Elm Olimpinə yol açanlar

Məlumdur ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik yarışlarının  mühüm əhəmiyyəti var. Təhsil Nazirliyi tərəfindən  istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları neçə-neçə istedadın elm yolunda irəliləməsinə, tədqiqatçı kimi yetişməsinə və  uğurlu mütəxəssis kimi formalaşmasına vəsilə olmaqdadır. Təsadüfi deyildir ki,  son illərdə mötəbər elmi müsabiqələrdə  fərqlənmiş istedadlı gənclərimizin sorağı hazırda dünyanın nüfuzlu ali təhsil müəssisələrindən gəlir. Elm Olimpinə yol açanlardan biri də Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunda (KAIST)  təhsil alan Sirac Yəhyazadədir.

 

Tanıtım. 23 noyabr 2004-cü ildə Sumqayıt şəhərində  anadan olub. İbtidai təhsilini 26 nömrəli tam orta məktəbdə alıb, daha sonra imtahan verərək Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasına qəbul olub və  orta təhsilini  2021-ci ildə tamamlayıb.   
Sirac Yəhyazadəni  Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsinə aparan uğur yolu beynəlxalq olimpiadalardan başlayıb.  Bu barədə tələbəmiz özü danışır.
 

- Olimpiada ilə VII sinifdə tanış olmuşam. İlk olimpiada hazırlığıma Təhsil Nazirliyi tərəfindən təsis olunmuş olimpiada mərkəzində - Sumqayıtda, elə oxuduğum məktəbdə başlamışam. Müəllimim Bəxtiyar Bayramov bizi  həm də respublika fənn olimpiadalarına hazırlaşdırırdı, VIII sinifdə RFO- nun final mərhələsinə keçmədiyim üçün çox məyus olmuşdum. Bundan sonra hər şey öz qaydasında davam etdi və bir sıra beynəlxalq olimpiadalara qatıldım. 2019-cu ildə fizika üzrə respublika fənn olimpiadasında qızıl medala, eləcə də “Birincilərin birincisi”  nominasıyasına layiq görüldüm.  Beynəlxalq fizika olimpiadasından həvəsləndirici mükafat, Avropa Fizika Olimpiadasından (EuPhO 2021) isə bürünc medal qazanmışam.  Bundan əlavə, Meqapolis və  XVII Jautikov olimpiadalarında iştirak etmiş və onlardan bürünc medal almışam.

 

-  Beynəlxalq olimpiadaların həyatınızda rolunu necə qiymətləndirərdiniz?

- Olimpiadalar  mənim həyatıma hərtərəfli  müsbət təsir göstərdi. Öncəliklə bunu bildirim ki, olimpiada sualları çətin olur və güclü məsələ həlletmə (problem solving) və düşünmə (critical thinking) tələb edir. Olimpiada bu keyfiyyətləri məndə yaradan əsas amil oldu. Bu keyfiyyətlər vasitəsilə siz digər sahələrdə də uğur qazana bilərsiz, nəticədə elmi fənlər bir -birlərinə oxşardır. Yəni, olimpiada bir növ, özünə investisiyadır. Bundan əlavə,  universitet qəbulumda da mənə kömək edən faktor oldu.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Bunu necə izah edərdiniz?

- Məndən yaşca böyük olimpiada yoldaşlarım bu universiteti seçmişdi. Mən də nəticələrimin onlara oxşar olduğunu nəzərə alaraq buranı seçdim. KAIST - də yaxşı qiymətlər almaq çox çətindir, universitetin bu keyfiyyətini burada artıq oxuduqda anladım, yəni yüksək rəqabət var. Rəqabət isə bildiyimiz kimi, uğurda böyük rol oynayır. Akademik baxımdan KAIST yüksək səviyyəli universitetdir. Beynəlxalq reytinqlərdə ən  yüksək yerlər tutan universitetlər, ən yaxşı təhsil verən yox, ən yaxşı araşdırmalar aparan tədqiqat  universitetləridir.  Yəni, universitetin araşdırma baxımından imkanlarından faydalanmaq lazımdır. Hələ ki, heç bir araşdırmalarda iştirak etmədiyim üçün  KAIST-də tədqiqatlara cəlb olunmaq barədə  dəqiq məlumat verə bilmərəm. Amma araşdırma mövzusunda da xeyli  rəqabət var, professorlar öz araşdırma sahələri üzrə müxtəlif akademik  işlər nəşr etdirirlər.  

