Konfutsi İnstitutları Günü qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları Gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov institutun əsas fəaliyyət istiqamətlərindən danışıb, Çinin “Bir kəmər və bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirakı sahəsində elmi tədqiqatların aparılmasını xüsusi qeyd edib.

 

Tədbir çərçivəsində Xuçjou Peşə Kollecinin müəllimi Van Caijuan “Çin çay mədəniyyəti və ənənələri” adlı onlayn mühazirə ilə çıxış edib. Konfutsi İnstitutunun əməkdaşları qonaqları Konfutsi İnstitutunun Çin dili və mədəniyyətinin məşhurlaşması sahəsindəki fəaliyyəti, Konfutsi İnstitutunun təsis olunmasında ADU-nun tərəfdaşı sayılan Xuçjou Universitetinin təhsil əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, Çində təcrübə və tədrisin müxtəlif proqramları ilə tanış ediblər.

 

Bayramda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitabların, tədris ədəbiyyatı və materiallarının sərgisi keçirilib.

 

Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı və kağız kəsimi incəsənəti sahələrində ustad dərsləri keçiblər.

 

Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib.

 

 



29.09.2022 | 16:39