Beynəlxalq ikili diplom proqramı ilə bağlı məlumatlandırma sessiyaları davam edir

ADAU-EU  (Ege Universiteti) beynəlxalq ikili diplom proqramında bir sıra abituriyentlərlə görüş keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) “Güvən” kurslarından gələn abituriyentlər və tədris mərkəzinin müəllimləri ilə görüşün məqsədi builki məzunlara ADAU-nu daha yaxından və ətraflı tanıtmaq, onları ADAU-EU beynəlxalq ikili diplom proqramı haqqında məlumatlandırmaq idi.

 

Qonaqlar universitetin yeni tədris korpusunda müasir texniki avadanlıqlarla təmin edilmiş laboratoriyalar ilə tanış olub. Müxtəlif növlü bakteriya və hüceyrələr, avadanlıqlar, mikroskoplar və digər alətlər nümayiş etdirilib.

 

Daha sonra yeməkxana, dərs otaqları, böyük zallara baxış olub.

 

Mühəndislik fakültəsində zəngin kitabxana, həmçinin fakültənin idman zalı, oyun salonları, imtahan otaqları, mühəndislik sahəsinə məxsus maşın və texnikaların olduğu mərkəz haqqında qonaqlara məlumat verilib.

 

Məzunların ən çox diqqətini çəkən məkanlardan biri də təcrübə mərkəzləri, müasir heyvandarlıq kompleksi, quşçuluq, balıqçılıq mərkəzləri olub.

 

Ən sonda isə universitetin tələbə parkında çay masası arxasında beynəlxalq ikili diplom proqramı haqqında məlumatlandırma sessiyası təşkil edilib. Proqram katibi Lamiyə Quliyeva proqramın tarixindən, qarşısına qoyduğu məqsədlərdən, hədəflərdən və üstünlüklərindən bəhs edib.

 

Qonaqlara ADAU-EU beynəlxalq ikili diplom proqramının bukletləri də paylanılıb.

 



23.06.2022 | 11:57