44 günlük Vətən müharibəsi ŞANLI TARİXİMİZdir

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

 

Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətindən

sentyabr, 2021-ci il

 

27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

 

Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.

 

44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli  Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!

 

Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.

 

1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdir. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır. Uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.

 

2020-ci il 27 sentyabr tarixində isə mövcud atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə II  Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu.

 

Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.

 

Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya məcbur edildi.

 

Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

 

Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər və zabit yaralanmış, 7 nəfər itkin düşmüşdür. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə düşmənin təxribatları nəticəsində 100-ə yaxın mülki şəxs, habelə, onların arasında uşaqlar və qadınlar da həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş, yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.

 

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana qaytarıldı. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

 

Qələbənin 2-ci ilində, həqiqətən də Azərbaycan xalqı, uşaqdan böyüyə hamı sevinc içindədir. Bu sevinci bizlərə bəxş edən, Vətən uğrunda döyüşərək canlarından keçən Şəhidlərimizə, Qazilərimizə borcluyuq. Bundan sonra hər birimiz Şəhidlərimizin ruhunu şad etmək üçün Vətən naminə öz mövqeyimizi səngər edib, doğma Azərbaycanımız naminə çalışmalıyıq.

        

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.

 

Qarşınızda baş əyirik, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımız!

 

Vaxtilə Qarabağ xanlığının eşik ağası Molla Pənah Vaqif:

“Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim...”- demişdi.

 

İndi isə mən deyərdim ki, Vaqifin müqəddəs ruhu hər şeyi doğru halətlə görür. Çünki biz Şuşaya qayıtmışıq. Artıq onun məzarı üzərində ucalmış məqbərəsi də bərpa olunub, açılıb.
 

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ali Baş Komandan Cənab İlham Əliyev!

 

Yusif Alıyev,

ADPU-nun Quba filialının direktoru, dosent

 



27.09.2022 | 16:50