İnnovasiyaların ünvanı

Məlumdur ki, hər bir təhsil sisteminin uğurları bilavasitə təhsil müəssisələrinin və onun müəllimlərinin uğurlu fəaliyyətinin nəticələrindən asılıdır. Bu mənada yenilikçi müəllimlərin aşkar olunması və onların yaradıcı təşəbbüslərinin stimullaşdırılması üçün həyata keçirilən layihələrin mühüm əhəmiyyəti vardır. Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq 5-ci ildir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də təhsil müəssisələrimizin, müəllimlərimizin innovativ və yaradıcı imkanlarını üzə çıxarmağa imkan yaradıb. Cari tədris ilində keçirilmiş V Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələri oxuculara çatdırmaqda davam edirik.

 

"Doğma kəndimizə sağ qayıdaq"

 

Füzuli rayon “Qayıdış”  qəsəbə 5 nömrəli  tam orta məktəbin direktoru Təranə Məhərrəmovanın V Qrant müsabiqəsində qalib olduğu layihə "Doğma kəndimizə sağ qayıdaq" adlanır. Layihə İkinci Qarabağ müharibəsindən sonra düşməndən azad olunan torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayan həmvətənlərimizin 30 illik arzuları ilə səsləşir. Layihənin əsas məqsədi də işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış ərəfəsində yarana biləcək mina təhlükəsi ilə bağlı mümkün neqativ halların aradan qaldırılması üçün şagirdlər, valideynlər, təhsil işçiləri və digər məcburi köçkün kateqoriyasına aid olan vətəndaşları maarifləndirməkdir.

 

-  Mən çox şadam ki,Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant layihəsinin qaliblərindən biriyəm. Qeyd etmək istərdim ki, belə layihələr təhsilimizin gələcək inkişafı üçün çox böyük stimul verir. Seçdiyim layihə  hazırda ən aktual, dəyərdim ki, olduqca əhəmiyyətli  bir mövzuya həsr olunub.  Ölkəmiz çox ağır, eyni zamanda da qürurverici bir tarix yaşadı: 44 günlük Vətən müharibəsi. Cəbhə bölgəsində  yaşayan bir vətəndaş, həmçinin bir müəllim kimi çox ağır və şanlı dönəmin şahidi oldum. 30 ildən sonra Ali Baş Komandanımızın əmri ilə qəhrəman igidlərimiz yeni bir tarix yazdı. Bu hissləri dünyada heç bir hiss əvəz edə bilməz! Müharibədən dərhal sonra illərin torpaq həsrətini çəkən, öz torpaqlarında qaçqın düşən vətəndaşlar doğma torpaqlarını görməyə can atdılar. Lakin nəzərə almaq lazımdır ki, düşmən nə qədər qorxaq olsa da, bir o qədər xislətli və xaindir. Onlar zəbt etdikləri dilbər guşələrimizdə saysız-hesabsız minalar basdırıblar.

  

2020-ci ilin noyabr ayında rayonumuzdan bir ziyalı ailəsi doğma kəndlərini ziyarət etdikləri zaman minaya düşdülər. Bütöv bir ailə həlak oldu. Məhz bu hadisədən sonra mən belə bir mövzunun ictimailəşməsini istədim. Buna görə də qrant layihəmin adını  “Doğma kəndimizə sağ qayıdaq” seçdim. Bu mövzunun məqsədi Zəfərdən sonra Böyük qayıdışın hələ ki necə böyük təhlükələrlə dolu olduğunu və onlardan qorunmaq üçün maarifləndirmənin vacibliyini təbliğ etməkdir. Layihəmizin həyata keçməsində ekspert qismində BDU-nun müəllimləri, Beynəlxalq Qızıl Xaç Təşkilatının, ANAMA-nın əməkdaşları, hərbi həkimlər,Vətən müharibəsi iştirakçısı olan müəllimlər də çox böyük dəstək oldular. Şagirdlərin mina təhlükəsi haqqında ilkin biliklərini yoxlamaq üçün online təlimlər təşkil edildi. Təbliğ üçün stendlır, Bayner, şəkillər çap olundu.


Şagirdlər, dəvət olunan valideynlər də keçirilən təlimlərdən çox razı qaldılar. Bu mövzu gələcəkdə nəinki cəbhə bölgələrindəki məktəblərdə, həmçinin respublikanın bütün məktəblərində geniş və əhatəli təbliğ olunmalıdır.  Çox istərdim ki, gələcəkdə bu təbliğat işində digər təhsil  müəssisələri və media da  məktəbimizə dəstək olsunlar.
 