 

- İxtisasınız barədə nə deyə bilərsiniz? Seçdiyiniz ixtisas sahəsi sizin üçün nə dərəcədə prioritetdir?

-Mən KAIST-də iki ixtisas üzrə təhsil almaq istəyirəm - elektrik mühəndisliyi (kompüter və dalğa mühəndisliyi), kompüter elmləri. Çox vaxt fizika ilə məşğul olmuş gənclər universitet ixtisası kimi ya fizika, ya da  mühəndisliyi seçirlər. KAIST mühəndislik universitetidir və bu sahədə dünyanın ən yaxşılarından hesab olunur. Məhz buna görə də mühəndisliyi seçmişəm.  Kompüter elmlərini seçməyimdə əsas məqsədim isə elektrik mühəndisliyini kompüter mühəndisliyi ilə əlaqəli öyrənməkdir. Düşünürəm ki,  bu iki sahəni eyni anda öyrənmək elmi biliklərimə, dünyagörüşümə daha çox fayda verəcək.  

 

- Hazırda dərsləriniz necə keçir?

- Artıq bir semestrimi online şəkildə başa vurmuşam. Götürdüyüm dərslər laboratoriya dərsləri olmadığından, məncə, online və ənənəvi formatlar arasında fərq olmadı. Necə deyərlər, oxuyan hər yerdə oxuyar! Online mühitdə oxumaq bir qədər çətin olduğundan bəzi dərslər “ABCD” (ballar üzrə) qiymətləndirmə əvəzinə,  “kifayət/ kifayət deyil” qiymətləndirmə üsulundan istifadə edilməklə dəyərləndirildi, bu nəticələr isə ümumi qiymətə təsir etmirdi (GPA).
 

- Daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir?

- Hazırda dərslər hibrid təşkil olunur. Buna səbəb pandemiyadan əlavə, viza ala bilməmiş digər əcnəbi tələbələrin tədrisinin təşkili ilə bağlı problemlərdir. Pandemiya ilə əlaqədər bəzi ölkələrdə viza problemləri yaşanır. Universitetimizdə lazım olan hər bir texnologiya var. Siz, məsələn mühəndislik proyekti üçün 3D printerdən istifadə etmək istəyirsinizə, onu asanlıqla əldə edə bilərsiniz.


- Sizin üçün uğur formulu nədir, uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

- Öz uğurumun həvəsimdən qaynaqlandığını deyə bilərəm. Daha böyük uğurlar üçün isə təhsildə davamlılıq danılmazdır. Mənim nümunəmdə isə davamlılığımı pozan bir- iki faktor oldu, ali məktəbə qəbul üçün lazım olan bir sıra imtahanlara hazırlaşmaq və sairə.  Hədəflərə çatmaqda davamlı öyrənmə ən vacib və mühüm amildir. Bir il davamlı surətdə oxumaq, fikrimcə, bir neçə il müəyyən aralıqlarla oxumaqdan daha effektivdir. Yeni bir yola başlayanda, mənə hər zaman təkan lazım olub, bu təkanı təmin edən isə müəllimlərim idi.
 

-Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var?

- Olimpiada hazırlığında davamlılıq şərtdir.  Buna hər sinifdə başlamaq olar. Mənim fikrimcə, 9-cu sinif ən ideal vaxtdır. Çünki  IX  sinfə qədər dil bacarıqlarını və s. inkişaf etdirmək daha önəmlidir. Belə olduqda şagird artıq hazırlığın ortasında ingilis dili öyrənməli olmayacaq. Onu da qeyd edim ki, ingilis dilini bilmək olimpiadada çox böyük rol oynayır.  Çünki olimpiadalara hazırlaşmaq  üçün ingilis dilində  saysız qədər mənbə var və onlardan faydalanmaq üçün dil bilikləri tələb olunur.  

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Fikirlərimin tez-tez dəyişdiyini bildiyimdən gələcək üçün hələ dəqiq bir istiqamət yoxdur, hazırda məqsədim universiteti yaxşı qiymətlərlə  bitirməkdir.

 

Oruc MUSTAFAYEV



02.03.2022 | 17:12