İngilis dili müəllimi tədqiqatçı və bələdçi kimi

Avropa Şurasının qəbul etdiyi kompetensiyalar sırasında mühüm yerlərdən biri xarici dillərdən birində danışmaq səriştəsinə məxsusdur. Bu sırada qeyd edək ki, ingilis dili beynəlxalq dilərdən biri kimi özünəməxsus nüfuza malikdir və bu nüfuzu qorumaq üçün əsas ağırlıq ingilis dili müəllimlərinin üzərinə düşür. İngilis dili müəllimləri tədqiqatçı, bələdçi, fasilitator, kouçinq olaraq öyrənənlərin tədqiqat bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. Çox vaxt ingilis dili müəllimi bir fasilitator, bələdçi olaraq yalnız ingilis dilinin  özünü öyrətməklə məşğul deyil, o həm də öyrənənlərə  yazı və ədəbiyyatı, xüsusən də ingilis dilində danışmağı  öyrənməkdə bələdçilik edir.

 

Qeyri-doğma dili - ingilis dilini öyrənənlərə  öyrətmək aktı bəzən  bu dili ikinci dil kimi öyrətmək (ESL) və ya ingilis dilini xarici dil kimi öyrətmək (TEFL) kimi qəbul edilir. Beynəlxalq səviyyədə bu cür tədris həm doğma dilli ingilis dili müəllimləri, həm də ingilis dilindən başqa ana dili olan müəllimlər tərəfindən həyata keçirilir. Təxmin edilir ki, dünya üzrə ingilis dili müəllimlərinin təxminən 20%-i ilk dilləri kimi ingilis dilində danışır, bu isə o deməkdir ki, ingilis dili müəllimlərinin əksəriyyəti heç də ingilis dilli müəllimi deyil. Xüsusən, kurslarda dərs deyən müəllimlərin sırasında dil müəllimi olmayan təlimçi-bələdçilər var. Lakin ümumtəhsil məktəbi müəllimləri məhz ingilis dilində təhsil alan ali təhsilli kadrlardır və onlar ingilis dilinin öyrədilməsində öz tədqiqatçılıq,bələdçilik vəzifələrini uğurla həyata keçirirlər. Bəzi pedaqoqların  iddiasının əksinə olaraq, belə düşünürəm ki, yalnız ingilis dili müəllimi dili düzgün öyrədə bilər ideyası heç də doğru deyil və bu dili dilin bütün nüanslarına  bələd olan, o cümlədən idiomlara və qrammatikaya, eləcə də mədəni və ədəbi ədəbiyyata yiyələnən xüsusi səriştəyə malik mütəxəssislər də öyrədə bilər. Belə hesab edirəm ki,  ingilis dili müəllimlərinin işə götürülməsində dil bacarıqlarına aid sertifikata malik təlimçilər də cəlb edilə bilər. Yəni, ingilis dili müəllimi diplomu olmasa belə,  tədris səlahiyyətlərinə malik olmasalar belə, tədqiqat səriştələrinə malik, bələdçilik bacarığı olan, öyrənməyi öyrədə bilən çevik şəxslər xüsusi imtahan verərək ingilis dilini tədris etmək səlahiyyəti qazana bilərlər. Bu,  fikir bəzi pedaqoqlar üçün problemli görünsə belə, təcrübədə özünü təsdiq etmişdir və bir çox nümunələr mövcuddur.

 

Bilirik ki, bəzi ölkələrdə - Yaponiya, Koreya və Tayvan da daxil olmaqla bir sıra ölkələrdə ingilis dili müəllimləri üçün ana dili olaraq, ingiliscə danışmaq tələb olunur. 1998-ci ildə Honkonqda Native English Teaching System (NET) adlı proqram təqdim olundu. Bu proqram ibtidai və ümumi orta siniflərdə ingilis dili müəllimlərinin işə qəbulu üçün dövlət məktəblərinə subsidiyalar verir. Bu proqramdan Azərbaycan təhsilində də istifadə etmək olar.