“Filtirasiyalı internet - Arxayın valideyn”      

 

Lənkəran rayon A.Məhərrəmov adına 7 nömrəli  tam orta məktəbin  tərbiyə işləri üzrə direktor müavini Səadət Kazımovanın V Qrant müsabiqəsinin fərdi kateqoriyada qalib gəlmiş “Filtirasiyalı internet - Arxayın valideyn”  layihəsi  müasir çağırışlara adekvat  cavab vermək baxımından innovativliyi ilə seçilir.

 

- Son zamanlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilən internet aludəçiliyi gənclər, yeniyetmə və uşaqların İKT vasitələrindən istifadəsində daha qabarıq nəzərə çarpmaqdadır. Mobil tətbiqlər içərisində uşaqlar üçün həyati təhlükəli olan müxtəlif oyunar  mövcuddur. Bu kimi oyunların  uşaqlara zərər vurmaması üçün təkcə uşaq və yeniyetmələrin deyil, valideyn və müəllimlərin də bu məsələlərdən agah olması lazımdır. Oyunlardan əlavə hər gün verilən tapşırıqları icra edən şagird reklam xarakterli müxtəlif zərərli videolarla üzləşə bilir. Bir pedaqoq olaraq bu məni çox narahat edirdi, düşünürdüm ki, şagirdlərin hər gün qarşılaşdığı bu kimi halların qarşısı alınmalıdır.  Mütəxəssislər hesab edir ki, internetin dəyəri onun açıq və əlçatanlığındadır, amma məhz bu xüsusiyyətlər uşaqlar üçün böyük təhlükə doğurur. Müxtəlif sosial şəbəkələrdə məktəblilərin aldadılması, video və şəkillərin qeyri-etik şəkildə yayılması, bunun sonda hətta sui-qəsd həddinə çatması arzuolunmaz bir haldır. Bu kimi halların qarşısının alınması üçün valideyn və müəllimlərin maariflənməsi olduqca vacib amildir. Nəticədə isə məktəblilər daha rahat və arxayın təhsillərini davam etdirə biləcəklər.
 

Bu gün dünyada bu istiqamətdə maarifsizliyin ucbatından minlərlə insan xəstəliklərdən əziyyət çəkir.  Başqa bir məsələ İKT-dən istifadənin gündəlik həyatımızda yaratdığı vaxt çatışmazlığı problemidir. Təkcə uşaq və yeniyetmələr deyil, yetkin insanlar da bundan əziyyət çəkirlər. Texnologiyadan istifadə imkanları insanları iş və oxuma prosesindən yayındırır. Bu, insanın işlərinin gündəlik planlamasına da təsir edir. Yuxarıda sadaladığım problemlər təkcə uşaqların deyil, onların ailələrinə, dost və yoldaşlarının həyatına da acınacaqlı şəkildə təsir edir. Əsas problemlər son nöqtədə cərəyan edir: Son nöqtə də evlər, məktəblər, internet klublardır, yəni son istifadəçidir. Düşünürəm ki, burada problem əsasən uşaqlarla və valideynlərlə bağlıdır. İndiki zamanda, təbii ki, hər evdə kompüter, internet var, sosial şəbəkələrdən istifadə edilir. Belə olan halda valideyn nəzarəti yoxdursa, uşaq tora düşə bilər. Ona görə də burada valideyn nəzarəti olmalıdır, uşağın nə işlə məşğul olduğu diqqətdə saxlanılmalıdır.
  

Layihənin məqsədi, sadəcə təlimlər vasitəsi ilə mütəxəssis yetişdirmək deyil, eyni zamanda seminarların təşkili, maarifləndirici videoçarxların  hazırlanması, layihənin vasitəsi ilə müəllim, şagird, valideynləri kiber təhdidlərdən xəbərdar etmək, şagirdlərdə informasiya təhlükəsizliyinə riayət etikasını formalaşdırmaq və cəmiyyətdə bu sahədəki ayıqlıq səviyyəsini artırmaqdır. Layihə çərçivəsində hədəfimiz üç ay müddətində100 müəllim, 100 şagird (7,8,9-cu siniflər üzrə), 100 valideyndə internetdən təhlükəsiz istifadə mədəniyyətini və bacarığını formalaşdıraraq, məktəblilərin zərər görməsinin qarşısını almaqdır.


