Rəqabətli ali təhsil yolunda

 

İki il əvvəl  Azərbaycanın ali təhsil sistemində çox mühüm hadisələrdən biri baş verdi.  Prezident İlham Əliyev tərəfindən 2018-ci il noyabrın 16-da imzalanmış  sərəncamla  təsdiq olunmuş  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ilk mütərəqqi addım atıldı. Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) arasında Təhsil və insan kapitalının inkişafı ixtisası istiqamətində  beynəlxalq ikili diplom proqramının imzalanması  ilə ölkəmiz və ali təhsilimiz üçün çox uğurlu bir təşəbbüsün reallaşdırılmasına start verildi. ADPU və Corc Vaşinqton Universitetinin  Təhsil və insan kapitalının inkişafı ixtisasına gənclərimizin qəbulu həyata keçirildi və artıq bu gənclər təhsillərinin ikinci ilini yaşayırlar. 

 

“Azərbaycan müəllimi” olaraq  rəqabətli ali təhsilimizin təmin edilməsinə öz töhfələrini verəcək gənclərlə təhsilləri, beynəlxalq ikili diplom proqramının üstünlükləri barədə söhbətləşdik.
 

“Çox sevinirəm ki, professional şəxslərlə birgə təhsil alıram”

 

Şəms  Səfərəliyeva bakalavr təhsilini  Azərbaycan Dillər Universitetində alıb. Hazırda CVU və ADPU ikili diplom proqramının 2-ci kurs magistratura tələbəsidir.

 

- Proqramda tədris edilən fənlər bizim təhsil siyasəti, təhsildə liderlik istiqamətində inkişafımıza kömək edir. Bizim proqramın formatı digər magistr proqramlarından kifayət qədər fərqlidir. Belə ki, biz hər ay bir və ya iki fənn keçirik. Bir fənnin bütün tapşırıqlarını verdikdən sonra digər fənnə başlayırıq. Bu,  bizə bir mövzunu dərindən öyrənməyə imkan verir. Dərslərdə uğurlu olmaq üçün qrup işləri, proyektlər və yeni ideyalar üzərində işləyirik. Qiymətləri də elə imtahanlar vasitəsilə yox,  bu tip tapşırıqlar sayəsində alırıq. Beləcə, bizim komanda ilə işləmək bacarığımız inkişaf edir.  Bu proqramı mənə sevdirən ən əsas cəhətlərdən biri verdiyi geniş professional network-dur , yəni şəbəkədir. Sevinirəm ki, təhsilin müxtəlif sahələrində illərdir, təcrübə qazanmış peşəkar  şəxslərlə birgə təhsil alıram. Corc Vaşinqton Universitetinin kitabxanası, yazı mərkəzi və başqa çoxlu maddi-texniki bazasından istifadə etmək imkanı bizə dərslərimizdə daha çox uğur qazanmağa kömək edir. Hazırda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsində çalışıram. Düşünürəm ki, dərslərdə öyrəndiklərim iş həyatımda da uğur qazanmaqda rol oynayacaq. Çünki biz dərslərimizdə real həyatdakı problemlər üzərində işləyirik. Məsələn, ilk dərsimiz olan “Education Policy Design” – “Təhsil Siyasətinin Dizaynı” fənnində bizə tapşırıq kimi Azərbaycan  təhsil sistemini tənzimləyən qanun layihələrindən birinin təhlili verilmişdi. Belə tapşırıqlar bizə həm də öz potensialımızı kəşf etməkdə, ölkəmizin təhsil sistemini daha dərindən öyrənməkdə yardımçı olur.

 

 

“Proqram mənim üçün xüsusi önəm kəsb edir”

 

Emiliya Əhmədova Təhsil və insan kapitalının inkişafı ixtisası üzrə beynəlxalq ikili diplom proqramının 2-ci kursunda təhsil alır.

 

- Proqramın ali təhsil sisteminin daha da inkişafına töhfə verəcək ixtisaslı kadrlar yetişdirəcəyinə əminəm. Proqram çərçivəsində təhsilin idarə edilməsi, təhsil siyasəti, proqram qiymətləndirilməsi, data analizi, kəmiyyət və keyfiyyət araşdırmaları, qiymətləndirmə metodları kimi bir sıra önəmli istiqamətlər üzrə dərin biliklər öyrədilir. Proqram çərçivəsində beynəlxalq təcrübənin yerli mühitdə öyrənilməsi, komanda mühitində yerli çağırışlara həll yollarının axtarılması, yerli və xarici müəllimlərin nümunəsində tədris ilə tanışlıq və öz təcrübəmdə tədrisdən irəli gələn məsələlərə fərqli baxış bucağının öyrənilməsində proqramın əhəmiyyəti önəmlidir. Bu baxımdan, proqram yeni nəsil təhsil idarəçilərinin formalaşmasında mühüm bir vasitə olmaqla təhsil sisteminə yeni nəfəs gətirmək hədəfini daşıyır. Bu kontekstdə proqramın əsas məqsədlərindən biri də təhsilin keyfiyyətinə məhz təhsildə idarəetmə sisteminin təkmilləşdirilməsi ilə nail olmaqdır. Mən də bu keyfiyyət dəyişikliyinə öz töhfəmi verməkdə qərarlıyam.
 

