Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində bakalavr və magistrlar üçün ilk mühazirə

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin ilk mühazirəsi dinlənilib.

 

Akademiyanın rektoru, akademik Urxan Ələkbərov tərəfindən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi uğurları” adlı ilk mühazirə DİA-ya  2022/2023-cü tədris ilində qəbul olunan bakalavr və magistrlara oxunub.

 

İlk öncə rektor DİA-da fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verib. Qeyd edib ki, məktəb ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından keçən 30 il ərzində Azərbaycan uğurla inkişaf edib və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrdə böyük uğurlar qazanıb.

 

Rektor dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, müasir müstəqil Azərbaycanın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın rolundan bəhs edib.

 

Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən rektor bu davamlı uğurların əsasında  Prezident İlham Əliyevin dövlət idarəçiliyi strategiyasının dayandığını vurğulayıb, ölkəmizin Vətən müharibəsində qazandığı parlaq Qələbədən bəhs edib.

 

Bildirib ki,  44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. ““Qarabağ Azərbaycandır!” şüarı ilə səfərbər olan həmin günlər xalq-dövlət, xalq-hakimiyyət birliyinin nümayişi idi. Bu, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın nə qədər vacib olduğunu parlaq surətdə nümayiş etdirdi. Azərbaycanı bu möhtəşəm qələbəyə aparan Ali Baş Komandanın müdrik qərarları, Müzəffər Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi oldu. Qazandığımız bu qələbə, həmçinin gəncliyimizə örnək oldu. Onlar gördülər ki, öz lideri ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir və qalibdir”.

 

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

 

 



22.09.2022 | 13:05