Pedaqogika nəzəriyyəsi və tarixinə yeni yanaşma

Dünya sürətlə inkişaf edir. Bu inkişafı şərtləndirən amillərdən biri, bəlkə də birincisi təhsildir. XX əsrin II yarısından etibarən aparılan pedaqoji və psixoloji tədqiqatlar təhsilin yeni keyfiyyət mərhələsinə keçməsinə səbəb olmuşdu. Təhsilin yeni keyfiyyət mərhələsinə qədəm qoyması bir tərəfdən pedaqogika elminin nailiyyətidir, digər tərəfdən ali məktəblərdə müəllim hazırlığı istiqamətində ana fənlərdən biri olan pedaqogika fənninin məzmunu baxımından yenilənməsini, aparılan tədqiqatlarda əldə edilən nəticələrini bu məzmuna daxil edilməsini, bu əsasda onun təkmilləşməsini tələb edir.  Akif Nurağa oğlu Abbasov, Lalə Akif qızı Məmmədli və İradə Böyükağa qızı Əmirəliyeva tərəfindən yazılmış ali təhsil müəssisələri üçün “Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyi bu istiqamətdə atılmış uğurlu addımlardan biridir. Tarixilik və müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dərslik iki hissədən:“Pedaqogika nəzəriyyəsi” və “Pedaqogika tarixi” hissələrindən ibarətdir. Kitabın məziyyətləri çoxdur. Onların bəzilərinə diqqət edək.

 

Pedaqogikanın predmetinə yeni yanaşma

 

Uzun bir müddət ərzində pedaqogika tərbiyə haqqında elm kimi səciyyələndirilib. Bunun səbəbi aydındır. Yeni nəslin tərbiyəsi cəmiyyətin əsas funksiyasıdır. Onun həlli yollarının axtarılması pedaqogika elminə etibar edilib. Lakin XX əsrdə aparılan pedaqoji və psixoloji tədqiqatlarda təhsilin tərbiyə güçünün daha möhtəşəm olduğu üzə çıxdı. Bu yanaşma nəticəsində pedaqogika təhsil haqqında elm kimi dəyərləndirilməyə başlandı. Lakin bu yanaşma birmənalı qarşılanmadı. Hələ də bu istiqamətdə mübahisələr davam edir.

 

“Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyinin müəllifləri bu məsələyə yeni kontekstdən yanaşaraq, qeyd edirlər ki, pedaqogika “uşaqların təhsilinin, təliminin və tərbiyəsinin mahiyyəti və qanunauyğunluqları, məqsəd və vəzifələri, məzmunu, prinsip və metodları, pedaqoji prosesin təşkilinin səmərəli forma və yolları, bu və ya digər məktəb tipinin idarəolunması və bu kimi məsələlərdən bəhs edən elm”dir. Belə yanaşmada həm təhsil, həm təlim, həm də tərbiyə məsələləri və onların təşkili pedaqogikanın bərabərhüquqlu predmeti kimi təqdim edilir. 

 

Qabaqcıl təcrübə pedaqogika elminin mənbəyi kimi

 

Hər bir elm kimi pedaqogikanın da mənbələri vardır. Həmin mənbələr pedaqogikanın elm kimi formalaşmasında və inkişafında mühüm rol oynayır. Müəlliflər dərslikdə diqqəti həmin mənbələrə yönəldərək, haqlı olaraq qeyd edirlər ki, Azərbaycan dövlətinin və hökumətinin təhsil və tərbiyəyə dair qərarları, fərmanları və sərəncamları, “Qurani-Kərim”, Məhəmməd Peyğəmbərin (ə.s.) hədisləri, böyük övliyaların fikirləri, həzrəti Əlinin kəlamları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Heydər Əliyev irsi, Prezident İlham Əliyevin təhsilə, müəllim şəxsiyyətinə, məktəbin idarə olunmasına, tərbiyə məsələlərinə dair fikirləri Azərbaycan pedaqogikasının əsas mənbələridir.