 

Azərbaycan Dövlət İqtisad Universitetində  8 il pedaqoji fəaliyyətlə məşğul olduğumu və gələcək karyeramı təhsil sferasında davam etdirməyi planlaşdırdığımı nəzərə alaraq, bu proqram mənim üçün xüsusi önəm kəsb edir. Tədris aparan şəxs kimi qeyd olunan ixtisası seçməkdə əsas hədəfim akademik mühitdəki fəaliyyətimdən irəli gələrək təhsilin idarəolunması və təhsil siyasəti üzrə ixtisaslaşaraq bu istiqamətlərin ölkəmizdə daha da inkişaf etdirilməsinə əlavə dəyər verməkdir. Müəllim işləməyim və auditoriyada tələbələrlə  ünsiyyətdə olmağım onların istək, problem və gözləntilərini yaxından anlamağım baxımından mənə çox böyük üstünlük verib. Eyni zamanda, bir müəllim olaraq ümumilikdə ali təhsil sisteminin necə fəaliyyət göstərdiyini, güclü və inkişaf etdirməli olduğumuz cəhətlərini daha yaxından görə və anlaya bilirəm. Bu baxımdan, ikili diplom proqramında müxtəlif istiqamətlərdə əldə etdiyim biliklər və araşdırdığım xarici təcrübələrdən istifadə edərək fərqli məsələlər üzrə yeni siyasətlər təklif və tətbiq etməyi hədəf olaraq qarşıma qoymuşam.

 

“Dövlət Proqramı  mənim həm akademik, həm də peşəkar inkişafımda böyük rola sahibdir”

 

Ziyadxan Xankişizadə  ADA Universitetinin məzunudur. Hazırda CVU və ADPU ikili diplom proqramının 2-ci kurs magistratura tələbəsidir.

 

- Sözsüz ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali  təhsil sahəsində həyata keçirilən ən önəmli proqramlardan biridir. Bu proqramın əsas məqsədi Azərbaycan vətəndaşlarına nüfuzlu xarici universitetlərdə təhsil almaq imkanı verməklə bərabər, yerli ali təhsil müəssisələri ilə dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında ikili diplom proqramları həyata keçirərək istər proqramın tələbələrinin, istərsə də yerli ali təhsil müəssisələrinin müəllim və professorlarının xarici professorlarla yaxından işləməsi, dünya təcrübəsindən faydalanmasına böyük dəstək olmaqdır. 
 

Sözügedən Dövlət Proqramının tələbəsi olmaq, təbii ki, mənim həm akademik, həm də peşəkar inkişafımda böyük rola sahibdir. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universtetinin birgə həyata keçirdiyi Təhsil və insan kapitalının inkişafı ixtisası üzrə ikili diplom proqramı mənim Təhsil Nazirliyindəki peşəkar fəaliyyətimə, təhsilin idarəedilməsi sahəsində üstün bilik və bacarıqlara yiyələnməyimə, həmçinin sağlam düşüncəyə sahib olan bir fərd kimi inkişaf etməyimə böyük töhfə verib.  Düşünürəm ki, ümummilli liderimiz Heydər Əliyevin dediyi “Təhsil millətin gələcəyidir!” ifadəsi cəmiyyətimizin inkişafında rəhbər tutulacaq ən böyük missiyadır və bu proqramın tələbəsi və gələcəyin təhsil lideri olaraq mənim vəzifəm bu şərəfli missiyanın həyata keçirilməsinə öz töhfələrimi verməkdir.

   

 

“Qazandığım bilik və bacarıqların gələcəkdə peşəkar fəaliyyətimdə ciddi rolu olacağına inanıram”

 

Cavid Qulusoy bakalavr təhsilini 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində ingilis dili ixtisası üzrə alıb.  Daha sonra 2013-2016-cı illərdə Xəzər Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə   magistr proqramını tamamlayıb. Artıq yeddi ildir ki, təhsil sahəsində fəaliyyət göstərir. 2020-ci ildə ADPU və Corc Vaşinqton  Universitetinin ikili diplom magistratura proqramına qəbul olunub və hazırda proqramın ikinci ilində təhsil alır. 

 

- Ötən iki il ərzində proqramda qazandığım bilik və bacarıqların gələcəkdə peşəkar fəaliyyətimdə ciddi rolu olacağına inanıram. Şübhəsiz ki, bu proqramın ən böyük üstünlüyü Azərbaycanda peşəkar fəaliyyətinə başlamış və artıq müəyyən qədər oturuşmuş həyatı olan insanların öz gündəlik işlərindən uzaqlaşmadan eyni zamanda iki universitetdə təhsil ala bilməsidir. O şəxslərdən biri də mənəm. Bu proqram mənə təhsil müddəti ərzində öyrəndiyim bilik və bacarıqları paralel olaraq gündəlik işimdə tətbiq edə bilmək imkanı verdi ki, bu da ABŞ-a köçüb proqramı orada bitirməklə müqayisədə mənə daha çox şey qazandırdı.

 

İkinci, proqram ərzində öyrəndiyimiz bacarıqları qeyd etmək istəyirəm. Müasir insanın biliyə, məlumata əlçatanlığı o qədər rahat və asandır ki, bunun üçün universitetdə təhsil almağa artıq gərək yoxdur.  Qeyd olunan magistr proqramında da mənim əsas qazancım, şübhəsiz ki, bacarıqlar oldu. Digər qeyd edəcəyim məsələ proqramın mənə bu sahədə artıq uzun illərdir təcrübəsi olan şəxslərlə bir yerdə təhsil sahəsində müxtəlif mövzuları müzakirə etməyə şans verməsi oldu... 

 

Qeyd edək ki, ADPU və CVU  arasında imzalanmış müqaviləyə əsasən, Təhsil və insan kapitalının inkişafı  ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki ali məktəbin diplomunu əldə edə biləcəklər.

 

 

Oruc MUSTAFAYEV



17.02.2022 | 17:03