Bu məqsədlə işlədiyim məktəbdən əlavə, yaxın ərazidə yerləşən 4 məktəbdə müəllimlərlə görüşdük. Onlara bu işdə valideyn və şagirdlərin də iştirakının vacibliyi haqqında söz açdıq. Ətraflı izahat verərək layihəyə qatılmalarını təmin etmələrini söylədik. Müəllimlər vasitəsilə şagird və valideynlərlə əlaqə yaratmaq üçün  gün təyin etdik. Nəticədə öz məktəbimizdən başqa, yaxınlıqda yerləşən 4 məktəbin hər birində valideynlər və şagirdlərlə görüş keçirərək onlara layihə barəsində müfəssəl məlumat verdik.
 

Müəllim, şagird, valideynlər üçün hər auditoriyaya uyğun mütəxəssislərlə birlikdə interaktiv və təcrübi təlimlər hazırlayaraq internetdən təhlükəsiz yararlanmaq üçün istifadə edilə biləcək proqramları müəyyənləşdirib təlimlərimizə başladıq.Təlimlər hər bir  məktəbin müəllim, şagird, valideyn heyətinə məktəbin özündə keçirildi.
 

Layihənin icrası zamanı, ümumilikdə 5 məktəbdən olan cəmi 100 müəllim, 100 şagird, 100 valideynə internetdən istifadə mədəniyyəti haqqında maarifləndirici təlimlər keçirildi. Eyni zamanda seminarların təşkili, şagirdlər tərəfindən hazırlanan maarifləndirici videoçarxlar, sosial ayıqlıq layihəmiz vasitəsi ilə müəllimlər, şagirdlər və həmçinin, valideynlər  artıq  kiber təhdidlərdən xəbərdar oldular.
  

“Filtirasiyalı internet-Arxayın valideyn”layihəsinin icrası şagirdlərdə informasiya təhlükəsizliyinə riayət etikasını formalaşdıraraq, onların cəmiyyətdə bu sahədəki ayıqlıq səviyyəsini artırdı. Onlar  internetdən təhlükəsiz istifadənin qaydalarını öyrəndilər. Şəxsi səhifələrində olan şəkil və videoları paylaşarkən ehtiyatlı olmağı, sosial şəbəkələrdən istifadə zamanı ehtiyatlı olmağın sirlərinə yiyələndilər. Hər bir müəllim, şagird və valideyn bu seminarlarda həvəslə iştirak edir, öyrəndiklərini tətbiq etməyə başlayırdılar .Layihənin uğurlu alınması olduqca qürurvericidir. Hər an şagirdlərin inkişafı və gələcəyi üçün çalışmaq borcumuzdur! Bu şəraiti bizlər üçün yaradan Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm.

 

“Gələcəymizi bu gün quraq” STEAM əsaslı təlim

 

V Qrant müsabiqəsinin fərdi kateqoriya  üzrə qaliblərindən biri Qax rayon Qaratala kənd tam orta məktəbinin riyaziyyat müəllimi Ülviyyə  Rəsulovanın rəhbəri olduğu “Gələcəyimizi bu gün quraq” STEAM əsaslı təlim layihəsidir. Layihənin məqsəd və vəzifələri barəsində layihə rəhbəri Ü Rəsulova  özü məlumat verib.

 

- Müasir dövrdə ümumi təhsil məktəbi hər bir təhsilalana elmi və tətbiqi bilikləri verməli, onların qabiliyyət və istedadlarını inkişaf etdirməlidir.  Müstəqil olaraq biliklərin zənginləşdirilməsi və genişləndirilməsi müəllimlərin qarşısında bir vəzifə kimi durur. Sadalanan keyfiyyətlərə nail olma yollarından biri də tədris zamanı STEAM  metodunun elementlərindən yararlanmaqdır. Yeni təlim texnologiyası kimi  STEAM metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənlərinin tədrisi  ayrılıqda yox,  birlikdə, əlaqəli şəkildə həyata keçirilir. STEAM metodikası “ Layihə əsaslı öyrənmə”(PBL), “Birplatalı platforma üzərində kodlaşdırma” (Mikro bit), “Modelləşdirmə və dizayn”(3D CAD) vasitəsi ilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara aşılayır. STEAM təlim texnologiyasının əsas məqsədi XXI əsr bacarıqlarını formalaşdırmaq, inkişaf etdirməkdir. Bu təlim texnologiyası ilə qurulan dərslər şagirdlər üçün daha maraqlı və cəlbedici olur, şagirdlər dərsdə daha fəal və həvəslə iştirak edirlər.
 

