxından iştirak  ediblər.

 

Simulyasiyada həm cinayət, həm də mülki prosesin tələbələr tərəfindən səhnələşdirildiyini diqqətə çatdıran Tələbə Gənclər Təşkilatının sədri,  Hüquq fənnləri kafedrasının  müəllimi Əziz Qasımov deyib ki, həyata keçiriləcək məhkəmə simulyasiyasını canlandırmaq üçün tələbələr müxtəlif təlimlərə cəlb olunub, müvafiq hüquqi yazı qaydaları haqqında əvvəlcədən məlumatlandırılıblar.

 

Sonra tələbələrin səhnələşdirdiyi 2 məhkəmə prosesi izlənilib. Cinayət işi üzrə məhkəmə prosesində tələbələr Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq şərti müəyyənləşdirilən “Oğurluq işini” səhnələşdiriblər. Prosesin sonunda hakim rolunu canlandıran gənclər məhkəmə hökmünü elan edib, ardınca mülki məhkəmə icraatı səhnələşdirilib. Bu proses də müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilib, sonda  məhkəmə qətnaməsi elan edilib.

        

       



23.11.2022 | 18:37