 

Bununla yanaşı,“Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyində klassik və müasir pedaqoqların fikirləri, onların əsərləri, pedaqoji yaradıcılığı, tədqiqat əsərləri və dərslikləri, pedaqoji sənədlərdə müəlliflər tərəfindən pedaqogikanın qaynaqları kimi təqdim edilir. Maraqlıdır ki, müəlliflər qabaqcıl təlim-tərbiyə müəssisələrinin təcrübəsini də pedaqogika elminin mənbələrindən biri kimi mənalandırmışlar. Pedaqogika təcrübi elmdir, o təcrübə ilə sıx bağlıdır. Pedaqogika nəzəriyyəsi təcrübəyə əsaslanmalıdır. Təcrübədən uzaqlaşdıqda bu elmin nəzəri müddəaları reallıqdan uzaq görünür. Bu istiqamətdə müəlliflərin qabaqcıl təcrübəni pedaqogikanın mənbəyi kimi dəyərləndirməsi maraq kəsb edir. Təhsil sahəsində əldə edilən qabaqcıl təcrübə mənəvi sərvətdir. Onu öyrənmək, təkmilləşdirmək, təbliğ etmək, yaymaq mahiyyəti etibarı ilə pedaqoji prosesin inkişafını öz məzmununda gizlədir.  Pedaqoji tədqiqatlarda qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi pedaqoji innovasiyaların özəyini təşkil edir. Əgər belədirsə, nə üçün pedaqogikanın əsas mənbələrindən biri kimi qiymətləndirilməsin? Biz bunu təqdir edirik.

 

Fikrimizcə, təkcə qabaqcıl təcrübə deyil, həmçinin neqativ təcrübə də pedaqogikanın mənbəyi kimi qiymətləndirilə bilər. Belə ki, neqativ təcrübənin təhlili mövcud nöqsanların üzə çıxarılmasına və onun aradan qaldırılması yollarının axtarıb tapılmasına, bu kontekstdə pedaqogikanın bir elm kimi inkişafına təsir göstərə bilər. Hər bir halda, müəlliflərin qabaqcıl təcrübəni pedaqogikanın mənbəyi kimi təqdim etməsini təqdir edirik.

 

İnsan fərd kimi doğulur, inkişaf edərək şəxsiyyətə çevrilir

 

İnsanları xarakterizə etsək, onların kəmiyyət və keyfiyyət əlamətlərinə görə bir-birlərindən fərqləndiyinin şahidi olarıq. Bu insanın şəxsiyyətə çevrilməsi prosesinin nə qədər çətin, mürəkkəb və ziddiyyətli hadisə olmasından irəli gəlir.

 

İnsanın fərddən şəxsiyyətə çevrilməsi prosesi onun inkişafının nəticəsi kimi dəyərləndirilir. Müəlliflər inkişaf anlayışını - “xarici və daxili, idarə olunan və idarə olunmayan amillərin təsiri ilə şagird şəxsiyyətinin təşəkkül tapıb formalaşması prosesi və nəticəsi kimi”, başqa sözlə, “ana bətnindən başlayıb insanın doğulduğu andan kəmiyyətcə və keyfiyyətcə bir-birindən fərqlənən anatomik-fizioloji, psixoloji və mənəvi-intellektual dəyişikliklərlə şərtlənən proses” və inkişafın nəticəsini “insanın bioloji növ və sosial inkişaf kimi təşəkkül tapma prosesi” kimi dəyərləndirirlər. Onlar bioloji növü “özündə morfoloji, biokimyəvi, fizioloji dəyişiklikləri əks etdirən fiziki inkişafla”, sosial inkişafı isə “psixi, mənəvi, əqli inkişafda təzahür” etdiyini vurğulayırlar. Müəlliflərin bu lakonik izahı insanın inkişaf nəticəsində fərddən şəxsiyyətə çevrilməsi prosesinin mahiyyətinin bütün məna çalarları ilə vəhdətdə açıqlayır. Yalnız bu metodoloji müddəalardan sonra müəlliflər şəxsiyyətin inkişafına təsir edən amilləri və şəxsiyyətin inkişafı haqqında nəzəriyyələri açıqlayırlar.  

 

“Böyük didaktika”nın müasir məzmunu

 

Böyük çex pedaqoqu Yan Amos Komenski “Böyük didaktika” əsərini yazaraq dünya pedaqogikasına böyük töhfə vermişdi. O vaxtdan zamanın hökmü ilə didaktika inkişaf edərək öz məzmununu zamana uyğun yeniləşdirib, müasirləşib. Bu gün də pedaqogikanın əsas bölmələrindən biri öz müasir məzmunu ilə “öyünmək” hüququna malik olan didaktikadır. Hər bir zəkalı insan öz inkişafı üçün bu didaktikaya borcludur.