Bu məqsədlə “Gələcəyimizi bu gün quraq” STEAM əsaslı təlim layihəsi çərçivəsində həllinə çalışmaq isdədiyim problem “Modelləşdirmə və dizayn”dır. Bu layihə əsasında kənd məktəblərində öz əl bacarıqları, qabiliyyətləri  ilə seçilən şagirdlərin fikir və ideyalarını inkışaf etdirmək, onlara gələcəkdə bu sahənin mükəmməl həyata keçirilməsinə təkan verməkdir.  Kompüterdə elektron cədvəllərin, planların, layihələrin işlənməsi, hazırlanması üçün şagirdlərin bilik və bacarıqları önə çıxarılmalıdır. Qrafik  modelləşdirmədə obyektin və onlar arasındakı fəza əlaqələrinin təsviri üçün riyazi üsuldan istifadə edilir. 3D CAD proqramı müasir dövrdə və gələcəkdə geniş istifadə ediləcəyi üçün kənd məktəbində xüsusi istedada malik uşaqların aşkar olunması və inkişafına yönəlmişdir.
 

Modelləşdirmə və dizayn  qarşıya qoyulmuş əsas vəzifələri şagirdlərin hər hansı ideya və ya  problemi  rahat həll etməsinə yönəlmiş təlimdir. Bu prosesdə məqsəd şagirdlərin  düzəltmək istədiyi və ya düzəldə bilmədiyi hər hansı bir layihəyə dizayn verməkdir. Şagirdin fikir və ideyalarını layihələşdirməsi əmək, məişət, istirahət şəraitinin əlverişliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir.

 

“Gələcəymizi bu gün quraq” STEAM əsaslı təlim layihəsi çərçivəsində  Qax rayonunda kənd məktəblərində istedadlı şagirdləri müəyyənləşdirib,  bu yeni təlim metodları ilə tanış edərək onların fikir və ideyalarını öyrəndik. 3 ay davam edən “Gələcəymizi bu gün quraq STEAM əsaslı təlim” layihəsinə rayonumuzun 5 kənd ümumi təhsil məktəbinin şagirdləri cəlb olundu.  Layihə çərçivəsində seçilmiş Qaratala, Qıpçaq, Almalı, Cəlayir kənd tam orta məktəbi və İbaxlı kənd ümumi orta məktəbinin şagirdləri ilə onlayn və əyani təlimlər keçirildi. İlk olaraq məktəbin V,VI,VII sinif sagirdlərinin  kimya, biologiya, fizika, riyaziyyat, texnologiya fənn müəllimləri ilə onlayn vebinar, daha sonra həmin məktəbin şagirdləri ilə 10 onlayn və 6 əyani formada təlimlər keçirildi.
 

Layihənin gözlənilən nəticələrinə uyğun olaraq, təlimi uğurla başa vurmuş şagirdlərimiz  öz dərslərində hər zaman STEAM ilə inteqrasiya şəklində, oyun və layihə əsaslı öyrənmədən  istifadə edəcəklər. STEAM metodologiyaları vasitəsi ilə istənilən sinifdə mövzu nə olursa- olsun, maraqlı öyrənməni reallaşdıra biləcəklər. İdeya, məlumatın araşdırılması, həll yolunun seçilməsi, planlaşdırma, təqdimat və qiymətləndirmə mərhələlərini asanlıqla tətbiq edəcəklər. STEAM bacarıqları sayəsində şagirdlər biliklərini bacarığa çevirə bildi, onlarda mühəndislik, incəsənət, memarlıq, texnologiya kimi həyati sahələrə maraq yarandı. STEAM təhsili sayəsində istedadlı şagirdlər uğurlu bir gələcəyə addım ataraq innovasiya, süni intellekt və robotlar dövrünə uyğun intellektual bacarıqlara yiyələndilər.  Düşünürəm ki, STEAM şagirdlərin  müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açacaq, uşaqları yeni biliklər qazanmağa sövq edəcək.

 

Oruc MUSTAFAYEV



01.04.2022 | 13:16