 

Beynəlxalq dil kimi ingilis dilinin tədrisi zamanı bu gün biz müvəffəqiyyətli bir ingilis dili müəlliminin bir bələdçi və ya tədqiqatçı olaraq hansı xüsusi keyfiyyət göstəricilərinə sahib olmasına diqqət edək:

 

  • * İnkişafa can atmaq
  • * Entuziazm
  • * Səbr
  • * İşinə sadiqlik
  • * Təşəbbüskarlıq
  • * Əməksevər
  • * Əməkdaşlıq

 

Bəs bu gün ingilis dili müəlliminin öhdəlikləri hansılardır? İngilis dili fənninin xüsusiyyətlərini nəzərə almaqla məktəblilərin və yeniyetmələrin təlim və tərbiyəsini həyata keçirmək, dövlət standartlarına uyğun ingilis dili üzrə ümumi təhsil proqramında yer alanları tətbiq etməklə onlarda ingilis dilinin nəzərdə tutduğu fəaliyyətləri- problemin həlli, tədqiqetmə və tətbiqetmə, təsviretmə və təqdimetmə, əlaqələndirmə və ünsiyyət, dəyərləndirmə və yaradıcı tətbiqetməni inkişaf etdirmək ən başlıca öhdəlikdir. Bu zaman ingilis dilini tədris edən müəllim öz uğurlu fəaliyyəti ilə dil bacarıqlarının davamlı inkişafını təmin edib rəqabətqabiliyyətli olaraq dayanıqlılıq nümayiş etdirə bilir. Bu mənada ingilis dili müəllimi özü də bir tədqiqatçı kimi şagirdlərə müəyyən problem  üzrə biliklərin mənimsənilməsinə imkan yaradan, bu istiqamətdə mikro və makro bacarıqlar əldə etmək məqsədilə problemi araşdırmağa yönəldən bir bələdçi olaraq görünə bilər.  Şagirdlərini tədqiqata yönəldən peşəkar müəllim  onların öyrənmək istəyini təbii qəbul edir və tapşırıqların icrası zamanı qrup işlərinə nəzarət edir, tövsiyələrini verir.  Tədqiqatlar göstərir ki, müəllim tədqiqatçı,  fasilitator olmaqla yanaşı, həm skofoldinq, həm mentor, həm təlimçi, həm koçdur.

 

İdraki  fəallığı, hər şeyi öyrənmək həvəsi  və digər zəruri keyfiyyətləri formalaşdırmaq müəllimin bələdçi rolunun əsasıdır. Təlim zamanı şagirdlər vacib olan informasiyanı müstəqil əldə etməyi, həmin informasiyanı emal etməyi, saxlamağı, düzgün istifadə və tətbiq etməyi  öyrənirlər. Şagird tədqiqatçılığı xüsusilə ingilis dili dərslərində müəllimin bələdçiliyi ilə həyata keçir. Əks halda müəllim şagirdin potensialını görmək imkanında olmur. Şagirdin tədqiqat zamanı məlumatı necə əldə etməsi və uyğun biliklərə yiyələnməsi yollarını əks etdirən cədvələ diqqət edək (Şəkil 1).

 

 

Cədvəldən də göründüyü kimi, ingilis dilini öyrənmək üçün mənbələr çoxdur və əsas da internet mənbələri zəngindir. İngilis dilli müəllimlər tədqiqatçılıq və bələdçilik rolunda internet yayımlarından bəhrələnməkdə, öyrənmə prosedurlarında xüsusi rola malikdir və şagirdlərin tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasının təkmilləşdirilməsinin vacib amilidir. İngilis dili müəllimi bələdçi olaraq öz işində  texnologiyanın qəbul və istifadəsinin vahid nəzəriyyəsinə əsaslanan hibrid çərçivədən istifadə edir. Hazırda internetdə veb yayımların öyrənilməsi prioritetə çevrilmişdir. Veb texnologiyaları təhsildə daha çox yer almaqdadır və hibrid olaraq istifadə edilir. Bu üsulla daha çox şagirdin öyrənməsi üçün şərait yaradılır. Şagirdlər istədikləri və müəllimin təqdim etdiyi mövzuda tapşırıqların icrası prosesində veb-alətlərdən istifadə edərək fərqli bir tədqiqat işi ortaya qoya bilirlər. Bu sırada müəllim və öyrənənlər veb-texnologiyaları olaraq bloqlar, portallar  və s. kimi üsullardan istifadə edərək öz işlərini daha da təkmilləşdirirlər. Ən  çox istifadə edilən bəzi üsulların keyfiyyəti bəzi aspektlərin seçilməsinə diqqəti yönəldir: kompüterin effektivliyi, istifadə rahatlığı, faydalılıq, sosial təsir, qəbul edilən davranış nəzarəti və davranış niyyəti kimi istiqamətlər ingilis dili müəllimlərinin bələdçilik  funksiyası üçün vacibdir.  İngilis dili müəlliminin tədqiqat  metodologiyasına məlumatın toplanması, saxlanması və informasiyanın çatdırılması daxildir. Yeri gəlsə, müəllim tədqiqatçılıq fonunda anket sorğuların aparılması və nəticələrin müzakirə edilməsi imkanlarından yararlana bilər. Şagirdləri cəlb etmək üçün öyrənənlərə informasiyaları e-poçt vasitəsi ilə onların e-mailinə göndərmək, ya da tərs-sinif (Flipped- classroom) modelinə uyğun olaraq öyrəniləcək materialı şagirdlərin telefonlarına yükləmək olar.  Bu göndərişlər şagird sayını əhatə etməli və onların cavabları-geri dönüşləri, əks- əlaqələri (Feed back) ilə müqayisə edilməlidir. Mən tədqiqatçı müəllim olaraq internet vasitəsilə öyrənməni öyrənənləri qruplarda təsnif edərək  müşahidə apardım. Bu zaman öyrənmə müddətindən asılı olaraq üç qrup təsnif edildi:

