ABŞ-da doktoranturaya qəbul olan tələbə: “BANM-dakı biliklər rəqabətli bir ixtisasa keçid etməyimdə yetərli oldu”

Xaqan Kərimov Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs bakalavr pilləsinin tələbəsidir. O, ABŞ-nin iki universitetindən tam təqaüdlə doktorantura pilləsinə qəbul alıb. Seçim etdiyi  Yuta Universitetindən (University of Utah) qazandığı təqaüdün məbləği 122,320 min ABŞ dollarıdır. Xaqan bu univesitetdə Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.

 

2017-ci ildə BANM-ə 695 balla daxil olan Xaqan həm də İrlandiyanın “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi (Penetration tester) vəzifəsində çalışır. O, fəlsəfə və şahmatla da maraqlanır, fəlsəfə ilə bağlı yazılar yazır və “Youtube” kanalı mövcuddur…  

 

Xaqan, nəyə görə ABŞ-da təhsil almaq qərarını verdiniz və bu uğura necə nail oldunuz?

Mən kibertəhlükəsizlik istiqamətində ixtisaslaşmaq istəyirdim və buna görə də öncə ixtisaslaşmaq istədiyim sahə üzrə hansı ölkədə təhsilin daha yüksək səviyyədə olduğu ilə bağlı araşdırma apardım. Bütün araşdırma nəticələrim kibertəhlükəsizlik üzrə lider ölkənin ABŞ olduğunu təsdiqləyirdi. Odur ki,  inkişaf etməkdə olan bu sahəni ən yüksək imkanlar təklif edən bir ölkədə öyrənməyin daha effektiv olacağını düşünürək, Amerika Birləşmiş Ştatlarını seçdim.

 

Bu uğurunuzda Bakı Ali Neft Məktəbində aldığınız təhsilin hansı rolu olub? 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alıram, lakin BANM-də qazandığım biliklər Kompüter elmlərinin kibertəhlükəsizlik istiqaməti kimi rəqabətli bir ixtisasa keçid etməyimdə yetərli oldu. Təhsil almaq üçün müraciət etdiyim universitetlərin müsahibələri zamanı da bunun şahidi oldum. Bənzər ixtisasdan gəlmədiyim üçün professorun beynində yaranan yanlış təəssürat müsahibənin ilk dəqiqələrində yox olmuşdu. Professor uzun müddət davam edən sorğu-sualın sonunda şifahi şəkildə məni qəbul etdiyinin müjdəsini vermişdi. Bütün bunları mən Bakı Ali Neft Məktəbindəki professor-müəllim heyətinə, burada öyrədilən biliyə borcluyam.

 

5 il ərzində Bakı Ali Neft Məktəbində hansı sosial fəaliyyətləriniz olub? Bu fəaliyyətlər sizə nə qazandırıb? 

Bakı Ali Neft Məktəbində iki ilə yaxın İntellektual Oyunlar Klubunun prezidenti vəzifəsini tutmuşam. Bu müddətdə bir çox intellektual yarışların təşkilatçısı olmuşam. Ələlxüsus, Cocuq Mərcanlı kənd orta məktəbinə klubumuzun ziyarəti və oradakı şagirdlər arasında turnirin təşkil edilməsi mənim və komandamın yaddaşında silinməz xatirə kimi həkk olunub. Bütün bu fəaliyyətlərim mənə hər şeydən daha çox möhtəşəm dostlar qazandırıb.

 

ABŞ-dakı universiteti hansı xüsusiyyətlərinə görə seçdiniz?

- ABŞ universitetlərinə müraciət həm maddi olaraq, həm tam diqqət tələb etdiyi üçün olduqca yorucu prosesdir. Lakin qəbul olduğumuz ali məktəblər arasında seçim etmək daha çətindir. Araşdırma mövzusunun mənim maraqlarımla uyğunluğu, daha çox akademik, yaxud sənaye meyilli olması, elmi rəhbərin nüfuzu yekun qərarıma təsirini göstərən faktorlar oldu. Bu səbəblərə görə daha reytinqli universitetdən aldığım təklifdən imtina etmək məcburiyyətində qaldım.

 



28.04.2022 | 13:12