 

Müəlliflər “Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyində “Didaktika” bölməsinin məzmununu müasir dövrün tələblərinə uyğun açıqlaya bilmişlər. Onlar didaktika anlayışının yaranmasını, didaktikanın predmetini, anlayışlar sistemini, sahələrini (uşaq bağçası didaktikası, ibtidai məktəb didaktikası, orta məktəb didaktikası, orta ixtisas məktəbi didaktikası, ali məktəb didaktikası, xüsusi didaktikalar-fənlərin tədrisi metodikaları), təlimin funksiyalarını (təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici və onların qarşılıqlı əlaqəsini), təhsilin məzmunu, təhsilin məzmununu əks etdirən sənədlər (kurikulum, dövlət təhsil standartları, tədris planı, tədris proqramı, dərsliklər və dərs vəsaitləri) təlimin prinsipləri, metodları, təşkili formaları, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi məsələlərini müasir dövrün tələbləri baxımından açıqlaya bilmişlər.  

 

Qeyri-standart dərslərə çağırış

 

Fəal (interaktiv) təlim anlayışı bu gün didaktikanın əsas anlayışlarından biri kimi dəyərləndirilir. Müəlliflər bu anlayışı da yeni məzmunda açıqlayırlar: “Fəal (interaktiv) təlim dedikdə, məktəblilərin fəal idrak fəaliyyətini diqqət mərkəzinə gətirən və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlim başa düşülür. Fəal (interaktiv) təlim tədrisin və idrak fəaliyyətinin təşkili və idarəolunması metodlarının məcmusudur”. Bu lakonik təqdimatda fəal (interaktiv) təlim anlayışının fəlsəfəsi tamamilə açıqlanır. Maraqlıdır ki, müəlliflər “Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyində “fəal idrak fəaliyyəti” və “əməkdaşlığı” fəal (interaktiv) təlim  postulatları kimi qiymətləndirməklə bərabər onun həyata keçirilmə yollarını göstərir, “tədrisin və idrak fəaliyyətinin təşkili və idarəolunması metodlarının” tətbiqini bu yolun açarı kimi oxucuya təqdim  edirlər.

 

Fəal (interaktiv) təlimin özünəməxsusluqları çoxdur. Müəlliflər bu özünəməxsusluqların daha aydın izah edilməsi üçün ənənəvi dərs ilə fəal (interaktiv) dərsin quruluşunu müqayisəli şəkildə açıqlayır, fəal təlim metodlarını “təhsilalanların məlumatlandırılmasını, idraki müstəqilliyini, təfəkkürünü fəallaşdıran, yaradıcılıq imkanlarını artıran metodlar” kimi təqdim edir və müasir təlim konsepsiyalarının təlim prosesində yaratdığı yeniliyi - qeyri-standart dərslər müstəvisində açıqlayır.

 

Müəlliflərin fikrincə, qeyri-standart dərslər improvizasiya edilmiş tədris məşğələsi olub, qeyri-ənənəvi quruluşa malikdir.  Təqdirəlayiqdir ki, bu bölmədə qeyri-standart dərslərin aşağıdakı növləri açıqlanır - “məqbul dərslər, dialoq dərslər (Sokrat (şagirdinə) “Bilirsən mən nə üçün danışmayıb, sənə müraciət edirəm? Müsahibə xətrinə”.  Buradan Sokratın müsahibə metodu meydana gəlib); inteqral dərslər: şagirdlər müxtəlif fənlərdən yeni biliklər ala bilir, belə dərsləri 2-3 müəllim aparır; müşahidə dərsləri; məhkəmə dərsləri; həqiqəti tapma dərsləri; səyahət dərsləri; şagirdlərin apardığı dərslər; dərslər-mətbuat konfransları; məsləhət dərsləri; dərslər ekskursiyalar; səhnələşdirilmiş dərslər; möcüzələr aləmi dərsləri; dərslər seminarlar; mühazirə-dərs; hazırcavablar dərsləri; məqbul dərsləri; yarış dərsləri, fantaziya dərsləri; yaradıcılıq dərsləri; kompüter dərsləri; dərslər - konsertlər və s”.