 

  • * qısa müddətdə öyrənən
  • * orta müddətdə öyrənən
  • * uzun müddətdə öyrənən

 

Dəyər baxımından araşdırdıqda isə ingilis dilini internet vasitəsi ilə qısa müddətdə öyrənənlər üstünlük təşkil etdilər. Belə ki, 25 şagird arasında apardığım sorğunun nəticələri belə oldu (Şəkil 2).

 

 

Müşahidələr göstərir ki,  uğurlu ingilis dili müəlliminin vacib keyfiyyətləri olmalıdır.  İlk növbədə, mövzu üzrə biliklərə sahib olmaq lazımdır. Həmçinin  mövzunu başa düşən peşəkardan öyrənmək istəyinin də olması  təbiidir.  İngilis dilini tədris edən müəllimin inkişafa bağlılığı onun mühüm xüsusiyyətidir. Çünki müasir təlimdə pedaqoji prosesin tamlığı onun inkişafetdirici, öyrədici, tərbiyəedici istiqamətlərini qəbul edir və bu vacib məqam müəllimin işinin əsasını təşkil edir. İngilis dili müəllimi öyrənilən fənnin xüsusiyyətlərini nəzərə almaqla  öyrənənlərin  təlim və tərbiyəsini təmin etməyə, təhsil standartlarıının tələbinə  uyğun olaraq təhsil proqramını-kurikulumu həyata keçirərək şəxsiyyətin formalaşdırılmasına, tərəqqi və inkişafa,  dayanıqlılığa  nəzarət etməyə borcludur. Müasir ingilis dili müəllimi  dərslərini  planlaşdırmaq, müasir interaktiv metodları tətbiq etmək, materialı aydın izah etmək, dərslərin nəticələrini və mümkün səhvləri təhlil etmək, müasirlik və açıqlıq, nəzakət və dostluq, ciddilik, tələbkarlıq və həssaslıq, öyrənənə  materialı öyrənməyə kömək etmək istəyi kimi bacarıqlara malik olmalıdır.  Bundan başqa, müasir xarici dil  müəlliminin  peşəkar bacarıqlarına daxildir:

 

  • * Uyğunlaşma
  • * Güvən
  • * Ünsiyyət
  • * Komandada işləmək bacarığı
  • * Fasiləsiz məşq
  • * Zəngin təxəyyül
  • * Liderlik
  • * Təşkilatçılıq bacarığı

 

Bütün bunlar isə tədqiqatçı və bələdçi olaraq ingilis dili müəllimlərindən dözümlü, səbrli, gözlənilməz çətinliklərə, problemli situasiyalara,  məktəbdə baş verən hər vəziyyətə hazır olmağı,  fövqəladə hallarda konstruktiv olaraq özünü idarə etməyi  bacarmalıdır. Müəllim özü ilk növbədə mədəni, tərbiyəli olmalıdır, çünki o, təqlid obyektidir, kumirdir, göz önündədir və ona görə də düzgün nümunə göstərməlidir.

 

Tədqiqatçı və bələdçi olaraq ingilis dili müəllimi qərəzlilikdən (şagirdlərlə şəxsi münasibətlərin təlim prosesinə keçirilməsindən), subyektivlikdən, bullinqdən,  tədris prosesinə etinasızlıqdan, simpatiya hissindən uzaq olmalıdır. Bu dediklərimizin əksinə olaraq müasir ingilis dili müəlliminin fəaliyyətində  çoxlu peşəkar səriştələrə malik olmaq, qeyri-müəyyənlik şəraitində işləməyi və improvizasiya və yaradıcılıq elementləri ilə mürəkkəb analitik tapşırıqları yerinə yetirməyi bacarmaq, böyük həcmli məlumatlarla işləmək,  tənqidi düşünmək, digər insanlarla səmərəli qarşılıqlı əlaqə qurmağı bacarmaq kimi kompetensiyalar-səriştələr və səriştəlilik olmalıdır.

