AzMİU tələbələrinin “Məzun günü”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2021-2022-ci tədris ili məzunlarının buraxılış mərasimi keçirilib.

 

“Dreamland Baku”da təşkil olunan mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, özəl qurumların nümayəndələri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun professor-müəllim heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər.
     

Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin təntənəli buraxılış gecəsində “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb.

 

“Əziz məzunlar! Dörd il bundan əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stresi, gənclik həyatının ən şirin dönəmi olan tələbəlik illərinin sevincli və kədərli, narahat və qayğılı, ömrünüzün təkrarolunmaz anları artıq geridə qaldı. Artıq həyatınızın müstəqil, eyni zamanda daha məsuliyyətli dövrünə qədəm qoyursunuz, sizə bu yolda yalnız uğurlar diləyirəm, yolunuz açıq olsun. Hansı mövqedə olursunuzsa olun, dövlətimizə, vətənimizə xeyirli bir övlad, vətəndaş olun, millətimizin adını həmişə, hər yerdə uca tutun!”-deyən rektor universitetin qazandığı uğurlardan, builki məzunların nəticələrindən danışıb. Bildirib ki, bu tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla, cəmi 1908 gənc bitirir. SABAH qruplarında İnşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrdən 5, magistr tələbələrdən isə 7 nəfər fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. O da qeyd edilib ki, bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya,  Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var. 
       

Sonra Təhsil Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edən nazir müavini Firudin Qurbanov onlara peşəkar karyeralarında uğurlar arzulayıb, bu il məzunlar arasında yer alan Vətən müharibəsi qazilərini təltif edib.  
       

Tədbirin gedişində müxtəlif fakültələri əla qiymətlərlə bitirən məzunlara qırmızı diplomlar təqdim olunub.

 

Tədbirdə çıxış edən digər qonaqlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Milli Məclisin deputatları- Jalə Əhmədova, Aydın Mirzəzadə, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, birinci müavini Akif Abdullayev, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Memarlar İttifaqı İdarə Heyətinin katibi Rüfət Ağazadə də məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Qonaqlar universitetin  ictimai işlərində xüsusi fəallıqları ilə seçilən, ümumi orta müvəffəqiyyət göstəricisi  yüksək olan məzunları təltif ediblər.
       

Məzunların buraxılış gecəsi maraqlı konsert proqramı ilə  davam edib.

 

 



04.07.2022 | 11:00