Özbəkistanlı professor BDU-da ustad dərsi keçib

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun professoru Zeba Qabilova Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Elektron informasiya resurslarının yaradılması və idarə edilməsi” mövzusunda ustad dərsi keçib.

 

Mühazirədə əvvəlcə informasiya resursları, informasiya sistemləri, informasiya məkanı, informasiya istifadəçiləri və s. bu kimi anlayışlar izah edilib, elektron informasiya resurslarının müxtəlif seqmentləri barədə məlumat verilib. Elektron resursların informasiya məkanında aparıcı vasitəyə çevrildiyi, müasir dövrdə informasiya tələbatının ödənilməsində mühüm rola malik olduğu qeyd edilib.  Elektron resursların dünya informasiya məkanına inteqrasiyada mühüm əhəmiyyət daşıdığını vurğulayan natiq burada təqdim olunan məlumatların uzunmüddətli və yüksək etibarlılıqla saxlanılmasının, elektron platformalarda peşəkar axtarış sistemlərinin yaradılmasının, annotasiya, çıxarış və açar sözlərin verilməsinin, həmçinin multimedia komponentlərinin yer almasının vacibliyini vurğulayıb. Elektron kitab, elektron kitabxana, elektron kataloq, elektron kitab ticarəti kimi anlayışları şərh edən professor müasir dünyada  informasiyanın məzmunu ilə yanaşı, onun təqdim olunma formasının vacibliyini də diqqətə çatdırıb. Elektron informasiya resurslarının məşhurlaşmasında sosial medianın rolunu xüsusi qeyd edib. Mühazirədə bütün bu proseslərin uğurla həyata keçirilməsinin hər bir ölkədə informasiya-kommunikasiya infrastrukturunun davamlı inkişafı, eyni zamanda bu sahə üzrə peşəkar kadr hazırlığı ilə bilavasitə bağlı olduğu bildirilib.

 

Dərs zamanı professor Zeba Qabilovanın rəhbərliyi ilə Kokand Dövlət Pedaqoji İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış Kokand ədəbi mühitinə dair elektron platforma təqdim edilib. Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor Zeba Qabilova dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

 

 



21.11.2022 | 17:34