 

Mən yaxşı ingilis dili müəllim olduğumu necə müəyyən edə bilərəm. İlk növbədə, özümü SVOT (GZİT) təhlil edirəm.  Bu zaman güclü, zəif tərəflərimi, imkanlar və risklərimi təhlil edir və qənaətə gəlirəm:

 

  • * Mövzunu mənimsəyə bilirəm
  • * Öyrənmək üçün əlverişli mühitin yaradılmasına nail oluram
  • * Etibarlı əlaqələr qurmağı-əməkdaşlığı  bacarıram
  • * Daim öyrənmək istəyim-motivasiyam var
  • * Məsuliyyətliyəm
  • * Səbrli və yeri gələndə sərtəm. Mənim bu xüsusiyyətlərim şagirdlərimi cəlb edir və işəməyə həvəsləndirir.

 

Mənim xaraktrerim və bacarıqlarım mütəxəssislərin yaxşı müəllim üçün qəbul etdikləri xüsusiyyətlərlə uzlaşır:

 

  • * Ədəb qaydalarına əməl etmək, müəllim özü nə edirsə, onu şagirdlərə öyrədir
  • * Yaxşı uyğunlaşma
  • * Şagirdlərin qayğısına qalmaq
  • * Şəfqət hissi
  • * Əməkdaşlıq etmək istəyi
  • * Yaradıcılıq-təşəbbüskarlıq
  • * Öyrənmək arzusu
  • * Hər bir öyrənəni olduğu yerdə  görmək imkanı
  • * Sərt və mehriban  müəllim

 

Təbii ki, özünü qiymətləndirən müəllim   öz işini səmərəli şəkildə yerinə yetirməyə kömək edən bir çox yaxşı keyfiyyətlərə malik olur. Əlbəttə ki, bütün müəllimlər fərqlidir və hamısının fərdi keyfiyyətləri var, lakin demək olar ki, hər birində  fərqli müsbət cəhətlər var. İngilis dili müəllimi üçün:

 

