“Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq elmi konfrans keçiriləcək

2022-ci ilin 13-14 oktyabr tarixlərində Bakı Dövlət Universitetində “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan verəcək, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək. 

 

16 xarici ölkədən (Türkiyə, Fransa,  İspaniya, Serbiya, Bolqarıstan, Pakistan,  Hindistan, Belarus,  İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları gözlənilir. 

 



15.08.2022 | 17:20