 

Müasir dövrdə qeyri-standart dərslər təlim prosesində önəmli yer tutur. Motivasiyanın yaranması, şagirdin onun qarşısına qoyulan problemi həll edə bilməsi üçün cəhd göstərməsi, tədqiqat aparması, bu prosesdə informasiya mübadiləsinə daxil olması, tədqiqat aparıb nəticə əldə etməsi və özünü qiymətləndirməsi istiqamətində qeyri-standart dərslər geniş imkanlara malikdir. Fikrimizcə, müasir təlim prosesində getdikcə qeyri-standart dərslərin coğrafiyası genişlənir. Bu istiqamətdə müəlliflərin bu məsələyə diqqət göstərməsini təqdir edirik.     

 

Tərbiyənin nəzəri məsələləri

 

“Bu gün çox təlatümlü bir dövrdə yaşayırıq. Belə bir vaxtda, təbii ki, tərbiyə prosesini köhnə sxemlər, modellər üzrə qurmaq olmaz”. Bu metodoloji yanaşma tərbiyənin nəzəri məsələləri bölməsində müəlliflərin tərbiyə prosesini müasir dövrün tələbləri sərhəddində açıqlamasına imkan vermişdi. Bölmədə tərbiyənin mənşəyi, mahiyyəti, tərbiyə, özünütərbiyə və yenidəntərbiyə anlayışlarının məzmunu, tərbiyə prosesinin məqsəd və vəzifələri, tərbiyənin prinsipləri, metodları, tərkib hissələri (mənəvi tərbiyə, əmək tərbiyəsi, fiziki mədəniyyət, estetik tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə) açıqlanır.

 

Məlumdur ki, gənc nəslin tərbiyəsi ailədə, məktəbdə və həyət qruplarında həmyaşıdları arasında həyata keçir. Bu üç sosial institut arasında yalnız məktəbdə tərbiyə həm məqsədyönlü, həm də planauyğun təşkil edilə bilir. Bu kontekstdən çıxış edən müəlliflər tərbiyə işinin məktəbdə təşkilinə üstünlük verərək, məktəblilərlə həm sinifdənxaric, həm də məktəbdənkənar işin təşkili məsələlərini geniş işıqlandırmışlar.   Bu məsələlərin izahında müəlliflər özünəməxsus sistem yarada bilmişlər. Onlar sinifdənxaric və məktəbdənkənar işlərin təşkilində sinif rəhbərinin mühüm rol oynadığını nəzərə alaraq, müasir dövrün tələbləri çərçivəsində sinif rəhbərinin  fəaliyyətinin istiqamətlərini açıqlamışlar. Maraqlıdır ki, onlar sinif rəhbərinin şagird özünüidarəsini inkişaf etdirməsinə xüsusi önəm vermişlər. Müasir təlim konsepsiyaları şagirdin müstəqilliyi üzərində qurulur. Şagird özünüidarəsinin təşkili onlarda müstəqilliyin inkişafına rəvac verir. Bununla yanaşı, məlum olduğu kimi müasir təlim konsepsiyaları şəxsiyyətyönlü xarakter daşıyır. Şagird özünüidarəsi şəxsiyyət keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu, onu deməyə əsas verir ki, dərslik müəllifləri tərbiyə və təlimin vəhdət təşkil etməsi məsələlərinə xüsusi önəm vermişlər.

 

İnsanın formalaşması və inkişafı baxımından məktəblə yanaşı ailə və cəmiyyət də eyni məqsədə malikdirlər. Bu istiqamətdə məktəb, ailə və ictimaiyyətin əlbir işi pedaqogikanın əsas məsələlərindən biri kimi dəyərləndirilir. Müəlliflər bu məsələləri ayrı fəsildə açıqlayırlar.  Onlar ilk növbədə məktəbin digər tərbiyə institutları ilə əlbir işinin məqsəd və vəzifələrini, əsas istiqamətlərini oxucuya təqdim edir, sonra diqqəti məktəbin valideynlərlə əlaqə formalarına (fərdi, qrup, kollektiv) yönəltmişlər. Bazar iqtisadiyyatı şəraitində biznes maraqları bir sıra hallarda ailə tərbiyəsinin təşkilini üstələyir. Məktəbin ailə ilə əlaqələri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Müəlliflər bu məsələyə həssaslıqla yanaşmışlar. 