  • * Qızıl qaydalara riayət
  • * Onun ikili standartları yoxdur. Əgər şagirdlərə dərsdə saqqız çeynəməyi qadağan edirsə, o zaman özü bunu etməz
  • * Yaxşı uyğunlaşma. Uyğunlaşma gözlənilməz vəziyyət və ya problem zamanı dərs və ya fəaliyyət göstərmək bacarığıdır
  • * Müəllim hər şeyin plana uyğun getməyəcəyinə həmişə hazırdır. Sinfin yarısının materialı öyrənmədiyini görsə, növbəti mövzuya keçməyəcək, bir az fərqli şəkildə yenidən izah etməyə çalışacaq
  • * Şagirdlərə qayğı göstərmək
  • * Müəllimin qayğısı hər bir şagirdə diqqətdir. Əgər kimsə materialı başa düşmürsə, müəllim bunu dərhal görəcək və çıxış yolu təklif edəcək
  • * Müəllim hər bir şagirdin şəxsi xüsusiyyətlərini, maraqlarını bilir və onlara uyğun gələn elementləri dərsə daxil edir
  • * Şəfqət. Şəfqət, şagirdlərin məktəbdən kənarda problemlərinin ola biləcəyini anlamaqdır. Bu problemlər həllini tələb edir və şagirdlərə kömək lazımdır. Məsələn, şagirdin ailəsində problem varsa, müəllim empatiya göstərməli və lazımi cavab verməlidir
  • * Əməkdaşlıq etmək istəyi. Əməkdaşlıq təkcə tələbələrlə deyil, həm də onların valideynləri, rəhbərliyi və həmkarları ilə işləmək bacarığıdır.Müəllim müəyyən insanları sevməsə belə, lazımi problemi həll etmək üçün həmişə onlara uyğun olan ünsiyyət növünü seçəcəkdir
  • * Yaradıcı yanaşma. Yaradıcılıq dərsin unikal, maraqlı və dinamik olmasıdır. Müəllim elə dərslər yaratmağı bacarmalıdır ki, mümkün qədər çox şagirdin diqqətini cəlb etsin, onlarda yenidən dərslərdə ehtiyac və marağın yaranmasına səbəb olsun
  • * Öyrənmək arzusu. Müəllim hazırlığı davamlı peşəkar inkişafdır. Müəllim təkcə şagirdlərə izah etdiyi materialı deyil, həm də bir az daha çox bilməlidir.  Onlar həftə sonları və bayram günlərində də işləyirlər. İngilis dili müəllimi  hər bir öyrənəni olduğu yerdə görmək bacarığına malik olmalıdır. Belə bir müəllimlə bütün şagirdlər göz qabağındadır. O, hər kəsin səviyyəsini bilir və materialın öhdəsindən gələ bilməsi, hər kəs üçün belə bir fərdi tapşırıq almağa hazırdır. Müəllimlər şagirdlərin öyrənməyə və məlumat əldə etməyə həvəsi olması üçün mümkün olan hər şeyi etməlidir.
  • *  Həssaslıq. Həssas müəllim həmişə özünü şagirdin yerinə qoya, onun vəziyyətini anlaya bilər. Şagirdi ilə necə rəftar etməsindən asılı olmayaraq, həmişə onun öyrənməsinə və şəxsi problemlərinin həllinə kömək edəcək
  • * Əsir götürmək bacarığı. Bütün sinfi işə cəlb etmək müəllimin çox dəyərli xüsusiyyətidir, dərs boyu sinfin diqqətini saxlamaq isə ikiqat qiymətli bir bacarıqdır
  • * Müəllim əyləncəli və enerjili dərslər yaratmalıdır. Hər dəfə dərsini tərk edən şagird artıq növbəti dərsi istəməlidir.
  • *  İnkişaf. İnkişaf ildən-ilə baş verən davamlı bir prosesdir və peşəkar səviyyənin yüksəldilməsi ilə xarakterizə olunur. Müəllimlər daim öz şəxsi və peşəkar keyfiyyətlərini təkmilləşdirməyin yollarını axtarmalıdırlar.
  • * Qorxusuzluq. Qorxusuzluq normadan kənar ola biləcək yeni yanaşmaları sınamaq bacarığıdır, buna görə müəllimin işi şagirdlər və rəhbərlik tərəfindən tənqid oluna bilər. Müəllim hər zaman təcrübələrə və hərəkətlərinin tənqidinə hazırdır.
  • * Bağışlamaq bacarığı. Bağışlamaq  öyrənənlər, onların valideynləri, həmkarları və rəhbərliklə münaqişəli vəziyyətləri tez unutmaqdır. Müəllimlər müxtəlif konfliktlər zamanı şagirdlərin və ya valideynlərin onlara verdiyi şikayətləri unutmalı, öz narazılıq və emosiyalarını şagirdlərə və onların qiymətlərinə ötürməməlidir.
  • * Səxavət. Səxavət öz bacarıqlarınız, bilikləriniz və ya pulunuzla başqalarına kömək etmək bacarığıdır. Müəllimlər ehtiyac yarandıqda bir insana kömək etmək üçün pul bağışlamağa hazırdırlar.
  • * Yaxşı əhvali-ruhiyyə. Müəllim dərsə həmişə yaxşı əhvali-ruhiyyə ilə, həvəslə və daha sürətli işləmək arzusu ilə gəlir. Müəllimin əhvali-ruhiyyəsi pisdirsə, işləmək istəmirsə, onun şagirdləri də belə olacaq. Müəllim həmişə xoşbəxtdirsə, şagirdlər də dərsdə olmaqdan məmnun olacaqlar
  • * Dəqiqlik və səliqəlilik. Müəllimin əşyaları və dərslikləri həmişə qaydasındadır ki, onları tez tapıb işinizdə istifadə etməyə imkan verir. Müəllim həmişə səliqəli və vaxtında gəlir
  • * Səbir. Yaxşı müəllim başa düşür ki, şagird nəyisə mənimsəməyibsə, tələsmək olmaz. Mən bunu ona bir daha izah etməliyəm. Axı oxumaq sprint yarışı deyil. Burada hər şey tədricən və hərtərəfli aparılmalıdır. Müəllim heç vaxt şagirdinə son qoymaz, o,  az da olsa, müsbət nəticə əldə etmək üçün yeni iş üsullarını tətbiq etməyə çalışacaq
  • * Açıqlıq. Müəllim şagirdlərə xüsusi təfərrüatları açıqlamadan özü və şəxsi həyatı haqqında bir az öyrənməyə imkan verir. Açıq olmaq müəllimə şagirdlərlə daha yaxşı əlaqə saxlamağa kömək edir, çünki məlum olur ki, onların hamısının oxşar hobbi və şəraiti var.

