Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Hər bir xalqın milli kimliyi onun sahib olduğu dili ilə öz təsdiqini tapır. Dil xalqların dəyişməz, toxunulmaz, müqəddəs simvolu kimi çıxış edir. Bu simvol olmadan dünya xalqları arasında öz yerini tapmaq, öz sözünü demək, öz milli kimliyini qəbul etdirmək mümkün olmazdı. Tarixən o xalqlar öz varlığını qoruyub saxlaya biliblər ki, onlar ilk növbədə, əcdadlarının yaratdıqları qədim dillərini bütün yad təsirlərdən qoruyub, yaşadıb, başlıcası onu inkişaf etdirə biliblər.

 

Azərbaycan dili də məhz belə dillərdəndir: qədim kökləri var, sistemli inkişaf mərhələsi keçib, əski zamanlardan klassik ədəbiyyatın dilinə çevrilə bilib, orada öz mövcudluğunu qoruyub saxlayıb, müxtəlif nəsillərin yaddaşına ötürülərək yaşayıb və yeni-yeni sözlər hesabına zənginləşib. Zaman-zaman dilə keçən kənar sözlərdən təmizlənib, xalqın yaratdığı öz sözləri ilə gözəl, saf, maraqlı  bir dil nümunəsi ortaya qoyulub.

 

Təbii ki, hər bir xalqın dili kimi əlifbası da var. Ötən əsrin əvvəllərindən başlayaraq baş verən əlifba islahatlarından Azərbaycan dili və əlifbası da yan keçə bilməyib və bəlli olduğu kimi, bu islahatlar heç də həmişə xalqlara, onun dilinə, yazı qrafikasına uğur gətirməyib. Fakt ondan ibarətdir ki, sovet məkanında yaşayan xalqların o dövrün vahid konstitusiyası ilə milli dilləri daim sıxışdırılırdı. Milli dilə kobud, bağışlanmaz qadağalar var idi.  Ana dilinin təəssübünü çəkənlər olsa da, onlar  ağır cəzalar alırdı.

 

Belə bir vaxtda Azərbaycana rəhbərlik etmiş görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması olduqca cəsarətli mövqe idi və bu mövqe heç zaman dəyişmədi.

 

SSRİ Konstitusiyası haqqında danışarkən “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”-deyə xüsusi vurğulayan ulu öndər Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda israrla mübarizə apardı, ziyalıları, xalqı bu mübarizəyə səfərbər etdi. Bundan başqa, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərildi, milli dildə nəşr edilən kitabların tirajları artırıldı. Bütün bu cəhdlər və tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı.

 

Müstəqilliymizin qazanılmasından sonra yaranan tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri oldu. Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması 1995-ci ildə Konstitusiyada təsbit olundu. Bundan sonra ana dilinin inkişafı və qorunması işi daha da gücləndirildi.

 

Ulu öndər Heydər Əliyev 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

 

Görkəmli siyasi xadim Heydər Əliyevin dilə olan münasibəti, sevgisi onun çoxsaylı çıxışlarında aydın ifadə olunub. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” - deyən Heydər Əliyev təkzibolunmaz bir gerçəklikdən çıxış edib. Çünki həqiqətən də bir xalq üçün ən böyük mənəvi qazanc onun yaratdığı, qoruduğu təmiz, zəngin, bəlağətli dilidir.

 

Azərbaycanlı olmaqla, Azərbaycan dilində danışmaqla hər zaman fəxr edən Heydər Əliyevin dil siyasəti təqdirəlayiq haldır ki, özündən sonra da davam etdi və onun siyasi varisi, Prezident İlham Əliyev ana dilinin qorunması, yaşaması üçün özündən əvvəl görülən bütün gərəkli işləri uğurla irəli apardı.

 

Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” imzalanan sərəncamlar ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini, yayılmasını, qorunmasını gerçəkləşdirdi.

 

Bundan başqa, 2013-cü ildə Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı qəbul olundu. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı sənəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasına yönəlik tədbirləri özündə ehtiva edirdi. 

 

2018-ci ildə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalandı. Bu sərəncam Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Həmin il imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da  ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etmiş oldu.

 

"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

 

Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir. Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır. Dilimiz bizim gündəlik ünsiyyətimizdə, aldığımız təhsildə, poeziya və nəsrimizdə daim qorunub və bundan sonra da layiqli şəkildə qorunacaq!    

 

V.ALLAHVERDİYEVA

 



01.08.2022 | 10:30