“Unibank” əməkdaşları tələbələri əmək bazarındakı tendensiyalarla tanış edib

Bakı Dövlət Universiteti (BDU) əmək bazarının aparıcı şirkətləri ilə tələbələrin görüşlərini davam etdirir. Tələbələrin karyera quruculuğuna həsr olunan növbəti görüş “Unibank” əməkdaşları ilə keçirilib.

 

Görüşdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov universitetlə “Unibank” arasında əməkdaşlıqdan danışıb, bankın gənclərin karyera quruculuğu istiqamətində atdığı addımları yüksək qiymətləndirib. Əmək bazarında baş verən sürətli dəyişikliklərin tələbələrə aşılanmasının vacibliyini qeyd edən V. Həsənov əmək bazarı ilə təhsil müəssisələrinin daha sıx əməkdaşlıq etməsinin zəruriliyini bildirib.

 

“Unibank”ın Təşkilatı inkişaf şöbəsinin müdiri Viktoriya Hüseynova görüş üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və əməkdaşlığın davamlı olacağını qeyd edib.

 

Daha sonra bank əməkdaşları İnci Əsgərova “Uğurlu müsahibə”, Əfqan Baxışov “Maliyyə xidmətlərində rəqəmsallaşmanın hüquqi çağırışları”, Emin Ələsgərov “Data emalı”, Arif Məmmədzadə “Pərakəndə bankçılıq” mövzularında ustad dərsləri keçib, iştirakçıları əmək bazarındakı tendensiyalarla tanış ediblər. Sonda tələbələrə şirkət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunub.  

 

 



19.11.2022 | 11:32