 

Bu bölmədə yeniliklərdən biri də ailəyə dəstək təşkilatları və orqanları (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın, hüquq mühafizə orqanlarının və əmək kollektivlərinin ailələrlə birgə işləri) ilə ailənin birgə işləri haqqında verilmiş məlumatlardır. Məktəb həmin təşkilatların köməyi ilə ailədə tərbiyə məsələlərinin təşkilini daha da yaxşılaşdıra bilər.

 

“Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyinin I hissəsinin sonuncu fəsli “Məktəbi idarə etmənin əsasları” adlanır. Bu fəsildə müəlliflər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsində İslahat Proqramı”nın, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri əsasında məktəbi idarəetmə məsələlərini  humanistləşdirmə və demokratikləşmə prinsiplərinin sərhədlərində izah edirlər. Bu fəsildə tədris müəssisəsinin işinin planlaşdırılması, məktəbdə metodik iş ayrı-ayrılıqda izah edilir. 

 

Gələcəyə gedən yol tarixdən keçir

 

Təhsilin tarixi zəngindir. Bu tarixi müəllimlərin bilməsi zəruridir. Müəlliflər gələcəyə gedən yolun tarixdən keçdiyi fikrini dəstəklədikləri üçün dərsliyin II hissəsini “Pedaqogika tarixi”nə həsr etmişlər. Maraqlı məqam ondadır ki, müəlliflər bu hissədə Azərbaycan şifahi və yazılı sənət abidələrində, İslam dinində, Şərqin sənət abidələrində, Azərbaycan mütəfəkkirlərinin və klassik pedaqoqların təlim təhsil və tərbiyə haqqında fikirlərini açıqlayırlar. II fəslin V bölməsində “Azərbaycan pedaqoqlarının görüşləri”, VI bölməsində isə “Azərbaycanda pedaqoji fikir tarixindən qısa xülasə” açıqlanır. Müəlliflərin bu yanaşması iki istiqamətdə maraq kəsb edir.

 

Birincisi, bu yanaşma ilə onlar Azərbaycan pedaqogikasını xəlqilik prinsipinin tələbləri çərçivəsində açıqlaya bilmişlər. Dərsliyi oxuyan hər bir oxucuda Azərbaycanın təhsil və tərbiyə sisteminin kökləri haqqında məlumat formalaşır.

 

İkincisi,  XX əsrin əvvəllərindən bu günə qədər Azərbaycan pedaqoqları haqqında məlumatların verilməsi oxucunu maraqlandıran məsələləri daha dərindən araşdıra bilməsi üçün hansı müəllifə müraciət etməsinə aydınlıq gətirir.

 

Sonuncu bölmə “Xarici ölkələrin pedaqoji fikir tarixindən” adlanır. Bu bölmədə müəlliflər təhsilin tarixində öz əsərləri və pedaqoji fəaliyyətləri ilə diqqətçəkən pedaqoqlar - Yan Amos Komenski, İohann Henrix Pestalotsi, Konstantin Dmitrovic Uşinski, Nikolay Dobrolyubov və Anton Semyonoviç Makarenko haqqında məlumat vermişlər. 

 

Son söz əvəzi

 

“Pedaqogika nəzəriyyəsi və tarixi” dərsliyinin ərsəyə gəlməsində Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Akif Nurağa oğlu Abbasovun rolu böyükdür. Məhsuldar və nümunəvi fəaliyyəti ilə həmişə fərqlənən  A.Abbasovun dərsliyi  gənc kadrlar - pedaqogika üzrə fəlsəfə doktoru Lalə Akif qızı Məmmədli və pedaqogika üzrə fəlsəfə doktoru İradə Böyükağa qızı Əmirəliyeva ilə birgə yazması onun maarifçilik missiyasından irəli gəlir. Öyrənməyi və öyrətməyi öz fəaliyyətinin özəyi hesab edən alim, tədqiqatçı, müəllim Akif Abbasovu və onun həmmüəlliflərini müasir tələblərə cavab verən dərslik yazması münasibəti ilə təbrik edir, onlara  öz fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!!!

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru, pedaqoji elmlər doktoru

 



27.05.2022 | 12:16