 

Bu gün müəllim qarşısında universal təhsil, erudisiya, məlumatlılıq, mütərəqqilik, maraqlı dərslər keçirmək, maraqlı tapşırıqlar vermək bacarığı kimi çox yüksək peşəkar tələblər qoyulur. Müəllimin görkəminə və üslubuna göz yummaq olmaz. Müasir müəllimin əsas keyfiyyətləri nədir? Bu o deməkdir ki, o, yüksək mənəvi keyfiyyətlərə malik olmalı, fəal mövqe tutmalı, ictimai həyatda iştirak etməlidir. Yaxşı müəllim hər zaman səhvlərini etiraf edib düzəldər, şagirdlərə bərabər hörmətlə yanaşır, hamı ilə ünsiyyət tapmağa çalışır.

 

Müəllimin şəxsi keyfiyyətləri hansılardır?

 

İngilis dili müəllimi özünün tədqiqatçı və bələdçi   modelini formalaşdırmaq üçün müşahidə, məqsədlilik, çalışqanlıq, əzmkarlıq, təvazökarlıq, natiqlik bacarığı, rəssamlıq kimi keyfiyyətlərə malik olmalıdır. Bu 21-ci əsrin  müəlliminin qarşısında qoyulan tələblərdir. XXI əsr müəllimi pedaqoji fəaliyyətin müxtəlif sahələrində yaradıcıdır. O, təcrübəli texnoloq, təşkilatçı, həmişə öz işini yekunlaşdırmağa, təcrübəsini ümumiləşdirməyə can atan bir yaradıçı şəxsiyyətdir. Tədqiqatçı və bələdçi müəllim peşəkar səriştəyə malikdir.  Peşəkar səriştə isə ingilis dili  müəlliminin lazımi bilik, bacarıq və təcrübəyə malik olması əsasında pedaqoji problemləri uğurla həll etməyə imkan verən fəaliyyət qabiliyyəti və hazırlığında özünü göstərən şəxsi keyfiyyətidir.

 

Səriştəlilik - kompetentlik çox vaxt insanın öyrənmə və sosiallaşma prosesində əldə edilmiş bilik, bacarıq və təcrübəyə əsaslanan, müstəqil və uğurlu fəaliyyətə yönəldilmiş ümumi qabiliyyət və fəaliyyətə hazırlığında təzahür edən ayrılmaz keyfiyyəti kimi başa düşülür. Kompetensiya müəyyən bir sahədə uğurlu fəaliyyət göstərməyə imkan verən müəllimin təhsil hazırlığı normasıdır. Müəllimin səriştəsi üç komponentdən ibarətdir: ümumi mədəni, peşə və sosial səriştələr.

 

  • * Ümumi mədəni səriştə - özünütəhsil üçün kifayət qədər təhsil səviyyəsidir.
  • * Peşəkar səriştə - müəllimin lazımi miqdarda bilik, bacarıq və təcrübəyə malik olması əsasında pedaqoji problemləri uğurla həll etməyə imkan verən fəaliyyət qabiliyyəti və hazırlığında özünü göstərən şəxsi keyfiyyətidir.
  • * Sosial kompetensiya - insana cəmiyyətdə həyat norma və qaydalarını adekvat şəkildə yerinə yetirməyə imkan verən sosial bacarıqlardır. Sosial səriştə insani dəyərlər sistemi, cəmiyyətin fəaliyyət yolları və bu strukturda öz rolu ilə əlaqəli səlahiyyət növlərinə sahib olmağı nəzərdə tutur.

 

Müasir dövrdə təhsilin inkişafında və modernləşdirilməsində ingilis dilinin rolunun artması bu dili tədris edən müəllimlərin qarşısında mühüm vəzifələr qoyur. Məqalədə bu istiqaməti nəzərə alaraq  ingilis dili müəllimlərinin bələdçilik və tədqiqatçılıq bacarıqlarının, kompetensiyalılığının və səriştələrinin artırılmasının bəzi məqamlarına toxunduq və əminik ki, bu, xarici dili tədris edən bütün müəllimlər üçün də  faydalı olacaqdır.

 

Xuraman BABAYEVA,

Bakı şəhəri, Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi

 



03.06.2022 | 17:27