Coğrafiya İnstitutu əməkdaşının layihəsi qrant müsabiqəsində Azərbaycan üzrə qalib olub

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylının "İqlim asılılığı olmayan ağıllı kənd təsərrüfatı" adlı layihəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin  təşkil etdiyi   “Greenovation” qrant müsabiqəsinin Azərbaycan üzrə qalibi olub.

 

Layihənin əsas məqsədi akvaponika sistemlərində müxtəlif növ bitkilərin yetişdirilməsi,  torpaqsız əkinçiliyin Azərbaycanda tətbiq imkanlarını öyrənməkdir.

 

Layihənin təqdimatı Bakı Ekspo Mərkəzində təşkil olunan 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində keçirilib.

 

Elmi işçinin sözlərinə görə, müasir kənd təsərrüfatı texnologiyalarından kifayət qədər geniş miqyasda istifadə edilməsinə baxmayaraq, hələ də çox böyük ərazilərə və böyük həcmdə içməli su ehtiyatlarına ehtiyac var.  Xüsusən də Cənubi Qafqazın dağlıq relyefi bütün ərazilərin səmərəli şəkildə istifadəsinə mane olur. Son onilliklərdə müxtəlif alternativ əkinçilik modelləri təklif edilib ki, onların geniş miqyasda tətbiqi üçün iqlim, mövsüm və relyefdən asılılıq mümkün qədər azaldılmalı, orqanik məhsul yetişdirilməsinə şərait yaradılmalıdır.

 

Bunlarla yanaşı, ənənəvi əkinçilikdə içməli su israfı, sintetik gübrə istifadəsi, herbisit və pestisitlərin istifadəsi, torpaqların strukturunun dəyişməsi, dincə qoyulmasına ehtiyacın yaranması kimi həlli vacib olan bir çox aktual problemlər də var.



24.05.2022 | 14:17