BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Müqaviləyə BDU-nun rektoru Elçin Babayev və Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu imza atıb.

 

Memoranduma əsasən, tərəflər qarşılıqlı maraq doğuran tədqiqat, təhsil və tədris proqramları sahəsində birbaşa əməkdaşlığın qurulmasına yardım göstərəcəklər. Memorandumda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, birgə seminarların, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, nəşrlərin və digər müvafiq materialların mübadiləsi öz əksini tapıb.

 

Qeyd edək ki, 2010-cu ildə yaradılan Nəcməddin Ərbakan Universiteti Konya şəhərində yerləşən üç dövlət universitetindən biridir. Universitetin 20 fakültəsi, 8 peşə məktəbi, 34 elmi-tədqiqat mərkəzi, 4 institutu, xarici dil kolleci, Türk Musiqisi Konservatoriyası var.

 



24.06.2022 | 13:17